Məktəb direktorları yüksək bal toplamış müəllimlərin arasından seçilə bilər

Müəllimlərin imtahanı. Mənbə: “muallim.edu.az”

Nazir müəllimlərin maaşından, bağçaların vəziyyətindən də danışıb

“Növbəti illərdə direktorların işə qəbulu prosesi sertifikatlaşma ilə aparılacaq. İstəyirik ki, direktorları yüksək bal toplamış müəllimlərin arasından seçək. Məncə, bu, direktor seçimini daha da rəqabətli edəcək”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

2022-ci ildə keçirilən müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanlarından danışan nazir bildirib ki, prosesə ümumilikdə 11657 nəfər ibtidai sinif müəllimi cəlb olunub.

Olardan 75 faizi uğur qazanıb, 25 faizinin nəticələri isı mənfi olub:

“3163 müəllim 51 baldan yuxarı nəticə göstərib. Onların vergilər ödənildikdən sonra maaşları 831 manata qədər qalxıb. 5624 müəllim isə 30-50 bal toplayıb. Onların əməkhaqları 686 manat civarındadır. Sertifikasiyadan keçməyənlərin maaşı isə dəyişməyib, onlar 623 manat alırlar”.

Nazir qeyd edib ki, sertifikatlaşmada iştirak edən müəllimlər əsasən 18-24 saat arasında dərs deyənlər olub. Onların faiz göstəricisi 75-dir. Həmin müəllimlərin 35 faiz artımdan sonra əməkhaqqısı 856 manat olub.

Emin Əmrullayev, Foto: Azərtac

Nazir həmçinin dərs yükü az olan müəllimlərə diqqət çəkib. Bildirib ki, hazırda 273 müəllimin həftəlik 6 saat dərs yükü var:

“Müəllimin saatı aşağı olanda, maaşı da aşağı olur. Hesab edirəm ki, müəllimlərin həftəlik dərs yükləri normallaşmalıdır ki, onların maaşı artsın. Həftəlik dərs yükü 24 saat və daha çox olan müəllimlərin sayı 682-dir. Dərs yükü çox olan müəllimin maaşı 928 manatdır. Sertifikasiyadan keçdikdən sonra 35 faiz, əlavədən sonra isə həmin müəllimlərin maaşı 1140 manat təşkil edir. Düşünürük ki, bu istiqamətdə islahatımız davam edəcək”.

Emin Əmrullayev ümumtəhsil müəssisələrinin qış mövsümündə üzləşdiyi istilik probleminə də toxunub.

Deyib ki, ölkədəki məktəblərin 95 faizindən çoxunda istilik sistemi qaydasındadır:

“Ümumilikdə 5745 təhsil müəssisəsindən 508-i dizel, 445-i elektrik, 2034-ü odun, 2758-i isə qazla qızdırılır. Hesab edirəm ki, məktəblərdə istilik sistemilə əlaqədar vəziyyət qənaətbəxşdir”.

Nazir bağçalarda uşaq sayının azlığına da diqqət çəkib. Dediyinə görə, 1654 bağça Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Onlarda təxminən 116 min yerdən 99 min uşaq qeydiyyatdan keçib:

“Bağçalarda müəyyən mənada boş yerlər var. Bu da valideynlərin öz arzu və seçimi ilə əlaqədardır. Gələcəkdə bu istiqamətdə də işlər görməyi planlaşdırıq”.

Brifinq zamanı məlum olub ki, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” artıq hazırdır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin ortalarından etibarən isə tətbiqinə start veriləcək. Nazirin sözlərinə görə, 300 məktəbdə pilot qaydada tətbiq etmək planlaşdırılır.

Emin Əmrullayev Azərbaycanın nəzarətinə keçən ərazilərdəki təhsil müəssisələrinin tikintisi barədə də məlumat verib. Deyib ki, 2023-cü ilin sentyabrında Şuşa, Ağdam, Füzuli şəhərlərindəki məktəblərin tikintisi yekunlaşaq. Zəngilan, Kəlbəcər, Cəbrayıl rayon mərkəzlərində isə məktəb tikintisinə başlanılıb.

Füzuli Peşə Liseyinin binasının simeta işləri görülür. 2023-cü ilin yanvarından Şuşa Real Məktəbinin yenidən bərpa olunması prosesinə başlanılacaq. Nazirin sözlərinə görə bərpa işləri 24-30 aya qədər uzana bilər.

“Həmin ərazilərdəki yeni məktəblərdə çox böyük həvəslə işləməyə hazır olan çoxlu sayda müəllimlərimiz var”, – Emin Əmrullayev qeyd edib.

Ana səhifəXəbərlərMəktəb direktorları yüksək bal toplamış müəllimlərin arasından seçilə bilər