Kremlin qadağa qoyduğu sənətçilərin sayı 80 oldu

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Sənətçilər dövlət tədbirlərinə dəvət olunmayacaq, ölkədə konsertləri təşkil edilməyəcək

2024-cü il fevralın əvvəlində Rusiya Prezident Adminstrasiyasının əməkdaşlarının əmtəə reklamçılarına və prodüserlərə qadağan olunmuş musiqiçilərin yenilənmiş siyahısını təqdim etdiyi bildirilir.

Bu iddia ilə “Meduza” çıxış edib.

Sayt musiqi sənayesindəki müstəqil mənbələrə istinadən 50 addan ibarət yeni siyahı dərc edib.

Siyahıya əsasən, həmin sənətçilər dövlət tədbirlərinə dəvət olunmayacaqlar və ölkədə konsertləri təşkil edilməyəcək.

Siyahıda olan musiqiçilər arasında — “Demək olar ki, çılpaq” partisinin iştirakçıları Filipp Kirkorov, Lolita Milyavskaya, “Qlyükoza” (“Глюкоза”), Dima Bilan, Anna Asti və Ukraynadakı müharibəyə qarşı çıxan repçi Lokimin (Loqiemean) da var.

Siyahıda müharibə haqqında ehtiyyatla danışan, həmçinin ümumiyyətlə, münasibət bildirməyən və hətta Rusiyanı dəstəkləyən vətənpərvər tədbirlərdə çıxış edən sənətçi və qrupların da adlarına rast gəlinir.

“Bu, üçüncü iterasiyadır”, – siyahıya düşən sənətçilərdən biri “Meduza”ya deyib.

İfaçının sözlərinə görə, Ukraynaya qarşı hərbi əməliyyatlar yeni başlayanda, Rusiya Prezident Adminstrasiyası ilə əlaqəli adamlar ona xəbərdarlıq ediblər ki, belə siyahılar olacaq. Əgər o, mövqeyini dəyişməsə, adı siyahıya düşəcək.

“Meduza”nın musiqi sənayesindəki mənbəsi təsdiqləyir ki, yeni siyahı birbaşa Kremldə tərtib edilib.

Əmtəə reklamçısının bildirdiyinə görə, onlara zəng edərək siyahıdakı müğənnilərə dövlətin pulları ilə konsertlər təşkil etmək, həmçinin xaricdə reklamını etmək qadağan olunub.

Siyahıya salınan sənətçilərdən birinin dediyinə görə, stop siyahıları Rusiya Prezidentinin İctimai Layihələr üzrə Administrasiyasının rəhbəri Sergey Novikov tərəfindən təsdiq edilir.

“Meduza” mənbələri Novikovu “kino, teatr və musiqinin əsas senzoru” adlandırır.

Novikov isə rəsmi şərh sorğusuna cavab verməyib.

Rusiya mətbuatında qadağan olunmuş musiqiçilərin məxfi siyahılarının olması ilə bağlı dəfələrlə məlumatlar yayılıb.

Daha öncəki siyahıda 30 musiqçi (Zemfira, Valeriy Meladze, Andrey Makareviç (“Машина времени” qrupunun solisti) və qrupun adı var.

Rəsmi Kreml isə belə bir siyahının mövcudluğunu  inkar edir.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra hər iki cəbhədəki müğənni, musiqiçi və sənətçilərə qarşı da soyuq müharibə başlayıb.

Müharibəyə etiraz edən sənətçilərə Rusiyada qadağalar tətbiq edilir.

Onlar Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” siyahısına salınırlar.

Bəzi mədəniyyət adamları isə ümumiyyətlə, Rusiyanı tərk ediblər.

Əslən Ukraynadan olan sənət adamlarına isə Rusiyada bütün qapılar bağlanıb.

Hətta bəzi sənətçilər həm Ukrayna, həm də Rusiyada arzuolunmaz şəxs hesab edilirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il oktyabrın 20-də Ukraynada doğulan, lakin Rusiyada peşəkar fəaliyyət göstərən şəxslərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Sanksiyalar beş il müddətinə tətbiq edilib və aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, ticarətə qadağa və kapitalın Ukraynadan çıxarılması, Ukraynada özəlləşdirmə və icarə işlərində, torpaq alınmasında iştirak qadağası daxil olmaqla, 15 məhdudiyyət bəndini əhatə edib.

Siyahıya 3600-dən çox fiziki və hüquqi şəxsin adı daxil edilib.

Onların arasında müğənnilər də var.

Sanksiya nəticəsində ukraynalı olan, Rusiyada yaradıcılığını davam etdirən müğənni Ani Lorak Kiyevdə 400 kvadratmetrlik 1,5 milyon dollar dəyərində evini itirib.

Ana səhifəMədəniyyətKremlin qadağa qoyduğu sənətçilərin sayı 80 oldu