Nazir müavini ilə əlaqəli olan şirkətin ümumilikdə 18.4 milyon manatlıq dövlət sifarişləri

Xarici işlər naziri Ceyhun Bayramov və müavini Yalçın Rəfiyev – Mənbə: Chatgpt

Xaricdə yaşayan din xadimlərinin Azərbaycana gətirilməsindən Şuşa və Xankəndidə bayram tədbirlərinə qədər uzanan müqavilələr, bir mənbədən satınalmalar, eyni ünvanda kəsişən ailə və biznes əlaqələri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu xaricdə yaşayan Azərbaycan əsilli din xadimlərinin ölkəyə səfərini təşkil etmək üçün xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə eyni ünvanda qeydiyyatda olan “Laguna Group” MMC ilə 122 min 180 manat 23 qəpiklik müqavilə bağlayıb.

Dövlət Satınalmalarının Vahid İnternet Portalında yerləşdirilən məlumatda göstərilir ki, səfər çərçivəsində 52 din xadiminin Azərbaycana gətirilməsi nəzərdə tutulub. Onların 32-si Türkiyədən, 10-u Gürcüstandan, 5-i Rusiyanın Dağıstan bölgəsindən, daha 5-i isə İraqdan gələcək.

Beləliklə, müqavilənin ümumi məbləğini iştirakçıların sayına böldükdə hər din xadiminin səfəri üçün büdcədən orta hesabla 2 min 349 manat 62 qəpik ayrıldığı görünür. Lakin satınalma məlumatında bu məbləğin aviabilet, yerləşdirmə, qidalanma, yerli nəqliyyat və digər xidmətlər arasında necə bölüşdürüldüyü açıqlanmır.

Bu, “Laguna Group”un dini qurumlarla ilk əməkdaşlığı deyil. Şirkətin son illərdə qazandığı satınalmaların təhlili göstərir ki, dövlətin dini siyasətini həyata keçirən qurumlar “Laguna Group”un əsas sifarişçilərindən birinə çevrilib.

Dini tədbirlər üçün 1,2 milyon manat

2024-cü ilin noyabrında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mərakeşin Rabat şəhərində keçirilən “Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi” adlı beynəlxalq konfrans və “Ortaq bəşər, müxtəlif dinlər” fotosərgisinin təşkili üçün “Laguna Group”la 199 min 872 manatlıq müqavilə bağlayıb. Satınalma açıq tenderlə deyil, bir mənbədən həyata keçirilib.

2025-ci ilin fevralında Mənəvi Dəyərlərin Təbliği Fondu Türkiyə və Gürcüstanda Ramazan iftarlarının təşkili işini də eyni şirkətə həvalə edib. 198 min 948 manatlıq bu müqavilə də bir mənbədən satınalma üsulu ilə bağlanıb.

Həmin ilin sentyabrında Fond “mənəvi və dini dəyərlər sahəsində maarifləndirici tədbirlərin təşkili” üçün “Laguna Group”la daha 547 min 157 manat 62 qəpiklik müqavilə imzalayıb. 2026-cı ilin iyununda isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumu rəhbərlərinin ilk görüşü ilə bağlı 129 min 876 manat 70 qəpiklik sifarişi şirkətə verilib. Sonuncu müqavilə də bir mənbədən bağlanıb.

Din xadimlərinin yeni səfəri ilə bağlı 122 min 180 manat 23 qəpiklik müqavilə də nəzərə alındıqda, “Laguna Group”un yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondundan aldığı sifarişlərin ümumi məbləği 1 milyon 198 min 34 manat 55 qəpiyə çatır.

Bu, şirkətin araşdırılan dövrdə dövlət qurumlarından aldığı ümumi vəsaitin təxminən dörddəbirinə bərabərdir.

25 müqavilə, 16 dövlət qurumu

Meydan TV-nin Dövlət Satınalmalarının Vahid İnternet Portalından götürülmüş məlumatları təhlil etməsi nəticəsində “Laguna Group”un 2023-cü ilin oktyabrından 2026-cı ilin iyulunadək ən azı 24 satınalma müqaviləsi əldə etdiyi müəyyənləşib.

Bu müqavilələrin ümumi məbləği 4 milyon 517 min 79 manat 85 qəpikdir. Din xadimlərinin səfəri üçün bağlanan sonuncu, 122 min 180 manatlıq müqavilə də əlavə edildikdə şirkətin dövlət sifarişlərinin sayı ən azı 25-ə, ümumi məbləği isə 4 milyon 639 min 260 manat 8 qəpiyə yüksəlir. Hesablama təqdim edilən tender məlumatlarındakı bütün müqavilələr əsasında aparılıb.

Sifarişçilər arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, AZPROMO, “AzInTelecom”, Ali Məhkəmə, Quba Rayon İcra Hakimiyyəti, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Qarabağ Dirçəliş Fondu və müxtəlif elmi institutlar var.

Portal çıxarışında olan 24 müqavilənin 13-ü açıq tender, 7-si bir mənbədən satınalma, 4-ü isə kotirovka üsulu ilə bağlanıb. Bir mənbədən verilən sifarişlərin ümumi məbləği 1 milyon 712 min 348 manat 99 qəpikdir. Bu da çıxarışdakı müqavilələrin ümumi maliyyə dəyərinin təxminən 38 faizini təşkil edir.

Tenderlərin yarıya yaxını Qarabağla bağlıdır

“Laguna Group”un dövlət sifarişlərində Qarabağla bağlı qurumların xüsusi çəkisi diqqət çəkir. Təhlil edilən məlumatlarda Şuşa, Xankəndi, Ağdərə, Xocalı, Cəbrayıl, Qubadlı və Zəngilanla əlaqəli ən azı 9 müqavilə var.

Bu müqavilələrin ümumi dəyəri 1 milyon 988 min 142 manat 66 qəpikdir. Başqa sözlə, dövlət sifarişlərinin təxminən 43 faizi Qarabağla bağlı qurumların payına düşür.

Ən böyük müqavilə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” tərəfindən verilib. Qurum 2025-ci il ərzində bayram tədbirlərinin keçirilməsi üçün “Laguna Group”la 650 min 156 manat 40 qəpiklik müqavilə bağlayıb.

Eyni qurum 2024-cü ilin sonunda Xankəndidə Yeni il yarmarkası, konsert proqramı, atəşfəşanlıq və Xocalının bəzədilməsi üçün şirkətə 449 min 845 manat 50 qəpik ödəyib. Müqavilə bir mənbədən satınalma üsulu ilə bağlanıb. Bundan əvvəl Xankəndidə 8 Noyabr – Zəfər Günü ilə bağlı konsert və atəşfəşanlıq üçün də “Laguna Group”a 139 min 889 manatlıq birbaşa sifariş verilmişdi.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də şirkətin davamlı sifarişçilərindəndir. İdarə “Şuşa simpoziumu”, Özbəkistanın Xivə şəhərində və Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Şuşa günləri” daxil olmaqla dörd müqavilə üzrə “Laguna Group”a ümumilikdə 613 min manatdan artıq vəsait ödəyib.

Nazir müavininin qeydiyyatda olduğu ünvan

“Laguna Group” MMC 2017-ci il fevralın 15-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 102-dir. Hazırkı qanuni təmsilçisi Ramil Əsgər oğlu Əsgərovdur.

AbzasMedia-nın 2024-cü ildə dərc etdiyi araşdırmaya görə, həmin ünvan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəsmi qeydiyyatda olduğu mənzildir. “Laguna Group” təsis ediləndə şirkətin qanuni təmsilçisi Yalçın Rəfiyevin bibisi oğlu Ərtoğrul Qarayev olub. Daha sonra onu Ramil Əsgərov əvəz edib.

Araşdırmada bildirilir ki, “Laguna Group” “Laguna Travel” brendi altında fəaliyyət göstərib. Brend də eyni ünvanda rəsmiləşdirilib, qeydiyyatı isə Yalçın Rəfiyevin qardaşı Müzadil Rəfiyev aparıb. Həmin mənzildə turizm və aviabilet xidmətləri göstərən “MY VİNGS” MMC də qeydiyyatdan keçib. Bu şirkətin qanuni təmsilçisi də Müzadil Rəfiyev olub.

Yalçın Rəfiyev hazırda xarici işlər nazirinin müavinidir. Xarici İşlər Nazirliyinin rəsmi bioqrafiyasında onun 2014-2016-cı illərdə Avstriyadakı Beynəlxalq Antikorrupsiya Akademiyasında “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” proqramında magistr təhsili aldığı göstərilir.

Müzadil Rəfiyev AbzasMedia-ya açıqlamasında qardaşının şirkətlərlə əlaqəsinin olmadığını deyib. O, “Laguna Group”u dostlarından biri ilə birlikdə təsis etdiyini, Yalçın Rəfiyevin isə sənədlərdə göstərilən mənzildə yaşamadığını bildirib. Onun sözlərinə görə, nazir müavini yaşadığı evin mülkiyyət sənədi hazır olmadığı üçün köhnə ünvanda qeydiyyatda qalıb.

Müzadil Rəfiyev dövlət qurumları ilə əməkdaşlıqdan danışarkən bəzi müqavilələrin formal tender keçirilmədən, qurumların bir neçə şirkətdən qiymət təklifi alması yolu ilə bağlandığını da söyləyib. O, 2017-ci ildən etibarən 12-13 dövlət qurumu ilə işlədiyini bildirib. Xarici İşlər Nazirliyi isə AbzasMedia-nın şirkətlərin Yalçın Rəfiyevlə mümkün əlaqəsi və nazir müavininin tender nəticələrində rolunun olub-olmaması barədə suallarını cavablandırmayıb.

Şirkətin hüquqi ünvanının yüksək vəzifəli məmurun qeydiyyatda olduğu mənzillə üst-üstə düşməsi, şirkətin ilkin təmsilçisinin həmin məmurun qohumu olması və daha sonra müxtəlif dövlət qurumlarından ardıcıl sifarişlər alması ictimai maraq doğuran hallardır.

Müzadil Rəfiyevin şirkət və tender müqavilələri

Müzadil Rəfiyevin dövlət satınalmaları ilə əlaqəsi yalnız “Laguna Group”la məhdudlaşmır. Dövlət Vergi Xidmətinin məlumatlarında o, 10 manat nizamnamə kapitalı olan “Aqroman” MMC-nin qanuni təmsilçisi kimi göstərilir. Xəzər rayonu, Heybətqulu Məmmədbəyli küçəsi, ev 8 ünvanında qeydiyyatda olan şirkət 2023-2025-ci illərdə 13 dövlət müqaviləsi üzrə ümumilikdə 13 milyon 775 min 654 manat 69 qəpik sifariş alıb. Bu məbləğin 10 milyon 340 min 828 manat 68 qəpiyi təkcə 2025-ci ildə bağlanan səkkiz müqavilənin payına düşür. 

Ən böyük iki sifariş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” tərəfindən Xocalının Xanabad kəndində yaşayış evlərinin təmiri üçün verilib: 5 milyon 841 min 400 manat 67 qəpik və 2 milyon 724 min 652 manat 87 qəpik dəyərində olan hər iki müqavilə bir mənbədən satınalma üsulu ilə bağlanıb.

 “Aqroman” Şuşada binaların sökülməsi, abadlıq, səki və istinad divarlarının təmiri, Ağdamda tikinti sahəsinin hazırlanması kimi işlər üzrə də dövlət sifarişləri alıb. Beləliklə, “Laguna Group”la bağlılığı barədə açıqlama verən Müzadil Rəfiyevin təmsil etdiyi digər şirkətin də əsas sifarişçiləri sırasında Qarabağda fəaliyyət göstərən dövlət qurumlarının olması diqqət çəkir.

Ramil Əsgərovun təmsil etdiyi digər şirkətlər

Meydan TV-yə təqdim edilən və Dövlət Vergi Xidmətinin məlumatlarına əsaslandığı göstərilən biznes çıxarışında Ramil Əsgərov üç şirkətin qanuni təmsilçisi kimi qeyd olunur.

Bunlar “Laguna Group”la yanaşı, “Pilot Tour” MMC və “Online Conference Services” MMC-dir.

Eyni şəxsin üç şirkəti təmsil etməsi həmin şirkətlərin eyni təsisçiyə və ya benefisiar sahibə məxsus olduğunu təsdiqləmir. Bununla belə, hər üç şirkətin turizm, səfər və tədbirlərin təşkili sahəsinə yaxın adlar daşıması onların fəaliyyəti, müştəriləri və dövlət satınalmalarında iştirakı barədə əlavə araşdırmaya ehtiyac yaradır.

Vergi borcu olan şirkətə yeni sifariş

Dövlət Vergi Xidmətinin məlumatlarına görə, “Laguna Group”un dövlət büdcəsinə hazırda 5 min 272 manat 64 qəpik vergi borcu var.

Açıq məlumatlardan borcun hansı tarixdə yarandığı, satınalma təklifi verilən zaman mövcud olub-olmadığı və şirkətin müsabiqədə təqdim etdiyi vergi sənədlərində necə əks etdirildiyi bilinmir.

Nəticədə, 10 manat nizamnamə kapitalı olan və vergi borcu görünən şirkət 52 din xadiminin ölkəyə səfərini təşkil etmək üçün daha bir dövlət sifarişi əldə edib. Şirkətin 2023-cü ildən bəri qazandığı müqavilələrin coğrafiyası isə din xadimlərinin səfərindən beynəlxalq biznes forumlarına, Şuşa simpoziumundan Xankəndidə atəşfəşanlığa, elmi konfranslardan dövlət qurumlarının korporativ tədbirlərinə qədər uzanır.

“Laguna Group”un hansı meyarlarla qalib seçildiyi, şirkətin vergi borcu satınalma müqaviləsi zamanı nəzərə alınıb-alınmadığı və dövlət qurumlarının eyni şirkətlə ardıcıl müqavilələr bağlayarkən onun faktiki resurslarını və əlaqələrini necə qiymətləndirdiyi vacib suallar doğurur.

Ana səhifəAraşdırmaNazir müavini ilə əlaqəli olan şirkətin ümumilikdə 18.4 milyon manatlıq dövlət sifarişləri