Merve Dizdar Kanndakı çıxışına görə tənqid olundu

Foto: “medyascope.tv”

“Merve Fransanın illərlə işğalda saxladığı Əlcəzair haqqında da eyni şeyləri düşünürmü?”

Türkiyəli aktyor Tamer Karadağlı həmkarı Merve Dizdarı Kann Film Festivalındakı çıxışına görə tənqid edib.

Karadağlı bu haqda “İnstagram” səhifəsində yazıb:

“Merve Dizdarı aldığı mükafata görə ürəkdən təbrik edirəm. Çox böyük uğurdur. Həm həmkarı, həm də türk vətəndaşı olaraq qürur hissi keçirdim. Amma çıxışı ilə bağlı eyni fikirləri söyləyə bilməyəcəyəm”.

“Görəsən, Merve Fransanın illərlə işğalda saxladığı Əlcəzair haqqında da eyni şeyləri düşünürmü? Söylədikləri əlcazairli qızlar üçün də keçərlidirmi? Çünki mükafatı Fransada alıb. Yaxud da dedikləri uşaqları zorla dağlara (PKK terror təşkilatı tərəfindən-red) qaçırılan diyarbəkirli analar üçün də keçərlidirmi? Belə bir mükafata onu bu ölkənin məktəbləri, televiziya kanalları aparıb çıxarıb. Ən məşhur işi də TRT-də yayımlanan serialdır (“Masumlar apartmanı” serialı -red). Ona məşhurluq gətirən işini dövlətin kanalında canlandırıb, milyonların sevgisini və pul qazanıb. Xaricdə önəmli mükafat alıb, ilk fürsətdə ölkəsindən şikayət etməsi, məncə, doğru deyil”, – deyə o bildirib.

Tamer Karadağlı. Foto: instagram

Mayın 16-dan 27-dək Fransada Kann Film Festivalı keçirilib.

Türkiyəli aktrisa Merve Dizdar Kann Film Festivalında rejissor Nuri Bilge Ceylanın “Quru otlar üstünə” filmindəki obrazına görə “Ən yaxşı aktrisa” nominasiyasına layiq görülüb.

Aktrisa çıxışı zamanı filmdəki Nuray müəllim obrazını canlandırmaqda çox da çətinlik çəkmədiyini söyləyib:

Çünki yaşadığım coğrafiyada qadın olmaq, mənə Nurayların duyğusunu doğulduğum gündən əzbər bilməyi öyrədib. O, inandığı şeylər üçün mübarizə aparan və bunun üçün ağır sınaqlardan keçməyə məcbur olan qadındır. Bu mükafatı Nuray və onun kimi qadınların mübarizəsinə güc vermək, özünə layiq görülənlərə boyun əyməyən, bunun üçün mübarizə aparan və ümidini itirməyən bütün qadınlara və Türkiyədə gözəl günləri yaşamağı gözləyən mübarizə aparan ruhlara hədiyyə edirəm”.

“Quru otlar üstünə” filminin rejissoru Nuri Bilge Ceylan, ssenaristləri Ebru Ceylan və Akın Aksudur.

Filmin yaradıcı heyəti festivalda dəqiqələrlə ayaq üstündə alqışlanıb.

Türk dram filmi 2023-cü il istehsalıdır.

Filmdə baş rolları Deniz Celiloğlu, Merve Dizdar və Musab Ekici canlandırıb.

Ekran işində Şərqi Anadolunun ucqar kəndində işləyən və İstanbula təyinat almağı ümid edən rəsm müəllimi (Deniz Celiloğlu) şagirdinə sataşmaqda ittiham olunur.

Ana səhifəMədəniyyətMerve Dizdar Kanndakı çıxışına görə tənqid olundu