Ötən il məişət tullantılarının yandırılması nəticəsində 222,1 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Məlumata əsasən, ölkədə tullantılardan əldə edilən elektrik enerjisinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz azalıb. Belə ki, 2024-cü ildə məişət tullantılarından istifadə hesabına 232,5 milyon kVt·st elektrik enerjisi istehsal olunmuşdu.
Keçən il yaranmış 3,2 milyon ton bərk məişət tullantılarının 82,1 faizi zərərsizləşdirilib. Onun 17,4 faizindən enerji əldə edilib, 0,5 faizi isə daxili bazarda satılıb.
Azərbaycanda istehsal olunan ümumi elektrik enerjisinin tərkibində tullantılardan əldə edilən enerjinin payı 0,8 faiz təşkil edir.
Qeyd edək ki, Azərbaycanda məişət tullantılarının yandırılması və ondan elektrik enerjisinin əldə edilməsi prosesini “Təmiz Şəhər” ASC həyata keçirir. Şirkətin əsas gəlir mənbəyi tullantıların zərərsizləşdirilməsi, bu prosesdən əldə olunan elektrik enerjisi və təkrar emal məhsullarının satışıdır.
Bu fəaliyyət qurumun tabeliyində olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi Zavodları vasitəsilə sözügedən istehsal prosesi həyata keçirilir.
“Təmiz Şəhər” ASC-nin 2024-cü ilə dair maliyyə hesabatında müəssisənin zərərinin 0,7 faiz artaraq 243,5 milyon manat təşkil etdiyi qeyd olunur. Hesabata əsasən, il ərzində zərər 1,6 milyon manat artıb.