Metropoliten “yerüstünə” çıxır: Nəqliyyatın bir mərkəzdə toplanmasından kim qazanacaq?

Source: google.az

Prezident fərmanı ilə daha bir neçə qurumun birləşdirilməsi barədə qərar verildi. Bu dəfə ictimai nəqliyyat sahəsində idarəetmə mərkəzləşdirilir. Bunun üçün “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC “Bakı Metropoliteni”nə qoşulacaq. Hətta gələcəkdə tikiləcək tramvay nəqliyyatının idarə edilməsi də Metropolitenə həvalə olunacaq.

Hökumət bu qərarı əhalinin şəhərdaxili hərəkətinin daha keyfiyyətli təşkil edilməsi ilə əsaslandırır.

Bəs reallıqda mərkəzləşdirmə nə vəd edir?

İqtisadçı-ekspert Natiq Cəfərli Meydan TV-yə bildirib ki, burada əsas məqsəd təmərküzləşməni həyata keçirməklə xərcləri azaltmaqdır:

“Demirəm xərclər azalacaq, amma cəhd bundan ibarətdir. Bu, bir mərkəzdən idarəetmə məntiqini özündə ehtiva edir. Düşünürlər ki, müxtəlif nəqliyyat növləri eyni mərkəzdən idarə olunsa, bəlkə effektivlik arta bilər”.

N.Cəfərli qeyd edir ki, nəqliyyat sektorunda ən uğurlu islahat bu sahənin mərkəzləşdirilməsi deyil, bələdiyyələrin tabeliyinə verilməsi ola bilər:

“Böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Seçkili və məsuliyyətli bir qurum kimi, dünyanın bir çox ölkələrində olduğu kimi, ictimai nəqliyyat sektoru böyük şəhər bələdiyyələrinə verilməlidir. O zaman məsuliyyət və səlahiyyət bölgüsü daha dəqiq olar. Azərbaycanda da təmərküzləşmədən sonra bələdiyyələrə ötürülməsi daha doğru olardı”.

Mövcud birləşdirmə siyasətinin gələcəkdə nəqliyyat sektorunda nə dərəcədə effekt verəcəyinə gəlincə, ekspert bildirir ki, buna yalnız zamanla cavab vermək olar:

“Əvvəlcə iş görsünlər, ondan sonra qiymət verək. Büdcə gəlirlərinin zəif artdığını nəzərə alaraq, bu addım xərclərə qənaət məqsədi kimi götürülüb. Amma effektivliyi artıracaqmı, bunu yalnız fəaliyyətlərindən sonra görə bilərik”.

“Məqsəd 14-15 milyard manatlıq pul dövriyyəni ələ keçirməkdir”

Bu ilin əvvəlindən başlayaraq dövlətə məxsus onlarla agentlik və qurumun ləğv edilməsi və ya birləşdirilməsinə dair qərarlar verilib. Hətta bu qurumların arasında yeni yaradılmış publik hüquqi şəxslər də var. Ekspertlərin fikrincə, yeni yaradılmış qurumların qısa müddət sonra ləğv edilməsi hökumətin bu sahədə aydın strategiyasının olmadığını göstərir. Halbuki hər bir qurumun formalaşdırılması üçün dövlət büdcəsindən vəsait xərclənir, mütəxəssislər cəlb edilir. Eyni məsələni “BakuBus” və “Bakı Taksi Xidməti”nə də şamil etmək olar. Bu sektor əvvəllər özəl olsa da, sonradan tədricən dövlətin tənzimləməsinə keçdi, şirkətlər yaradıldı, özəl sektor tədricən uzaqlaşdırıldı. İndi isə yaradılmış şirkətlərin daha da mərkəzləşdirildiyini görürük.

AXCP funksioneri, hüquqşünas Murad Sultanlı isə Meydan TV-yə açıqlamasında deyir ki, hökumət son 10 ildə orta hesabla 50-yə yaxın qurumu ya ləğv edib, ya da birləşdirib. Siyasi şərhçinin fikrincə, yaxın keçmişdəki təcrübələr göstərir ki, belə siyasət daim iflasa uğrayıb:

“O cümlədən, ən son imzalanan “BakuBus” və “Bakı Taksi Xidməti”nin “Bakı Metropoliteni”nə birləşdirilməsi ilə bağlı sərəncamın da iflasa uğrayacağına yüz faiz əminliklə deyirəm. Digərləri kimi bunun da zərrə qədər uğur qazanmaq şansı yoxdur. Müxtəlif monitorinq mərkəzləri, islahat xarakterli tədbirlər – bunların hamısı birmənalı olaraq iflas olub. İstər iqtisadiyyat, istər rəqəmsal, istərsə də sosial müdafiə sahəsində aparılan struktur islahatlarının heç biri rentabelli olmayıb”.

“Sadəcə iki ayda səkkiz dövlət qurumu ləğv olunub. Maliyyə Nazirliyində isə Dövlət Müəssisələrinin Monitorinq Agentliyi yaradılıb. Halbuki Maliyyə Nazirliyinin funksiyalarından biri elə monitorinq aparmaqdır. Bunun üçün ayrıca qurum yaratmağa nə ehtiyac var? Bunun öz ofisi, işçiləri üçün əlavə xərc çəkilir. Yəni məntiqsiz struktur islahatları aparılır”, – deyən Murad Sultanlı hesab edir ki, burada məqsəd bütün sahələri monopoliyaya almaqdır.

Siyasi şərhçi əlavə edir ki, nəqliyyat sahəsində illik 14-15 milyard manatlıq pul dövriyyəsi var:

“Bura metropoliten, taksi və digər sərnişindaşıma növləri daxildir. Hər şeyi monopoliyaya almaq, nəzarətə götürmək məqsədilə belə qurumlar yaradılır. Yəni bu, optimallaşdırma və ya islahat xarakterli deyil, sırf nəzarət xarakterlidir. Eyni modeli Rusiyada Putin tətbiq edir və iş o yerə çatıb ki, artıq özəl şirkətlərə də əl qoymağa başlayıb. Mən Tokio metropoliteni ilə bağlı elmi araşdırma yazmışdım. Tokio metropoliteni Yaponiyada nəqliyyatın dövlət qurumu kimi idarə olunmasının bir modeli idi. Son 10 ildə isə həmin qurum geniş özəlləşdirməyə getdi. Həm metro nəqliyyatını, həm də dəmiryolu və gəmi daşımalarını özəlləşdirdilər.

Əgər bu fərmanların arxasında özəlləşdirmə yoxdursa, bu, birmənalı olaraq effektsizdir. Avropada bu sektor sistemli şəkildə özəlləşdirilir. İngiltərəyə, Almaniyaya baxa bilərsiniz. Amerika icad etməyə ehtiyac yoxdur. Effektiv layihələri araşdırmaq və müqayisə etmək olar. Çox aydın şəkildə görmək olar ki, hansı üsul və hansı forma daha effektiv işləyir. Yoxsa belə qurumlar yaratmaq, hər gün ad dəyişmək, bəzən “optimallaşdırma” adı ilə hansısa qurumu yenidən formalaşdırmaq, sadəcə adına bir söz əlavə edib bunu struktur islahatı kimi təqdim etmək – bütün bunlar sonda birmənalı olaraq iflasa aparacaq. Burada məqsəd islahat deyil, monopoliyanı gücləndirmək, pula nəzarəti artırmaq və sərmayənin cəmiyyət arasında ədalətli bölüşdürülməsinin qarşısını almaqdır”.

M.Sultanlı əlavə edir ki, hökumət daha çox gəlirli sahələri ələ keçirməyə hazırlaşır. Onun sözlərinə görə, bu sahələr özəlləşdirilsə, müxtəlif sərmayə qrupları formalaşa bilər və bu da siyasi, hüquqi və məhkəmə islahatlarına təkan verər.

“Belə tələblərin yaranmaması üçün hər şeyi özləri nəzarətdə saxlamağa çalışırlar. Ona görə də iflas qaçılmazdır. Bunu görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur.”, – deyə o bildirir.

Ekspert yerli mobil operatorları da misal gətirərək qeyd edir ki, onlar formal olaraq özəl olsalar da, faktiki olaraq kartel şəklində fəaliyyət göstərirlər:

“Məsələn, “Azercell”in bir ili 13 aydır. Necə yəni bir il 13 ay? Bir ay ərzində vətəndaşları istismar edir, soyur. Əgər istehlakçı hüquqlarını qoruyan normal bir qurum olsa, şirkətdən bunun hesabını soruşar”.

Sultanlı bildirir ki, monopoliya inkişafın qarşısını alan əsas faktordur və bu addımların məqsədi sərmayəni, maliyyəni və əmək fəaliyyətini monopoliyalaşdırmaq, nəzarəti gücləndirməkdir. O həmçinin sual edir:

“Niyə dövlət gedib yüzlərlə avtobus almalıdır? Niyə bunu özəl sektor etməməlidir?”

Ekspert xatırladır ki, vaxtilə “Barmek” elektrik enerjisi sahəsində rentabelli bir sistem qurmuşdu, bu sahəyə böyük sərmayələr yatırılmış və inkişaf təmin edilmişdi. Lakin sonradan bu sahə şirkətin əlindən alınıb. Onun sözlərinə görə, hazırda “Azərenerji” və digər dövlət şirkətləri, hətta turizm sektoru belə zərərlə fəaliyyət göstərir.

Sultanlı hesab edir ki, çıxış yolu bu sahələrin özəlləşdirilməsidir və hökumət yanaşma fəlsəfəsini dəyişməlidir:

“Hər şeyə nəzarət etmək həmin sahənin inkişaf edəcəyi demək deyil. Bu mümkün deyil”.

Ana səhifəİqtisadiyyatMetropoliten “yerüstünə” çıxır: Nəqliyyatın bir mərkəzdə toplanmasından kim qazanacaq?