Kənd sakinləri: Bələdiyyə sədrindən şikayət etdiyimiz üçün həbs təhlükəmiz var

Kənd sakinləri deyirlər ki, 20 ildir müxtəlif vəzifələr tutan Əlibala Səlimovdan hamı təngə gəlib.

Source: Specify Source


Əlibala Səlimovla oğlu 3 kənd sakinini məhkəməyə verib

Neftçalanın Mürsəqulu kəndinin 3 sakinini bələdiyyə sədri Əlibala Səlimov və oğlu Özal Səlimov məhkəməyə verib.

Həmin sakinlər Çingiz Səmədov, Həmid Usubov və Rövşən Abdullayev və daha 7 nəfərdir.

Meydan TV-yə məlumat verən kənd sakinləri deyirlər ki, onların məhkəməyə verilmə səbəbi ittiham edildikləri xuliqanlıq maddəsinə görə deyil. Əsl səbəb illərdir bələdiyyə sədri olan Əlibala Səlimov barəsində aidiyyatı qurumlara şikayət məktubları göndərmələridir.

“Əsas 3 nəfərin adı keçir, ancaq ümumilikdə 10 nəfərin həbs və cərimələnmə təhlükəsi var. Biz apreldə Əlibala Səlimovun əməllərindən boğaza yığılaraq etiraz etmişdik. Səbəb də Əlibala Səlimovun kəndin inkişaf fondunun 63 hektarlıq torpağını mənimsəməsi olub. O, torpaq islahatları dövründə kənd əhalisinin öz pay torpaqlarından kəsib kəndin inkişaf torpağı fonduna bağışladığı əraziləri əkib-becərir, gəliri mənimsəyir. Üstəlik, heç həmin gəlirdən vergi də vermir”, – Çingiz Səmədov deyir.

O əlavə edir ki, Əlibala Səlimov kəndlilərə həmin torpaqdan istifadəyə imkan vermir:

“Hətta həmin torpağın 9 hektarını oğlu Özal Səlimovun adına rəsmiləşdirib. Guya hərrac keçirilib və həmin hərracda 9 hektar torpaq sahəsini Özal Səlimov alıb. Halbuki kəndlilərin heyvanını otarmağa torpağı yoxdur, əziyyət çəkirik. Nə qədər deyirik, bələdiyyə sədri bizi vecinə almır. Torpaqları istədiyi kimi, özünə yaxın olan insanlara paylayır, ancaq bizə örüş sahəsi ayırmır. Nəinki örüş sahəsi, yeni evlənən ailələrə də “torpaq yoxdur”, – deyir. Ancaq oğlu budur neçə illərdir saxta yolla mənimsədiyi həmin 9 hektar ərazini əkib becərir. Yazıq kəndli də heyvanını bilmir harada otarsın”.

img_2566.jpg
“O, torpaq islahatları dövründə kənd əhalisinin öz pay torpaqlarından kəsib kəndin inkişaf torpağı fonduna bağışladığı əraziləri əkib-becərir, gəliri mənimsəyir”

Çingiz Səmədov deyir ki, apreldə kənd camaatı bələdiyyə sədrinin bütün bu əməllərinə etiraz edib:

“Həmin zaman Əlibala Səlimovun bacısı oğlu toplaşıb etiraz edən kəndliləri təhqir etdi. Xanımlı, kişili hamı əkin sahəsinin yaxınlığında toplaşmışdı, polis də gəlmişdi. Nə isə bu oğlan bizə dedi ki, içinizdə kişi yoxdur deyəsən, qadınları qabağa vermisiz. Onun bu sözündən qəzəblənən insanlar həmin əkin sahəsinin qapısını vurub açdı. Köhnədən, Sovet dövründən qalma qapı idi, pis gündə. Həmin qapı qırıldı. İndi Əlibala Səlimov bizi polisə, məhkəməyə verib ki, guya biz bunun qapısını qırmışıq, xuliqanlıq etmişik. Üstəlik, bununla da kifayətlənmir. Deyir, budur neçə ildir biz onun oğlunu həmin 9 hektar ərazidə əkin-biçin etməyə imkan verməmişik və onlara ziyan vurmuşuq. Buna görə də bizdən 50 min manat tələb edir”.

Sakinlər deyirlər ki, Əlibala Səlimov indiyə qədər həmin əraziləri qanunsuz əkib-becərib, heç kim də buna narazılıq etməyib. O, həmin torpaqdan azı 1-2 milyon pul əldə edib. Hələ azmış kimi bir də xalqdan pul istəyir:

“Camaat əkinlə-biçinlə, heyvandarlıqla çətinliklə dolanır. Heç heyvanımızı otlatmağa örüş sahəsi, əkib-becərməyə onun qədər yer də tapmırıq, hardan alaq o qədər pulu? Deyəsən ağlı özünün var-dövlətinə gedib. Elə bilir hamının 50 minləri var”, – kənd sakinləri əlavə edir.

img_2485.jpg
“Camaat əkinlə-biçinlə, heyvandarlıqla çətinliklə dolanır”

Əlibala Səlimov da Meydan TV-yə oğlunun hərracda icarəyə 9 hektar torpaq sahəsi götürdüyünü təsdiqləyib. Bildirib ki, burada qanunsuz heç nə yoxdur:

“Qanunsuzluq edən sənədli-sübutlu icarəyə götürdüyümüz torpaqlarda əkin-biçin etməyə imkan verməyən kənd sakinləridir. Hələ azmış kimi apreldə vurub bizə aid torpaq sahəsinin qapısını da qırıblar. Bu, xuliqanlıqdır. Mən də haqlı olaraq onları polisə, məhkəməyə vermişəm. Düzdür ki, onlardan 50 min manat da təzminat istəmişəm. Çünki bizim orada əkib-becərməmizə imkan vermir, bizə ziyan vururlar”.

Əlibala Səlimov əlavə edib ki, bu gün onun əvvəlki kimi imkanı da yoxdur. Oğlu Bakıda kirayədə yaşayır. O da çoxu kimi əkin-biçinlə dolanmağa çalışır. Ancaq buna kənd camaatı mane olur:

“O vaxt torpaq islahatları dövründə mən kənd camaatına təklif etdim ki, hərə torpağından 1-2 sot versin. Həmin torpaqlar kəndin örüş sahəsi olsun və hamı heyvanını orada otarsın. Ancaq bu gün “örüş sahəmiz yoxdur”, – deyən sakinlər buna razı olmadılar. İçlərindən “biz heyvanımızı ayağımıza bağlayacağıq” – deyənlər də oldu. İndi nə istəyirlər, anlamıram”.

Kənd sakinləri isə deyirlər ki, 20 ildir müxtəlif vəzifələr tutan Əlibala Səlimovdan hamı təngə gəlib. Hər dəfə saxta yolla seçilir və kənddə istədiyini edir, kimsə də ona bata bilmir:

“Prezidentə, Vitse-prezidentə qədər hamıya, bütün qurumlara yazmışıq. Heç kim bu adama bata bilmir. İndi də yazdığımız şikayətlərin qarşısını almaq üçün bizə qarşı saxta ittiham irəli sürüb ki, guya xuliqanlıq etmişik. Bizə qarşı saxta ittihamlar və xuliqanlıq maddəsi ilə iş açılıb. Həbs təhlükəsi ilə üz-üzəyik. Üstəlik, hakimdən tutmuş polisə qədər hamı onun sözünü deyir. Məhkəmənin hazırlıq iclasında gördük, ab-hava, tərəfkeşlik hiss edilirdi”.

Kənd sakinləri növbəti məhkəmə iclasının noyabrın 4-nə təyin edildiyini söyləyirlər.

Əlibala Səlimov Nefçalanın Xolqaraqaşlı kəndinin bələdiyyə sədridir. Xolqaraqaşlı və Nefçalanın Mürsəqulu kəndləri eyni bələdiyyəyə tabedir. Bu bələdiyyə sədri ilə ictimai fəal, həmin ərazidən bələdiyyə üzvü seçilmiş Vəfa Nağı arasında da problem

yaranmışdı

.

Ana səhifəBölgəKənd sakinləri: Bələdiyyə sədrindən şikayət etdiyimiz üçün həbs təhlükəmiz var