Nazirlikdəki yarım milyonluq yeyintiyə görə 43 il 6 ay həbs tələbi

Təqsirləndirilən şəxslərdən İ.Hacıyevin vəkili məhkəmə istintaqının yenilənməsi haqda vəsatət qaldırıb. Vəkil keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun məhkəməyə çağrılıb dindirilməsini istəyib.

Source: google.az


Hüseynqulu Bağırovun adı hallanan iş üzrə məhkəmə istintaqı yekunlaşdı

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun adı hallanan yarım milyonluq mənimsəmə işi ilə bağlı məhkəmə istintaqı başa çatıb. Prokuror bu iş üzrə təqsirləndirilən 5 nəfərə ümumilikdə 43 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Söhbət nazirliyin Hidrometeorologiya Departamentinin keçmiş rəhbəri Əkbər Həsənov, baş mühasib İlqar Hacıyev və departamentin üç əməkdaşı – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevdən gedir. Prokuror ayrı-ayrılıqda Ə.Həsənovun 10 il, İ.Hacıyevin 9 il, qalan 3 nəfərdən birinin 8 il 6 ay, digər ikisinin isə 8 il azadlıqdan məhrum edilməsini təklif edib.

Adları çəkilən beş nəfərdən yalnız sabiq baş mühasib həbsdədir. Digərləri barəsində ev dustaqlığı və polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Prokuror onların məhkəmə zalında həbs olunmasını istəyib.

Təqsirləndirilən şəxslərdən İ.Hacıyevin vəkili məhkəmə istintaqının yenilənməsi haqda vəsatət qaldırıb. Vəkil keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun məhkəməyə çağrılıb dindirilməsini istəyib.

Bu cinayət işində adları işçi kimi qeyd olunan, reallıqda isə işləməyən şəxslərin adlarına maaş kartlarına köçürülmüş vəsaitlərin mənimsənilməsindən bəhs olunur. İddia olunur ki, bu yolla 451 min manat yeyinti olub.

İş üzrə ümumilikdə 27 nəfər zərərçəkmiş qismində tanınıb. Onlar işçi kimi göstərilib və adlarına maaş kartları açılıb. Amma onlar məhkəmədə dindirilərkən özlərini zərərçəkmiş hesab etmədiklərini, onlara ziyan dəymədiyini bildiriblər.

Kartlar vasitəsilə mənimsənildiyi iddia olunan və dəymiş ziyan olaraq göstərilən 451 min manat da istintaq və məhkəmə dövründə ödənilib. Bunun 151 min manatını H.Bağırov, 300 min manatını isə təqsirləndirilən Ə.Həsənov ödəyib. Amma digər təqsirləndirilən İ.Hacıyev deyir ki, 300 min manatı da sabiq nazir verib.

Onun sözlərinə görə, departamentdə əlavə adamların adına maaş yazılıb kartlardan çıxarıldığını keçmiş nazir də bilirdi. Hər ay departament nazirə 10 min manat pul çatdırırdı: “2018-ci ildə prezident seçkilərinə hazırlıq ərəfəsində nazir Əkbər Həsənovun yanına çağırdı. Ondan 265 min pul istədi. Həmin məbləğin 215 mini Salyanda iki zavodun tikintisi üçün alınırdı. Nazir demişdi ki, 50 min də prezident seçkilərinə görə lazımdır. Əkbər Həsənov bunu mənə deyəndə bildirdim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Əkbər Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyiniz firmalardan birinin rəhbəri idi. Münasibətlərimiz də yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi.

Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını artırdıq. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir təyin edilsə, pulu tam qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı. Yeni nazir gələndə işlər qarışdı. Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük”.

Yeni nazir təyinatından sonra audit yoxlaması keçirilib, bu məsələlərin üstü açılıb. Onlardan tələb olunub ki, mənimsənilmiş məbləğ ödənilsin. İ.Hacıyevin sözlərinə görə, pulu qaytara bilmədiklərini görüb, Ə.Həsənovla birlikdə keçmiş nazirin qəbuluna gediblər: “Qərb Universitetinin qarşısında gözlədik, amma bizi qəbul eləmədi. Sonra Hüseynqulu Bağırovun mətbuatdakı işlərinə baxan bir nəfərlə görüşdük. Mətbuata müraciət edəcəyimizi bildirdik. Bundan sonra Hüseynqulu Bağırovun vəkili bizimlə əlaqə saxladı. Həmin məbləği də Hüseynqulu Bağırov verdi. Əkbər Hüseynqulu Bağırovun verdiyi 300 mini öz adından ödədi…”

Sabiq nazir isə vəkili vasitəsilə mediaya açıqlamasında bildirib ki, nazirlikdə saxta işçi siyahısı və yeyintidən xəbəri olmayıb. Onunla bağlı deyilənləri böhtan adlandıran vəkil keçmiş baş mühasibi məhkəməyə verib. Lakin məhkəmə H.Bağırovun şikayətini icraata götürməyib. Məhkəmə qərarında göstərib ki, İ.Hacıyev bu fikirləri məhkəmə prosesində səsləndirdiyinə görə onun böhtan ittihamıyla xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil.

Ana səhifəSiyasətNazirlikdəki yarım milyonluq yeyintiyə görə 43 il 6 ay həbs tələbi