Məhkəmədə: DTX əməliyyatçılarını jurnalist kimi təqdim edirsiz…

G.Aslanova onu da bildirib ki, beş günlük aclıq artıq həyat yoldaşının səhhətində özünü göstərir, onun böyrəklərində və mədəsində ağrılar başlayıb.

Source: Архив


“Polad Aslanovun aclıq etdiyi protokollaşdırılmayıb”

Fevralın 1-də öz məhkəməsində aclıq aksiyasına başladığını elan edən “xeberman.com” saytının rəhbəri Polad Aslanovun beşinci gündür ki, aclığı davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, fevralın 5-də Bakı istintaq təcridxanasında onunla görüşüb.

G.Aslanovanın sözlərinə görə, həyat yoldaşı aclığa başladığı gün bu barədə ərizə ilə rəsmi qaydada həm təcridxananın rəisi Elnur İsmayılova, həm də Bakı Apelyasiya Məhkəməsində işinə baxan hakim Həsən Əhmədova məlumat verib. Lakin təcridxanada onun ərizəsi qeydə alınmayıb: “Bu gün təcridxananın rəisi mənə bildirdi ki, Polad Aslanovun aclıq aksiyası ilə bağlı ərizəsi birmənalı şəkildə protokola salınmayacaq. Səbəbini soruşdum. Bildirdi ki, səbəbini mənə deyə bilməyəcək. Təsəvvür edirsinizmi, cəmi 44 kiloqram çəkisi olan siyasi məhbus həyatını təhlükəyə atıb, azadlıq haqqının əlindən alınmasına etiraz olaraq aclıq edir, amma onun aclığı sifarişlə protokola salınmır”.

G.Aslanova onu da bildirib ki, beş günlük aclıq artıq həyat yoldaşının səhhətində özünü göstərir, onun böyrəklərində və mədəsində ağrılar başlayıb.

Fevralın 4-də Bakı Apelyasiya Məhkəməsində P.Aslanovun işinə baxılarkən hakim həm onun özünün, həm də həyat yoldaşının məhkəmə zalından çıxarılmasına göstəriş verib. Səbəb isə P.Aslanovun mülki geyimdə olan üç nəfərin məhkəmə zalında iştirakına etiraz etməsi olub. P.Aslanov onların kim olduğunu soruşduqda hakim Həsən Əhmədov media nümayəndələri olduğunu söyləyib. Təqsirləndirilən baş redaktor isə hakimin yalan danışdığını, onların Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları olduğunu bildirib: “Niyə yalan danışırsız? Mən bu adamları tanıyıram. Mən 1 ildən çox DTX-da saxlanmışam, oradan məhkəməyə aparılıb-gətirilmişəm. Bu adamları da görmüşəm. İndi gözümün için baxa-baxa yalan danışırsız. DTX əməliyyatçılarının jurnalist kimi təqdim edirsiz. Ayıbdır…”

P.Aslanov hakimin göstərişilə məhkəmə zalından çıxarıldıqdan sonra proses onun iştirakı olmadan davam etdirilib. Həyat yoldaşı G.Aslanova da buna etiraz etdikdə hakim Həsən Əhmədov onun da çıxarılmasına göstəriş verib.

P.Aslanovun aclıq etməsi, onun hazırkı durumu haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

P.Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. O, ötən il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.

Həmin hökmdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. Növbəti məhkəmə iclası fevralın 4-nə təyin edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, P.Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

P.Aslanov isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasətMəhkəmədə: DTX əməliyyatçılarını jurnalist kimi təqdim edirsiz…