Münaqişələrin tipologiyası

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi. Foto: evan_huang/shutterstock

Zərdüşt Əlizadə

Yeni hərbi toqquşma bizim qələbəmizi dövlətin məğlubiyyətinə çevirə bilər

Azərbaycan-Ermənistan sərhədində baş vermiş son silahlı toqquşma iki qonşu dövlət arasında münaqişənin hələ də sona yetmədiyini, bu münaqişədən bəhrələnmək istəyən daxili və xarici qüvvələrin hələ də kifayət qədər təsirli imkanlara malik olduğunu aşkar nümayiş etdirdi.

Şübhə yoxdur ki, Paşinyan hökuməti Azərbaycanla genişmiqyaslı silahlı əməliyyatlardan yayınmağa çalışır, çünki növbəti qarşıdurmada basılacağını bilir və əmindir ki, 2020-ci il müharibəsindən sonra hakimiyyətə gəlmək üçün bütün dinc siyasi vasitələrdən istifadə edib uğursuzluğa düçar olmuş Rusiyayönlü müxalifət növbəti məğlubiyyətdən, əgər olarsa, istifadə edib Qarabağ köçkünlərinin cəlb edildiyi mitinqlərin müşayiəti ilə silahlı çevrilişə əl ata bilər.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bu gerçək ehtimalı nəzərdə tutub inamla deyə bilərik ki, 2024-cü il 12 fevral tarixli sərhəddəki silahlı təxribatı Paşinyan hökuməti deyil, bu hökuməti devirmək istəyən və erməni ordusu daxilində tərəfdarları qulluq edən, şərti olaraq “Qarabağ mafiyası” adlandırılan müxalifət təşkil etmişdir. Silahlı toqquşmadan sonra Paşinyanın əmri ilə erməni ordusunun Baş Qərargah rəisinin müavininin vəzifəsindən azad edilməsi bu ehtimalı təsdiqləyir.

Azərbaycan tərəfinə də yeni geniş hərbi əməliyyat əsla xeyirli deyil, əksinə, yeni hərbi toqquşma bizim qələbəmizi dövlətin məğlubiyyətinə çevirə bilər. Onsuz da Cənubi Qafqazda əlverişli erməni alətinin əldən çıxması ilə heç cür barışmaq istəməyən xarici qüvvələr minbir oyundan çıxırlar ki, Azərbaycana ləkə yaxsınlar. Lakin alınmır, bütün uydurma ittihamlara Azərbaycan bircə təkzibedilməz dəlillə cavab verir: “Biz beynəlxalq qanuna uyğun olaraq öz ərazimizi işğaldan azad etmişik”.

İndi təsəvvürünüzə gətirin ki, yeni silahlı qarşıdurma zamanı Azərbaycan, bəzi sərsəm xəyalpərvərlərin arzusuna uyğun olaraq, “Zəngəzur dəhlizini” işğal etdi. Paho-o! Nə gözəl fürsət! Dövlətimizin düşmənlərinə şahanə hədiyyə! Qərb və Qərblə əməli əməkdaşlığı bərpa etmək arzusu ilə yaşayan Rusiya Azərbaycana qarşı ardıcıl siyasi təqib və təzyiq kampaniyasına başlayacaqlar. Yadınıza “İraqın qanuni tarixi ərazisi olan Kuveytin müzəffər İraq ordusu tərəfindən azad edilməsi” əməliyyatını salın. Əvvəl İraqı beynəlxalq təşkilatlarda ittiham edən qərarlarla xortdan mövqeyinə qoydular, sonra bu xortdana layiqli cəza verəcək beynəlxalq koalisiya təşkil edildi, sonra İraq səmasında Qərb dövlətlərinin aviasiyası doyunca cövlan etdi və ölkəni xarabazara çevirdi. Ardınca təslim olmaq istəməyən Səddam Hüseynin ordusu darmadağın edildi. Sonra nə baş verdi, xatırlatmaq istəmirəm, Səddamın həbsindən və dara çəkilməsindən tutmuş bir milyon iraqlının qaçqına çevrilməsinə qədər, ölkənin viranə qalmasına qədər – bütün müsibətlər İraq xalqının başına gəldi.

İndi KİV səhifə və ekranlarında “qəhrəmanlıq” edən müharibə aşiqlərinə çağırış etmirəm, belə cahillərlə danışmağın xeyri yoxdur, sözüm savadlı və düşünməyi bacaran kəslərədir, bölgədə aparılan xəbis oyunu görüb düşmənə macal vermək lazım deyil.
“Sirkə nə qədər tünd olsa, öz qabını sındırar”.

Münaqişə və müharibə nə qədər xarici siyasət alətidirsə, bir o qədər də hakimiyyət naminə aparılan daxili siyasət mübarizəsində hədsiz təsirli alətdir. Kiyevdə ali hakimiyyət uğrunda oliqarxların apardığı çirkli ikinci Maydan hərəkatı zamanı Rusiya qan tökmədən, Krımı sakitcə işğal etdi. Maydan təxribatçılarının və cahillərinin köməyi ilə oliqarx  Yanukoviçi devirmiş yeni dələduz hakim oliqarx komanda Bankovaya küçəsində, prezident sarayında toplaşıb “nə etməli” sualını müzakirə etdi.

İki ehtimal var idi:

1. Heç nə etməmək, Krımı Rusiyaya müqavimətsiz təhvil vermək;

2. Krımda yerləşmiş Ukrayna ordu hissələrinə işğalçı rus ordusu ilə döyüşə başlamaq əmri vermək.

İkinci halda yeni komandanın hakimiyyətdə qalacağı sual doğururdu. “İnqilabçı” Poroşenko, Yatsenyuk, Turçinov və Timoşenko birinci ehtimalı seçdilər.

Məşhur bir kəlam var: müharibə və rüsvayçılıq arasında rüsvayçılığı seçən həm rüsvayçılığı, həm də müharibəni qazanır. Ukrayna oliqarxları indi bu gözəl ölkəni və xalqı viranə qoyan, məhvə sürükləyən müharibəni öz əndazəyə sığmayan acgözlükləri və kütlükləri sayəsində qazanıblar.

İstedadlı komediya ustası Vladimir Zelenski hakimiyyətə “Rusiya ilə sülh sazişi” şüarı ilə gəlmişdi. Ukrayna xalqı müharibə tərəfdarı olan Poroşenkoya yox, sülh tərəfdarı olan Zelenskiyə səs vermişdi. Seçkidə basılmış müharibə tərəfdarları “sülhə yalnız xain razı olar” bağırmağa başladılar. Pul oliqarxlarda, KİV onların tabeliyində. Zelenski Normandiya formatında Putinlə danışıqlara gedəndə ona gözətçi kimi DİN naziri quldur Avakovu qoşdular. Avakov danışıqları müşahidə edib Kiyevə, müharibə tərəfdarlarına sevinc müjdəsi verdi: “Zrada (xəyanət) yoxdur”.

Bu görüşdən sonra qəsbkar Rusiya müharibəyə ciddi hazırlaşmağa başladı. Ukraynada isə oliqarxlar ölkəni talamağı davam etdilər.

Ukrayna-Rusiya müharibəsinin başlamasının iki ili tamam olur. Müharibənin sonu görünmür. Hər iki dövlətin zəifləməsini istəyən xarici qüvvələr hədsiz razıdırlar.

Mən deyərdim, xoşbəxtdirlər.  Bu qüvvələrin tam xoşbəxtliyi üçün Azərbaycanla Ermənistan arasında yeni genişmiqyaslı müharibənin başlaması pis olmazdı.

Ana səhifəMənim FikrimcəMünaqişələrin tipologiyası