Milli Kino Günü: “Sektor müdiri keçid dövrü deyir, nazir intibah”

Azərbaycan kinosu. Foto: natatravel/shutterstock

“Mədəniyyət Nazirliyinin kino fəaliyyəti qənaətbəxş deyil”

Azərbaycanda Milli Kino Günüdür.

Azərbaycan kinosunun yaranması 1898-ci ildən başlayır.

Ukraynalı rejissor, fotoqraf, nasir Aleksandr Mişon Azərbaycanda ilk dəfə kinosüjetlər çəkməyə başlayır.

“Bibiheybətdə neft fontanı yanğını”, “İlişdin”, “Qafqaz rəqsi”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi” kimi bir-neçə sənədli film avqustun 2-də tamaşaçılara nümayiş etdirilir.

Bundan sonra onlarla film çəkilməyə başlayır.

1915-ci ildə Qafqazda neft sənayeçiləri olan Pirone qardaşlarının təşəbbüsü ilə yazıçı İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filmi çəkilib.

Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu.

Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.

Filmdə Lütfəli bəy rolunu aktyor Hüseyn Ərəblinski oynayıb.

1916-cı ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediya isə ən yaddaqalan olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib.

Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb.

1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirilib.

1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başlayıb.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb.

Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb.

1960-cı ildən dramaturq Cəfər Cabbarlının adı verilib.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal edilib.

“Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Keçmiş Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Mədəniyyət naziri Anar Kərimov Milli Kino Günü ilə bağlı status yazıb.

O deyib ki, Azərbaycan kinosu intibah dövrünü yaşayır.

Kino tənqidçisi Sevda Sultanova nazirin statusunu şərh edərkən Meydan TV-yə deyib ki, hazırkı Mədəniyyət Nazirliyinin kino fəaliyyəti qənaətbəxş deyil:

“Belə başa düşurəm ki, Anar Kərimov kino haqqında məlumatsızdır və yazdığı status qeyri-ciddidir. Nazirliyin sektor müdiri Rüfət Əliyev kinonun keçid dövrü yaşadığını deyir, nazir intibah. Məntiqi başa düşə bilmirəm. Ona görə nazirin qeyri-ciddi statusuna daha detallı münasibət bildirmək istəmirəm. Daha ciddi məsələlər olsa, münasibət bildirərəm. Mən öncəki nazirin (Əbülfəs Qarayev-red.) dövründə də kino siyastətini tənqid etmişəm”.

Sevda Sultanova, Foto: Kulis.az

“Ancaq keçmiş nazirin dövründə pis-yaxşı, qısa və tammetrajlı, eyni zamanda, sənədli filmlər çəkilirdi. Bununla da görürdük ki, potensial necədir, ümumiyyətlə, kino siyasəti necə aparılır, kimlərə filmlər verilir. Yəni kino prosesi haqqında müəyyən bir təsəvvürümüz olurdu. Üç ilə yaxındır ki, nazirlikdə dəyişiklik olub. Amma ortaya bir tammetrajlı film çıxarılmayıb”, – deyə kinoşünas yazıb.

Mədəniyyət Nazirliyində dəyişiklik olandan sonra Elçin Musaoğlu – “Məryəm”, Asif Rüstəmov – “Mərmər soyuğu”, Vaqif Mustafayev – “Həyat deyəsən, gözəldir” və İlqar Safatın “Nərimanfilm”lə birlikdə istehsal etdiyi “Doğma torpaq” – adlı dörd bədii film istehsal olunub.

Lakin filmlərin heç birinin təqdimatı keçirilməyib:

“Milli Kino Günündə yeni, özəlliklə də tammetrajlı filmlərin nümayişinə öyrəşmişik. Lakin bu dəfə belə olmadı. Asif Rüstəmovun “Mərmər soyuğu” nazirlik tərəfindən qəbul olunmayıb. Süjet xətti belədir ki, ata oğlunun sevdiyi qadına təcavüz edir. Nazirlik filmi qəbul etməyib ki, mentalitetimizə ziddir. Eyni zamanda, beynəlxalq festivallar da qəbul etməyiblər ki, filmdə qadına şiddət var. Bildiyim qədərilə, film yenidən montaj olunur. Elçin Musaoğlunun “Məryəm” filmində də hansısa problemlər çıxıb, səbəbini göstərməyiblər”.

“Vaqif Mustafayevin filminə gəlincə, indi dövlətin siyasəti sülh quruculuğuna hesablanıb. “Həyat, deyəsən, gözəldir” filminə baxanlar deyir ki, çox aşağı səviyyədə yumorlar var. Həm Azərbaycan, həm də qarşı tərəfin aşağılanma kimi epizodları olduğu deyilir. Ona görə də film yenidən montaj edilir. İlqar Safatın filmi isə iki ilə yaxındır ki, istehsalatdadır, hələ də hazır deyil”, – Sevda Sultanova belə deyir.

“Ona görə də Milli Kino Günündə məcburiyyətdən “Böyük qayıdış” müsabiqəsində qalib gələn müəlliflərin filmlərini göstəriblər. Orada da qalib gəlmiş bütün rejissorların hamısı olmayıb. Yəni müqayisə edəndə, keçmiş nazirlik rəhbərliyi daha çox iş görürdü nəinki indikilər”, – tənqidçi deyib.

Prezident İlham Əliyev 2020-ci il mayın 21-də Əbülfəs Qarayevi mədəniyyət naziri vəzifəsindən azad edib.

Bu vəzifəyə 2021-ci il yanvarın 5-də Anar Kərimovu təyin edib.

Əbülfəs Qarayevin nazir postundan kənarlaşdırılmasına səbəb Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci il mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat olub.

Keçirilən əməliyyatlar nəticəsində nazirin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar.

Ana səhifəMədəniyyətMilli Kino Günü: “Sektor müdiri keçid dövrü deyir, nazir intibah”