“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Şuşada “Zərgər Məmmədin evi” kimi tanınan yaşayış evinin əsaslı təmiri və bərpasına təxminən 1,4 milyon manat xərcləyəcək.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, Şuşa şəhəri, Sadıqcan küçəsi, giriş 8 ünvanında yerləşən evin təmiri ilə bağlı tenderin qalibi “Aqroman” MMC olub.
Şirkətlə Qoruq İdarəsi arasında 1 milyon 379 min 100 manatlıq satınalma müqaviləsi imzalanıb. Tender çərçivəsində Zərgər Məmmədin evinin əsaslı təmiri və bərpası nəzərdə tutulur.
“Aqroman” MMC 2020-ci ildə yaradılıb. Cəmi 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Müzadil İlqar oğlu Rəfiyevdir.
Müzadil Rəfiyev xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qardaşıdır.
Dövlət satınalmaları portalındakı məlumatların araşdırılması göstərir ki, “Aqroman” MMC 2023-cü ildən bu yana müxtəlif dövlət qurumları ilə 15 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin ümumi dəyəri 16 milyon 124 min 129 manat 29 qəpikdir.
Şirkətin ən iri dövlət sifarişlərindən ikisi Xocalının Xanabad kəndində yaşayış evlərinin təmiri ilə bağlı olub. “Aqroman” bu işlər üçün 5 milyon 841 min və 2 milyon 724 min manatlıq müqavilələr əldə edib. Hər iki satınalma bir mənbədən həyata keçirilib.
Şirkət bundan başqa Şuşada binaların sökülməsi, abadlıq, səki və istinad divarlarının təmiri, Ağdamda isə tikinti sahəsinin hazırlanması ilə bağlı dövlət sifarişləri alıb.
Meydan TV daha əvvəl “Aqroman” MMC və Müzadil Rəfiyevlə əlaqəli digər şirkətlərin dövlət satınalmalarını araşdırıb.
Araşdırmada qeyd olunurdu ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Müzadil Rəfiyevin əlaqəli olduğu “Laguna Group” MMC ilə də müqavilələr bağlayıb. “Şuşa simpoziumu”, Xivə və Əbu-Dabidə keçirilən “Şuşa günləri” də daxil olmaqla, dörd müqavilə üzrə şirkətə 613 min manatdan çox vəsait ödənilib.
“Laguna Group”un hüquqi ünvanının nazir müavini Yalçın Rəfiyevin rəsmi qeydiyyatda olduğu mənzillə üst-üstə düşdüyü, şirkətin əvvəlki qanuni təmsilçisinin də onun qohumu olduğu müəyyənləşdirilmişdi.
Müzadil Rəfiyev Meydan TV-yə əvvəlki açıqlamasında qardaşı Yalçın Rəfiyevin bu şirkətlərlə əlaqəsinin olmadığını bildirmişdi.