Keçmiş deputat nazirliyə müraciət etdi: “Kəlbəcərdə təbii abidə dağıdılır”

Foto: Joshua Kucera

“Tərtər çayında nadir balıqları elektrik cərəyanı ilə məhv edirlər”

“İstisu Sudoldurma Zavodunun yanındakı Xöləzək qayası deyilən təbii abidə dinamit qoyularaq partladılır. O qayanın heç nəyə maneəsi yoxdur. Sadəcə, tikintini aparan mühəndislərin şıltaqlığımı, laqeydliyimi, səriştəsizliyimi deyim, nədirsə, böyük bir təbiət abidəsi məhv edilir”.

Bu fikirlər keçmiş deputat Əlövsət Ağalarovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətində yer alıb.

Əlövsət Ağalarov Kəlbəcərə çəkilən yollarda bir sıra problemlərin olduğunu deyir:

“Sizdən bütün kəlbəcəlilər adından xahiş edirəm ki, təcili müdaxilə edib hörmətli Prezidentimizin təbirincə desək: “Dünyanın ən gözəl bölgəsi olan Kəlbəcər”in gözəlliyinin qorunmasını təmin edəsiniz. Bu hal tək hadisə deyil, Tərtər çayının “Qızıl Kitab”a düşən nadir balıqlarını elektrik cərəyanı ilə məhv edirlər, nadir ağacları odun kimi doğrayıb istifadə edirlər. Haqlı olaraq “Təbiət Muzeyi” adlandırılan Kəlbəcərin ecazkar təbiətinin məhv olunmasına biganə qalmayın”.

Foto: Əlövsət Ağalarovun “Facebook” səhifəsindən.

“Sovet vaxtı da Kəlbəcərə laqeyd, dağıdıcı münasibəti Allah bizə bağışlamadı və İlahi ədalətinmi deyim, ədalətsizliyinmi deyim, qarşısında 30 il məşəqqətli ömür sürdük. Bu təbiət abidələrinin qorunması sizin nazirliyin boynunun borcudur. Laqeyd qalsanız, sizi də nə gələcək nəsillər, nə də tarix bağışlayacaq!” – deyə o bildirib.

Keçmiş deputat nazirliyə müraciətində qeyd edib ki, təcili bir komissiya yaradılmalı və dərhal Kəlbəcərə ezam edilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Meydan TV-yə deyib ki, Əlövsət Ağalarovun müraciəti nazirliyə çatandan sonra araşdırlacaq.

O həmçinin qeyd edib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə də məlumat veriləcək.

Kəlbəcər rayonu 1993-cü ilin aprelin 2-də Ermənistan ordusu tərəfindən işğal edilib.

10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Ermənistan Silahlı Birləşmələri tərəfindən boşaldılaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilib.

Ana səhifəSosialKeçmiş deputat nazirliyə müraciət etdi: “Kəlbəcərdə təbii abidə dağıdılır”