Kinotənqidçi: “Mədəniyyət Nazirliyinin sifarişi ilə 3-4 film çəkməklə kino inkişaf etməyəcək”

Sevda Sultanova, Foto: Kulis.az

““Daxildəki ada” orta səviyyəli filmdir”

Kinotənqidçi Sevda Sultanova rejissor Rüfət Həsənovun “Daxildəki ada” filminin “Oskar” mükafatına namizədliyinin irəli sürülməsini şərh edib.

O, Meydan TV-yə deyib ki, əsas şərtlərdən biri təqdim edilən filmin prokatda olmasıdır.

“Daxildəki ada” ilə bağlı düzgün təbliğat strategiya qurulmadığı üçün onu da “Oskar” mükafatına təqdim edilən digər Azərbaycan filmlərinin aqibəti gözləyir:

“Azərbaycanda prokat sistemi formalaşmayıb. Rüfət Həsənovun filmi hazırda ölkə kinoteatrlarında nümayiş olunur. Amma mən buna daha çox formal prokat kimi baxıram. Çünki filmlə bağlı düzgün reklam strategiyası olmadı, haqqında danışılmadı. Günlərin bir günü, səhər durub gördük ki, film artıq prokatdadır. Kino sahəsindəki çox ciddi problemlərin mövcudluğu və həll olunmamasının məsuliyyəti həm də Rüfət Həsənovun rəhbərlik etdiyi şöbənin (Mədəniyyət Nazirliyinin Kino şöbəsi nəzərdə tutulur-red) üzərinə düşür”.

Sevda Sultanova hesab edir ki, Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyasına sanballı film göndərmək üçün Azərbaycanda il ərzində heç olmasa 20-30 film çəkilməlidir.

Belə olan halda, Azərbaycan Kinematoqrafçılar İttifaqının “Oskar” komitəsinin seçimi də geniş olacaq:

“Rüfət Həsənovu istedadlı rejissor sayıram, nəinki istedadlı məmur. Sənət meyarları ilə baxsaq, “Daxildəki ada” orta səviyyəli filmdir. “Xarici dildə ən yaxşı film” nominasiyasında qalib gəlmiş “Parazitlər”lə müqayisədə zəif əsərdir. Bu nominasiyada rəqabət çox güclüdür. Təsəvvür edin ki, güclü, inkişaf etmiş kinosənayeyə və kinoənənlərə malik Avropa, Latın Amerikası, Asiya ölkələrinin kinematoqrafçılarının filmləri ilə mübarizə aparırsan. Anlaşılan “Daxildəki ada”nın alternativi olmayıb. Bu və başqa səbəblərdən Azərbaycanın qısa siyahıya düşməyi sual altındadır”.

“Yoxsa, Mədəniyyət Nazirliyinin sifarişi ilə, dövlət büdcəsi hesabına ildə 3-4 tammetrajlı film çəkməklə kino inkişaf etməyib, etməyəcək də. Hələ bunun özü sualdır ki, həmin filmlər uğurludurmu, gəlir gətirəcəkmi, dünya kino bazarında satılacaqmı, nüfuzlu festivalda yüksək mükafat alacaqmı? Demək istəyirəm ki, kinoya baxışı dəyişmək, kinoistehsalatı yaratmaq lazımdır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Oskar” komitəsi rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmini Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyasına göndərib.

“Daxildəki ada” filminin mükafata layiq görülüb-görülməyəcəyi bu il dekabrın 21-də bəlli olacaq.
Həmin tarixdə “Xarici dildə ən yaxşı film” nominasiyasında “shortlist”ə daxil edilmiş 15 filmin adı açıqlanacaq.

94-cü “Oskar” mükafatlandırma mərasimi 2022-ci il mart 27-də keçiriləcək.

Azərbaycan 2007-ci ildən “Xarici dildə ən yaxşı film” üzrə “Oskar” mükafatına filmlərini təqdim edir.
“Qafqaz” (“Caucasia”) – rejissor Fərid Hümbətov (2007), “Qala” (“Fortress”) – rejissor Şamil Nəcəfzadə (2008), “Sahə” (“ThePrecinct”) rejissor İlqar Safat (2010), “Buta” (“Buta”) – rejissor İqlar Nəcəf(2012), “Çölçü” (“Steppe Man”) – rejissor Şamil Əliyev (2013), “Nabat” (“Nabat”) – rejissor: Elçin Musaoğlu (2014), “Nar bağı” (“Pomegranate Orchard”)– rejissor İlqar Nəcəf (2017) filmləri “Oskar”a təqdim olunsa da, namizədlikləri irəli sürülməyib.

Ana səhifəMədəniyyətKinotənqidçi: “Mədəniyyət Nazirliyinin sifarişi ilə 3-4 film çəkməklə kino inkişaf etməyəcək”