Müxalifətçilər Rəsulzadənin abidəsini növbə ilə ziyarət ediblər

“Birinci Müsavat Partiyasının başqanı Arif Hacılı, müavini Razim Əmiraslanlı və təşkilat üzvləri ilə ziyarət etdi, ardınca AXCP sədri Əli Kərimli, Milli Şuranın sədr müavinləri Gültəkin Hacıbəyli, Tofiq Yaqublu Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etdilər”.

Source: Specify Source


Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 137-ci ildönümüdür.

Bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi AXC-nin qurucularından Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarını ziyarət edib.

Bu barədə “Azərtac” məlumat yayıb.

Bu gün müxalif partiyalar-Müsavat və Xalq Cəbhəsi Bakının Novxanı kəndində Rəsulzadənin abidəsini ziyarət ediblər.

Ziyarətçilərin Meydan TV-yə bildirdiyinə görə, abidəyə qədər Daxili İşlər Nazirliyi 3 polis postu qurub:

“Səbəb kimi pandemiya göstərilib. Ona görə 5 nəfərdən çox müxalifətçini ziyarətə buraxmırdılar. Hətta jurnalistlərə də heykəlin olduğu əraziyə keçməyə icazə vermədilər. Birinci Müsavat Partiyasının başqanı Arif Hacılı, müavini Razim Əmiraslanlı və təşkilat üzvləri ilə ziyarət etdi, ardınca AXCP sədri Əli Kərimli, Milli Şuranın sədr müavinləri Gültəkin Hacıbəyli, Tofiq Yaqublu Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etdilər”.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1917-ci ilin payızında Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurası yaranıb. Səsçoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib. 1918-ci il mayın 28-də Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalından sonra həbs olunub. Az sonra bolşevik Rusiyasının rəhbərlərindən İ.V.Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Tarixi mənbələrə görə, Stalinin təkidlərinə baxmayaraq, M.Ə.Rəsulzadə sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib və Əsri qəbristanında dəfn olunub.

1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Ana səhifəSiyasətMüxalifətçilər Rəsulzadənin abidəsini növbə ilə ziyarət ediblər