Azərbaycan Hesablama Palatası bir çox dövlət qurumlarında apardığı auditlərin nəticələrini açıqlayıb. Hesabatda bir sıra dövlət qurumlarında və müəssisələrdə, eləcə də icra hakimiyyətlərində ciddi maliyyə pozuntuları və satınalma prosedurlarında korrupsiya halları aşkar edildiyi bildirilir.
“Azərenerji”nin azad olunmuş torpaqlarda tikdiyi SES-lərdə nöqsanlar aşkarlanıb
Hesabatda bildirilir ki, “Azərenerji” ASC-yə ayrılan dövlət investisiyalarının auditi zamanı Kiçik Su Elektrik Stansiyaları (KSES) üzrə layihələrin texniki-iqtisadi əsaslandırmalarının aparılmadığı müəyyən edilib. 2022–2024-cü illər ərzində 7 KSES-in tikintisi üçün investisiya ayrılıb. Audit ümumilikdə 255,8 milyon manatdan çox vəsaiti əhatə edib.
Hesablama Palatası onu da müəyyən edib ki, stansiyalar istifadəyə verildikdən sonra onların istehsal gücünün cəmi 14,7–46 faizi istifadə olunub və nəticədə gəlirlilik göstəriciləri aşağı düşüb. Bu isə istehsal xərclərinin artması deməkdir.
“Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan”, “Cahangirbəyli”, “Ağbulaq”, “Mişni” və “Alxaslı” KSES-lərinin smeta dəyərlərinin sonradan artırıldığı, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin və tikinti normativlərinin tələblərinə əməl olunmadığı da aşkar edilib.
Hesablama Palatası qeyd edir ki, tikinti-quraşdırma işləri, material və avadanlıqların alınması ilə bağlı keçirilmiş satınalmalarda sənədləşmə normativ-hüquqi aktların tələblərinə uyğun aparılmayıb.
Bundan əlavə, 6 KSES-in 2023-cü ildə, 1 KSES-in isə 2024-cü ildə tikintisi başa çatsa və istifadəyə verilsə də, onların istismara rəsmi qəbulu ilə bağlı işlər tamamlanmayıb.
Dövlət Gömrük Komitəsində 37,7 milyon manatlıq yeyinti
Dövlət Gömrük Komitəsi üzrə 2023-2024-cü illərdə dövlət vəsaitlərinin və digər daxilolmaların auditi aparılıb. Ümumilikdə daxilolmalar üzrə 240,7 milyon manat, xərclər üzrə isə 238,8 milyon manatlıq vəsait yoxlanılıb.
Audit zamanı müəyyən edilib ki, 2023-cü ildə büdcədənkənar xərclərin 16 istiqaməti üzrə 5,745 milyon manat azaldılıb. Bu məbləğə qeyri-yaşayış binalarının əsaslı təmiri üçün nəzərdə tutulan 2,5 milyon manat və məcburi dövlət sosial sığorta haqları üzrə 2 milyon 45,4 min manat daxildir.
Eyni zamanda, 23 xərc maddəsi üzrə məbləğlərin şişirdildiyi və ümumilikdə 37 milyon 765,6 min manat artıq göstərildiyi də auditlə məlum olub.
Bundan əlavə, Komitənin 602,3 min manat məbləğində işsizlikdən sığorta haqqını ödəməkdən yayındığı və inzibati cərimələrin uçotunun tam aparılmadığı müəyyən edilib.
2023-cü ildə dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından daxil olan 24,6 min manat vəsait “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin xəzinə hesabına deyil, Birliyin bank hesabına yönəldilib.
Yeni inzibati binanın tikintisi zamanı bəzi işlərin qiymətlərinin süni şəkildə artırıldığı da aşkarlanıb.
Eyni zamanda, “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin yeni inzibati binasının tikintisi üzrə kapitallaşdırılmalı olan 17 milyon 988,8 min manat məbləğin maliyyə sənədlərində cəmi 2 milyon 733,9 min manat kimi göstərildiyi müəyyən edilib.
2023-cü il üzrə maliyyə hesabatlarında göstərilən “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırma məsrəfləri” 46 milyon 191,9 min manat əvəzinə 45 milyon 767,6 min manat məbləğində əks etdirilib.
Komitə tərəfindən Data Center ( serverlər, saxlama avadanlıqları və şəbəkə infrastrukturu) qurulması xidməti üçün bağlanmış satınalma müqaviləsi 2024-2029-cu illəri əhatə etsə də, 746,9 min manat vəsaitin hamısı 2024-cü ildə ödənilib. Lakin bu vəsait maliyyə sənədlərində uzunmüddətli aktivlər kimi uçota alınmayıb.
Gömrük Komitəsi tərəfindən yol verilmiş maliyyə pozuntularının 966,1 min manatı dövlət büdcəsinə, 828,2 min manatı natura şəklində bərpa olunub, 3 milyon 166,5 min manat isə maliyyə uçotuna daxil edilib.
Olimpiya İdman Kompleksləri rentabelli deyil, gəlirlərin hesabatlılığı zəifdir
Hesablama Palatasının 2025-ci il iş planına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Olimpiya İdman Komplekslərinin (OİK) fəaliyyəti ilə bağlı aparılmış səmərəlilik auditinin nəticələri açıqlanıb. Audit 2022–2025-ci illəri əhatə edərək, ümumilikdə 15 milyon manat vəsaitin istifadəsini yoxlayıb.
Palata bildirir ki, Nazirlik tərəfindən vahid və ya OİK-lərin müxtəlif amillərdən asılı gəlirlilik səviyyəsinə uyğun diferensiallaşdırılmış xidmət tarifləri müəyyən edilməyib. Həmçinin, Olimpiya İdman Komplekslərində idman infrastrukturu və avadanlıqlarından istifadə üzrə vahid qiymət cədvəli təsdiqlənməyib.
Müəyyən olunub ki, OİK-lərin gəlirləri onların faktiki xərclərini adekvat şəkildə qarşılamır. Eyni zamanda, bu komplekslərin daxilolmalarının əsas hissəsi dövlət büdcəsindən ayrılan subsidiyalar hesabına formalaşır.
Hesablama Palatası qeyd edir ki, bir çox hallarda gəlirlər ümumiyyətlə uçota alınmır, bunun müqabilində isə həmin fəaliyyətlə bağlı kommunal xərclər OİK-lər tərəfindən ödənilir.
Otel xidmətlərinin göstərilməsi ilə bağlı əməkdaşlıq əksər OİK-lərdə səmərəli təşkil edilməyib. Belə ki, bəzi hallarda otel fəaliyyətinə əlavə maliyyə və ya əməliyyat dəstəyi göstərilmədiyi halda, müqavilələrə əsasən yalnız tərəfdaş müəssisənin cəlb etdiyi müştərilərdən deyil, bütün müştərilərdən, o cümlədən təşkilində həmin MMC-nin iştirakı olmayan gənclər və idman tədbirlərindən əldə edilən gəlirlərin də 20 faizi həmin müəssisəyə ödənilib. Eyni zamanda, hesablaşmalar zamanı gəlirin əldə olunması üçün OİK tərəfindən çəkilən xərclər nəzərə alınmayıb.
O da əlavə olunur ki, gəlirlərin bir çox hallarda rəsmiləşdirilmədən nağd formada toplanması və bu vəsaitlərin daxilolma mənbələrinə görə qruplaşdırılmaması maliyyə hesabatlarında əks olunan göstəricilərin düzgünlüyünün qiymətləndirilməsini şərait yaratmayıb. Daxilolmaların idman növləri üzrə təsnif edilməməsi isə idmanla məşğul olan şəxslərin sayı ilə bağlı statistik göstəricilərin təsdiqlənməsi imkanlarını məhdudlaşdırıb.
Elm və Təhsil Nazirliyində “13-cü ay” üzrə internet xərcləri
Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində (TSİİ) aparılmış səmərəlilik auditinin nəticələrində həm texnoloji nailiyyətlər, həm də ciddi maliyyə və idarəetmə nöqsanlarının qeydə alındığı bildirilir.
Müəyyən edilib ki, təhsil müəssisələrinin istifadəsində olan şəbəkə infrastrukturu və avadanlıqlara texniki dəstəyin göstərilməsi məqsədilə bağlanmış müqavilələrdə avadanlıqların sayı, yerləşməsi və xidmət xərcləri dəqiq göstərilməyib.
Həmçinin, Nazirliyin tabeliyində maddi-texniki təchizat sahəsində ixtisaslaşmış ayrıca təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi fəaliyyət göstərdiyi halda, auditlə əhatə olunan dövrdə 8,5 milyon manat dəyərində kompüter, printer və digər avadanlıqlar TSİİ tərəfindən satın alınıb.
Audit dövründə ən çox istifadə olunan satınalma üsulunun “bir mənbədən satınalma” metodu olduğu müəyyən edilib. Keçirilmiş prosedurlar nəticəsində bağlanmış müqavilələrdə malların adı və markası qeyd olunmayıb, planlaşdırılmış və faktiki satınalmalar arasında isə ciddi fərqlər aşkarlanıb.
Araşdırma göstərib ki, TSİİ tərəfindən milyonlarla manat dəyərində müqavilələr texniki əsaslandırma olmadan imzalanıb. Belə ki, 2021-2022-ci illərdə elektron resursların yaradılması üçün heç bir texniki təsvir, plan və keyfiyyət göstəriciləri təqdim edilmədən, işlərin adı yalnız ümumi ifadələrlə göstərilərək eyni təchizatçı ilə ümumilikdə 4 milyon 624,3 min manat dəyərində 4 müqavilə bağlanıb. Ehtimal olunan qiymətlər real sənədlərə əsaslanmadan formalaşdırılıb.
2023-cü ildə həmin təchizatçı ilə bağlanmış 1,2 milyon manatlıq “Azərbaycan dilinin metodikası proqramının hazırlanması” və “Təbiət fənninin tədrisi metodikası proqramının hazırlanması” layihələri çərçivəsində videomateriallar hazırlansa da, oxu materialları və testlərin sayı müqavilədə nəzərdə tutulandan xeyli az olub.
2021-2024-cü illər ərzində ümumilikdə 283 milyon 459,2 manat vəsait hesabına alınmış avadanlıqların açıq mənbələrdəki qiymətlərlə müqayisədə daha baha olduğu müəyyən edilib və TSİİ tərəfindən 37 min manat artıq vəsait xərcləndiyi aşkarlanıb.
Bundan əlavə, 2022-ci ildə noutbukların daşınması və enerji ilə təmin olunması üçün alınmış 400 ədəd arabanın qiyməti bazar qiymətləri ilə müqayisədə yüksək olub və nəticədə 135,3 min manat artıq vəsait xərcləndiyi müəyyənləşdirilib.
Həmçinin, ADSL qoşulma növünə malik 39 təhsil müəssisəsi üzrə 12 ay əvəzinə 13 ay üçün internet haqqı ödənilməsi nəticəsində artıq vəsait xərclənib.
“Avtomobil Yolları” Fondu dəymiş ziyanı Baş Dövlət Yol Polisi İdarəsindən ala bilmir
Hesablama Palatasının rəyində qeyd edilir ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun 2024-cü il üzrə gəlirləri 330,0 milyon manat proqnoza qarşı 506,43 milyon manat və ya 153,5 faiz (176,4 milyon manat çox) səviyyəsində icra edilib. Həmin il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 230,0 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub.
Sənəddən məlum olur ki, Agentliyin tabeliyində olan yolların 858,4 kilometri qara (asfalt-beton), 5400,9 kilometri çınqıl-qırmadaş, 56 kilometri isə torpaq örtüklüdür. Hesabatda vurğulanır ki, asfalt yolların artmasına və qeyri-asfalt yolların azalmasına baxmayaraq, Agentliyin balansında olan qeyri-asfalt yolların xüsusi çəkisi hələ də 35,2 faiz təşkil edir. Bu isə yollarda rahat və təhlükəsiz hərəkət üçün zəruri şəraitin tam təmin olunmadığını göstərir.
Fondun maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı qeyd edilir ki, planlaşdırma və icra müvafiq standartlara uyğun həyata keçirilməyib.
Eyni zamanda, 2005-ci ildən bəri respublika əhəmiyyətli yolların siyahısı yenilənməyib və “Avtomobil yollarının vahid dövlət reyestri” hələ də formalaşdırılmayıb. Bu hal xərclərin planlaşdırılmasında qeyri-şəffaflığa yol açır.
Agentlik tərəfindən 2024-cü ilin xərclərində nəzərdə tutulmadığı halda, Fondun vəsaitləri hesabına 19,6 milyon manat bank kreditlərinin ödənilməsinə yönəldilib. Bu da dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında müvafiq uyğunsuzluqları şərtləndirib.
Yol-nəqliyyat hadisələrinin artması fonunda 2024-cü ildə yol təsərrüfatına 890,7 min manat məbləğində ziyan dəyib. Bu ziyanın 457,4 min manatı və ya 51,34 faizi ödənilib. Qalan məbləğin ödənilməsi məqsədilə sığorta şirkətlərinə, məhkəmələrə və Baş Dövlət Yol Polisi İdarəsinə müraciətlər edilsə də, ziyanın tam olaraq ödənilməsinə indiyədək nail olunmayıb.