Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Cəmil Məmmədli. Mənbə: Media Hüququ İnstitutu

O özünü yalnız xuliqanlıq ittihamı üzrə təqsirli bilir

Xaçmazda yaşayan və müxtəlif media orqanları üçün Şimal bölgəsində baş verən hadisələrlə bağlı materiallar hazırlayan jurnalist Cəmil Məmmədlinin 10 aya yaxındır davam edən məhkəməsi başa çatıb. Aprelin 17-də  Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Fəhmin Hümbətovun sədrliyilə çıxarılan hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib.

Cəmil Məmmədliyə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə bəraət verilib. Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 221-ci (xuliqanlıq) maddələrilə isə təqsirli bilinib.

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təhqir və böhtan ittihamıyla 2022-ci ildə Cəmil Məmmədliyə islah işləri cəzası verilmişdi. Aprelin 17-də çıxarılan hökmdə həmin cəzanın da çəkilməmiş hissəsi nəzərə alınıb.

Jurnalist özünü yalnız xuliqanlıq ittihamı üzrə təqsirli bilir. Digər ittihamların isə əsassız olduğunu deyir.

Jurnalistin vəkili Fariz Namazlı da çıxışında xuliqanlıq ittihamının Cinayət Məcəlləsinin 128-ci (döymə) maddəsinə tövsif olunmasını, digər ittihamlar üzrə müvəkkilinə bəraət verilməsini istəyib. Vəkil bildirib ki, Cəmil Məmmədliyə qarşı irəli sürülən dələduzluq və hədə-qorxu ilə tələb etmə kimi ittihamların heç bir əsası yoxdur. Məhkəmə istintaqı boyunca ittihamları təsdiqləyən heç bir mötəbər sübut-dəlil ortaya qoyulmayıb.

Cəmil Məmmədlinin xəsarət yetirdiyi iddia olunan şəxslər məhkəməyə ondan şikayətçi olmadıqları barədə ərizə veriblər.

Hədə-qorxu ilə tələbetmə ittiham üzrə zərərçəkən qismində tanınan şəxslər də şikayətçi olmayıb. Onlar bildirib ki, istintaqda verdikləri ifadələr təhrif olunub, Cəmil Məmmədlini tanımırlar, ona saytdan material silmək üçün pul da verməyiblər.

Lakin Gülnarə Həbibova və qardaşı Fuad Həbibov şikayətçi olub, ona ağır cəza verilməsini tələb ediblər. Onlar iddia edir ki, Cəmil Məmmədli 2010-cu ildə qətlə yetirilmiş anaları – Xaçmazdakı “Arzu” Ticarət Mərkəzinin sahibi Nəcimə Babayevanın qətlilə bağlı sübutlar əldə edəcəyini, cinayətin üstünün açılmasına yardım göstərəcəyini deyərək, onlardan pul alıb.

Ancaq Cəmil Məmmədli Həbibovların yalan danışdığını, sifarişlə ona qarşı şikayətçi olduqlarını deyir. Onun sözlərinə görə, bundan əvvəl Həbibovlar onu təhqir və böhtan iddiasıyla məhkəməyə vermişdi.

Ana səhifəBölgəJurnalist Cəmil Məmmədliyə hökm oxundu