Məhkəmədən sonra jurnalistlər bəyanatla çıxış ediblər
İyulun 4-də Bakı Apellyasiya Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin həbs qətimkan tədbirinin uzadılmasına dair verilmiş apelyasiya şikayətlərinə baxılıb.
Meydan TV-nin baş redaktoru Aynur Elgünəş (hakim Ramin Qaraqurbanlı) və jurnalist Aytac Tapdığın (hakim Anar İbrahimov) vəsatəti təmin edilməyib.
Həmçinin Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunan “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (hakim Qədim Babayev) və Fatimə Mövlamlının (hakim Ramin Qaraqurbanlı) da vəsatətləri təmin olunmayıb.
Məhkəmədən sonra Meydan TV əməkdaşları aclıq edən “AbzasMedia” əməkdaşlarına qoşulduqlarını bəyan ediblər.
“Ölkənin müstəqil mətbuatının tamamilə sıradan çıxarılması prosesinə 2023-cü ilin noyabrında “AbzasMedia” əməkdaşlarının həbsi ilə başlandı. Repressiya dalğası nəticəsində bu gün 29 jurnalist həbsdədir. Siyasi sifarişlə aldığı 9 illik hökmdən sonra qanunsuz olaraq Umbakı Penitensiar Kompleksinə köçürülən həmkarımız Ülvi Həsənli orada psixi və fiziki zorakılığa, insan ləyaqətini alçaldan rəftara məruz qalıb. Biz – Meydan TV ilə bağlı həbs olunan 5 qadın jurnalist abzasçıların haqlı tələblərinin yerinə yetirilməsini, qanunsuzluqların araşdırılmasını tələb edirik! Bu məqsədlə 4 iyul 2025-ci il tarixindən etibarən aclıq aksiyasına başladığımızı elan edirik”, – jurnalistlərin bəyanatında bildirilir.
Aclıq aksiyası edənlər Aynur Elgünəş, Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Aytac Tapdıq və Aysel Umudovadır.
İyulun 2-də Bakı Apellyasiya Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Nurlan Qəhrəmanlı (Libre) və Xəyalə Ağayevanın, ötən gün isə Natiq Cavadlının həbs qətimkan tədbirinin uzadılmasına dair verilmiş apelyasiya şikayətlərinə baxılmışdı və təmin edilməmişdi.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “AbzasMedia işi” üzrə həbs olunanlar Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
İyunun 26-da bu iş üzrə barəsində hökm çıxmış Ülvi Həsənli, Hafiz Babalı, Fərid Mehralızadə, Məhəmməd Kekalov saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər.
Ülvi Həsənli buna etiraz olaraq həmin gündən aclığa başlayıb.
Umbakıdakı həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyaraq, həm də həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər.
Aclıq askiyasına başladığına görə Ülvi Həsənli cərimə otağına salınıb, ona qarşı qeyri-insani davranış nümayiş etdirildiyi bildirilib.
İyulun 1-də “AbzasMedia” Ülvi Həsənli ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda Prezident İlham Əliyev, ədliyyə naziri Fərid Əhmədov, Baş prokuror Kamran Əliyev və Ombudsman Səbinə Əliyevadan məsələni nəzarətə götürmələri tələb olunub.
İyulun 2-dən etibarən “AbzasMedia”nın həbsdə olan jurnalistləri Nərgiz Absalamova, Elnarə Qasımova və Sevinc Vaqifqizinın Ülvi Həsənliyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayıblar.
Yaxınlarının məlumatına görə, onlar saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbəri Elnur İsmayılovun sifarişi ilə, qeyri insani rəftara və işgəncəyə məruz qalıblar.
“AbzasMedia”nın əməkdaşları 2023-cü ilin noyabrında həbs olunublar.
2024-cü ilin mayında “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadə də bu iş üzrə saxlanılıb, lakin “AbzasMedia” onunla əməkdaşlıq etmədiyini bəyan edib.
2024-cü il dekabrın 6-da Meydan TV-nin beş əməkdaşı- Ramin Cəbrayılzadə (Deko ), Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində də həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı da fevralın 28-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi onun həbs olunması qərarını çıxarıb.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
“Meydan TV işi” üzrə istintaq hələ davam edir.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.