Məcburi köçkünlər Bərdə-Ağdam yolunu bağladı

Ağdam və Kəlbəcər sakinləri ev problemlərinin həll olunmasını istəyirlər

Source:


Ağdam və Kəlbəcər sakinləri ev problemlərinin həll olunmasını istəyirlər

Martın 30-da Bərdədə məskunlaşan Kəlbəcər və Ağdam rayonlarından olan məcburi köçkünlər etiraz aksiyası keçirərək, Bərdədən Ağdama gedən yolu bağlayıblar. Bu barədə Meydan TV-yə Bərdə sakini Ziyəddin İsmayılov məlumat verib. Onun sözlərinə görə, sakinlərin etirazına səbəb mənzil problemləri olub:

“Mənzil problemləri ilə bağlı başlarına açılan oyunlardan bezən Ağdam və Kəlbəcər sakinləri yolu kəsmişdilər. Öncə 10-12 nəfər etiraz edirdi. Daha sonra ərazidə insanların sayı artdı. Aksiya iştirakçılarından əlavə izləyənlərin də sayı çox idi. Ərazidə təxminən 500-600 nəfər var idi. Bir müddət sonra 30-a yaxın polis və bir o qədər mülki geyimli hadisə yerinə gələrək, ərazini tərk etmələrini tələb etdilər. Onların sözünü dinləməyən məcbui köçkünləri sonradan zor gücünə ərazidən uzaqlaşdırdılar”.

Ziyəddin İsmayılov bildirib ki, aksiya dağıdılarkən iştirakçılara zor tətbiq edilib: “Hətta qadınlara da zor tətbiq edirdilər. Bir nəfər gözdən əlil Qarabağ əlilini də məcburi şəkildə ərazidən uzaqlaşdırdılar. Ona da zor tətbiq edildi. Bundan sonra yol açıldı. İnsanlar yavaş-yavaş ərazini tərk edirlər”.

Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı İsgəndər İsmayılov Meydan TV-yə açıqlamasında bu haqda məlumatları bildirib: “İcra hakimiyyətində hər hansı bir aksiya ilə bağlı məlumat yoxdur”.

Ana səhifəXəbərlərMəcburi köçkünlər Bərdə-Ağdam yolunu bağladı