Möcüzə gözləyən əlil

Ukraynada millət necə mübarizdirsə, əlilləri də elədir.

Source:

Mən əlil arabasında oturmağa məcburam. Otən dəfə də yazmışdim – səhhətimə görə qış aylarında evdə oturmalı oluram. Amma havalar bir az isinən kimi evdə tapılmıram. Günümü açıq havada keçirirəm, imkanım olduqca hər yeri gəzirəm. Qışda daha çox kitab oxuyur, kinolara baxıram. Kitablar, filmlər mənə heç vaxt görmədiyim yerləri göstərir, bilmədiyim şeyləri öyrədir…

Əlill olmamışdan qabaq, 19 yaşıma qədər aktiv həyat tərzi keçirtmişəm. Uşaqlıqdan karate və sərbəst güləşə böyük maraq göstərmişəm. 6 il futbola getmişəm. 17 yaşımda Kapoeyra döyüş növü ilə tanış olmuşam və Azərbyacan Kapoeyra Fedarasiyasında təlimatçı vəzifəsinə qədər yüksəlmişəm.

19 yaşımda qəzaya düşdüm və əlil arabasında oturmağa məhkum oldum.

Fiziki məhdudiyyətlərimə baxmayaraq, məşqsiz və hərəkətsiz həyat tərzini qəbul edə bilmirəm. İtirdiyim sağlamlığı əldə etmək üçün hər gün fiziki hərəkətlər edirəm. Əlillər üçün ayrılmış bərpa və reabilitasiya mərkəzlərinə gedirəm. Düzdür orda bədən tərbiyəsi və digər müalicə terapiyaları ürəyimcə deyil. Personalın və instruktorların naşılığı ucbatından.

Bizim insanların əksəriyyəti necə tənbəldirsə, əlillərin çoxu da elə onlar kimidir. Bərpa mərkəzlərində tez-tez qəribə bir halın şahidi oluram. Ora müalicəyə gələnlərin çoxu naşı instruktorların gözündən pərdə asmaq üçün məşq görüntüsü yaradır, əslində isə heç nə eləmirlər. Onlar reabilitasiya mərkəzlərinə baş qatmaq və vaxt öldürmək niyyəti ilə gəlirlər. Görün, bu insanlar özlərinə qarşı necə laqeyddirlər.

Bəziləri içki və siqaret kimi pis vərdişlərə aludə olur. Bununla da fiziki məhdudiyyətlərini daha da çoxaldır. Toplum üçün, ən azından, özləri üçün daima yarasız olacaqları ilə barışırlar.

Hərşeyşünanslar bu fikirlərimə də bir qulp bağlayıb, yenə hər şeyi çatışmazlıqların üstünə atacaq. Halbuki elə əlillər tanıyıram, maddi imkanları çox yaxşıdır. Yaxınları ev şəraitində onların bərpa olması üçün unikal şərait yaradıb. Evlərinin bir küncünü əlillər üçün çox faydalı idman qurğu və avadanlıqları ilə təmin edib. Evə xüsusi terapiyalar üçün instruktorlar çağırırlar, xarici ölkələrə müalicələrə yollayırlar, amma bu əlillər ipə-sapa yatmır ki, yatmır.

Ukraynada sanatoriyada mülicə aldığım vaxtlarda ordakı əlillərin ruhən necə sağlam, fiziki aktivliyinin necə yüksək olduğunu gördüm. Ukraynada millət necə mübarizdirsə, əlilləri də elədir. Orda müalicə aldığım sanatoriyada bizim əlillərin bir çoxu özlərini ölkəmizdə olduğundan da pis aparır, sanatoruyanın qaydalarına riayət etmir, müalicələrə vaxtı-vaxtında girmək əvəzinə, günlərini avaraçılıqla keçirdirlər.

Alimlərin araşdırmasına görə, tənbəllik genetik fenomendir. Ümüd edirəm ki, yaxın gələcəkdə bütün toplumumuz, bu mənfi fenomeni tarixin uçqun dalanlarında buraxıb, əzmə-mübarizəyə başlayacaqlar.

Unutmayın ki, ən böyük itki – vaxt itkisidir. Millətimiz bunun fərqində deyil. Bir İran şairi deyib ki: ”Tənbəllik azad adamı kölə edər”. Bizim toplum hər sahədə tənbəldir, amma yatmaq məsələsində çox fəaldır. Millət olaraq, onsuz da böyük qəflət yuxusundayıq, bir də burda insan üçün gündəlik 7-8 saatlıq, normativ yuxunun həddini aşırıqsa, həqiqətən vəziyyətimiz çox acınacaqlıdır.

Cənubi Koreya, inkişaf etmiş sənaye və iqtisadiyyata malikdir. Dünyada gəmiqayırma, polad emalı, avtomobil, eloktron və eloktrotexnika istehsalına görə əsas yerlərdən birini tutur. Bu ölkənin vətəndaşlarının böyük əksəriyyəti sutkada 4 saat yatır. Artıq yatmağı vaxt itkisi hesab edirlər. Ömürlərini elm-texnologiyaya, xalqının sosial-iqtisadi inkişafına sərf edirlər. Dünyada ən sürətli internet Cənubi Koreyadadır. Amma bizim millət internetə vaxt öldürmək üçün girir, orda faydasız şeylərlə məşğul olur. Mütaliə etməyə guya səbri olmayan vətəndaşımız sosial şəbəkələrdən asılı vəziyyətə düşüb. Ömürlərini virtual olaraq sosial şəbəkələrdə keçirdirlər.

Təbii ki, yazdiğımı oxuyan insanların bəziləri Azərbaycanda Cənubi Koreya vətəndaşı üçün yaradılmış münbit şəraitin və resursların olmadığını deyəcək. Amma insanın uğur əldə etməsi üçün, elm əldə etməsi üçün, bir sözlə, hər tərəfli inkişafı üçün sehrli dünya olan kitablar var. İnsan hər gün mütailə etməklə oxuduğu kitabların sirrlərinə yiyələnir və nəticə olaraq, beynin hərəkəti ilə insan kamilliyə doğru gedir.

Bu, bizim hərşeyşünaslara çox pirimitiv görünə bilər. Misal üçün, deyə bilərəm ki, mənim çox hörmət etdiyim Harvard Universitetinin və Massaçusets Texnologiya İnstitutunun professoru, çin əsilli amerikalı Nelson Kianqa 5 yaşından etibarən gündə ancaq 3 saat yatar və gecələr 2-3 kitab bitirir. Ona 3 dəfə Nobel mükafatı təklif edilsə də, siyasi xarakterli mükafatdan imtina edib.

Bu uğurlara o, ancaq oxuduğu kitablar, çalışqanlığı, zəhməti sayəsində yüksəlib.



P.S. Əlillərin çoxu deyir, niyə məşq edək? Onsuz da ayağa durmayacağıq, əvvəlki kimi gəzə bilməycəyik. Amma unudurlar ki, hərəkət etməmək sidik kisəsində və böyrəklərdə daş əmələ gətirir. Ürək və qan- damar sisteminə mənfi təsir edir. Əzələlərdə atrofiya əmələ gətirir. Nəticədə əlilin fiziki məhdudiyyətləri daha da artir.



Bəzi əllillər də var ki, oturub, dua edir, möcüzə gözləyirlər. Mübarizə aparmırlar.

Ana səhifəMənim FikrimcəMöcüzə gözləyən əlil