“Məhbəsdə, yoxsa torpağın altında”

Çeçenistan hakimiyyəti öz opponentlərinin qohumlarına qarşı yeni təqib dalğasına başlayıb

Иллюстрация Мейдан ТВ


“Kavkazski uzel”in materialları əsasında

Nə baş verib

Yanvarın 20-də Rusiyada çeçen hüquq müdafiəçisi Abubakr Yanqulbayevin anasını oğurlayıblar. Çeçen güc strukturlarının əməkdaşları Nijni Novqorodda Yanqulbayevin anası Zarema Musayevanın dalınca gəliblər. Bu şəhər Rusiyanın başqa bölgəsində yerləşir. Şəkərli diabetdən əziyyət çəkən qadını paltarsız və zəruri dərmanları olmadan naməlum istiqamətdə aparıblar. Bundan əvvəl onu döyüblər. Qadının hazırda harada olması barədə səhih məlumat yoxdur. “Saxlanılma”dan təxminən bir həftə sonra Çeçenistan Respublikasının ombudsmeni Mansur Soltayev “İnstagram” səhifəsində video paylaşıb. Həmin videoda, o, guya Qroznıdakı xüsusi saxlanma kamerasının əməkdaşlarına zəng vurur və sabiq hakimin həbs olunmuş arvadı Zarema Musayevanın sağlamlığı barədə məlumat alır. Sosial şəbəkə istifadəçiləri videonu “teatr” adlandırıb, Musayevanın oğlu isə bəyan edib ki, indi hüquq müdafiəçilərinin baş verənlərə münasibətdə daha çox sualı var.     

“Mənim bir hüquqşünas və hüquq müdafiəçisi kimi, Çeçenistanın insan haqları üzrə səlahiyyətlisinə yaydığı video ilə bağlı bir sıra sualım var. Bu video inandırıcı deyil, əksinə daha çox şübhə doğurur”, – Abubakr Yanqulbayev öz “Telegram”kanalında yazıb.  

Ailə niyə təqiblərə məruz qalıb 

Çeçenistan lideri Ramzan Kadırov Yanqulbayevlər ailəsini terrorizmi və ekstremizmi dəstəkləməkdə günahlandırır. Kadırovun bəyanatına görə, Yanqulbayevləri mütləq tutmaq, müqavimət göstərdikləri təqdirdə isə məhv etmək lazımdır. Bu bəyanatdan sonra Musayevanın əri və qızı Rusiyanı tərk etmək məcburiyyətində qalıb. Abubakr Yanqulbayev hələ yeni ildən əvvəl Rusiyanı tərk edib. Kadırov bəyan edib ki, Zarema Musayevanın oğlanları analarının dalınca Çeçenistana gəlməlidirlər.

Çeçenistan lideri özünün növbəti bəyanatında Prezident yanında İnsan Haqları üzrə Şuranın üzvü və “İşgəncələrə Qarşı Komitə”nin rəhbəri İqor Kalyapini və “Novaya qazeta”nın Çeçenistanda baş verənlər barədə çox yazan jurnalisti Yelena Milaşinanı “terrorçu” adlandırıb. “Novaya qazeta” bu bəyanata cavab olaraq, Rusiya mərkəzi hakimiyyətinin məsələyə münasibət bildirməsini tələb edib. Hərçənd aidiyyatlı orqanlar bu tələbdən boyun qaçırıb.  


Girov götürülmüş qohumlar

2021-ci ilin dekabrında Abubakr Yanqulbayev Çeçenistanda qohumlarının oğurlanması barədə xəbər verib. Onun sözlərinə görə, 37 adam oğurlayıblar. Doğmalarının oğurlanması barədə digər çeçenlər də məlumat yayıblar. Respublika hakimiyyəti həmin  adamları müxtəlif səbəblərdən incidir. Bunlar blogerlər Tumso Abduraxmanov və Minkail Malizayev, “Vayfond”un təsisçisi Mansur Sadulayev və “Human Rights” hüquq-müdafiə təşkilatının direktoru Aslan Arsuyevdir. 

Çeçenistan lideri də oğurlanma faktlarını təkzib etmir. Dekabrın sonunda mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kadırov təxmin edib ki, həmin admaları “təhqir etdikləri şəxslərdən kimsə oğurlayıb”. Belə ki Çeçenistanda “heç kəs qan qisasını” ləğv etməyib. Ramzan Kadırov 2015-ci ilin sonunda birmənalı şəkildə bəyan edib ki, adamların söylədiklərinə və ya etdiklərinə görə qohumları cavab verməlidirlər. “Bizdə adət belədir – qardaş qardaşa görə cavab verir. Mən göstəriş vermişəm ki, onların qardaşlarının, atalarının olub-olmaması, əslən haradan olmaları barədə öyrənsinlər. Onlar niyə respublika rəhbərliyinin və xalqın ünvanına bu cür sözlər işlədirlər? Onlar bilmirlər ki, biz bütün resurslardan istifadə edəcəyik: qanundan, ənənədən, dindən. Daha sonra deyəcəyik ki (ailə üzvlərinə – “Kavkazski uzel”in qeydi), öz qohumlarından özləri baş çıxarsınlar. Əgər onlar ölçü götürməzlərsə, deməli, tələb edəcəyik”, – Kadırov bəyan edib.     

“Kavkazski uzel” açıq mənbələrlə çeçen hakimiyyətinin opponentlərinin 67 oğurlanmış qohumunun siyahısını tutub. Yanvarın 27-nə olan məlumata görə, siyahıda oğurlanandan sonra saxlanılan səkkiz adamın adı var (ikisi Xalitovun qohumu, ikisi Yanqubayevin qohumu və dördü Arsuyevin qohumu).

Ana səhifəDünya“Məhbəsdə, yoxsa torpağın altında”