Keçmiş vəkil Namizəd Səfərov barəsində 8 il həbs cəzası istənilib

Namizəd Səfərov – Foto: Facebook səhifəsindən

Dələduzluqda ittiham olunan keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin olunub.

Keçmiş vəkilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərova müraciət edib. Səfərov Vəkillər Kollegiyasının üzvü olmasa da, ona hüquqi yardım göstərə biləcəyini bildirib. O, vəzifəli şəxslərlə əlaqələri vasitəsilə Əfəndiyevanın yenidən vəzifəyə təyin olunmasına kömək edəcəyini vəd edərək ondan 53 min manat alıb.

İttihamda bildirilir ki, Səfərov verdiyi vədi yerinə yetirməyib. Bundan sonra vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib.

Namizəd Səfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir.

Namizəd Səfərov ötən il dekabrın 9-da saxlanılıb.

O, 2005-ci ildə Vəkillər Kollegiyasından xaric edilib. Səfərov bunu Kollegiya rəhbərliyini tənqid etməsi ilə əlaqələndirib. Kollegiya isə qərarı qanunvericiliyin tələblərinin pozulması ilə əsaslandırıb.

Namizəd Səfərov 2020-ci ildə Demokratik Qüvvələrin Milli Şurasından istefa verib.

Ana səhifə ▸ Siyasət ▸ Keçmiş vəkil Namizəd Səfərov barəsində 8 il həbs cəzası istənilib