Mingəçevirdə Qarabağ qazisi intihar edib

Foto: Meydan TV

Prokurorluq intiharın səbəblərinin araşdırıldığını deyir

Mingəçevirdə İkinci Qarabağ müharibəsi iştirakçısının intihar etdiyi bildirilir.

Bu barədə məlumatı Meydan TV-yə Mingəçevir Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Seymur Hidayətov verib.

Onun sözlərinə görə, 1997-ci il təvəllüdlü Mircavad Hidayət oğlu Hacıyevin nəşi aprelin 17-də kirayə yaşadığı evdə tapılıb.

Dünən günorta bizə məlumat çatdı ki, qazimiz Mircavad Hacıyev vəfat edib. Səhər saatlarında kirayə qaldığı evdə özünü asmış vəziyyətdə tapılıb. Mərhumun dəfnində iştirak etdik. İntiharın səbəbi məlum deyil. Prokurorluq araşdırır, yəqin ki, tam təfərrüatı onlar deyəcəklər. Mircavad Hacıyev ailəli idi, bildiyim qədərilə iki övladı vardı. Ailəsi ilə ayrıca kirayədə yaşayırdı”, – Seymur Hidayətov deyib.

Mingəçevir Şəhər Prokurorluğundan Meydan TV-yə faktı təsdiqləyiblər.

İntiharın səbəblərinin məlum olmadığı, faktla bağlı araşdırma aparıldığı bildirilib.

İkinci Qarabağ müharibəsindən sonra onlarla hərbçi intihar edib və ya intihara cəhd edib.

Ana səhifəBölgəMingəçevirdə Qarabağ qazisi intihar edib