Kamil Cəlilov vəfat edib (Yenilənib)

Kamil Cəlilov. Foto: APA

Xalq artisi II Fəxri xiyabanda dəfn olunub

Qoboy ifaçısı, Xalq artisti Kamil Cəlilovun dəfn olunduğu yer dəyişdirilib.Mərhumun Bilgəh qəbristanlığında həyat yoldaşının məzarı ilə yanaşı dəfn olunacağı bildirilsə də, sonradan II Fəxri Xiyabanda torpağa tapşırılıb. Sənətçinin qızı Gülşən Cəlilova qərarın Prezident İlham Əliyev tərəfindən verildiyini deyib.

“Prezident Moskvada səfərdədir, bu qədər gərgin işlərə, görüşlərə baxmayaraq, Kamil Cəlilov sənətini diqqətə alıb, onun II Fəxri Xiyabanda dəfn olunması ilə bağlı tapşırıq verib”, – deyə o bildirib. Gülşən Cəlilova atasının heç bir xəstəlikdən şikayətlənmədiyini, ölümünün gözlənilməz olduğunu deyib:

“Sağlam idi, heç bir xəstəliyi yox idi, hər hansı bir yeri ağrımırdı. Qəfildən oturduğu yerdə keçindi. Su çərşənbəsi idi, bütün balaları başında, yeyib-içib bayram keçirmişik. Saat 22:30-da halı pisləşdi, elə həmin anda da keçindi. Heç kimin ağlına gəlməzdi ki, atam iki saatdan sonra olmayacaq”. 

***

Qoboy ifaçısı, Xalq artisti Kamil Cəlilov 84 yaşında vəfat edib.

Bu haqda məlumatı Mədəniyyət Nazirliyi yayıb.

Nazirlikdən verilən məlumata görə, sənətçi ilə vida mərasimi bu gün saat 15:30-da Bakıxanovdakı İmam Rza Məscidində keçiriləcək.

O, Bilgəh qəbristanlığında həyat yoldaşının məzarı ilə yanaşı dəfn olunacaq.

Kamil Cəlilov 29 yanvar 1938-ci ildə Bakının Buzovna kəndində doğulub.

O, qoboy alətini muğam janrına gətirən ilk musiqiçidir.

Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır.

1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi “Zəminxarə” muğamı 20 Yanvar hadisələri ilə sıx əlaqələndirilir.

1977-ci ildə Qoboyda çaldığı “Muğam” (bəzən “Çahargah ahəngi” adlanır – red.) adlanan kompozisiyası “Voyacer qızıl plastinkası”na daxil olub.

Musiqiçi 1968-ci ildən etibarən pianoçu, Xalq artisti Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olub.

Uzun illər ərzində İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olub.

Ana səhifəMədəniyyətKamil Cəlilov vəfat edib (Yenilənib)