İsaxan Aşurov haqqında kitab yazılıb


İsa Qəmbər: “İsaxan Aşurovu qarşılarında görən polislər mitinq iştirakçılarına toxunmurdular”.

Martın 7-də Sülh və Demokratiya İnstitutu “İsaxan Aşurov” adına təsis etdiyi mükafatın təqdimetmə mərasimini keçirdi.  Müsavat Partiyasının qərərgahında gerçəkləşən mərasimdə mükafata partiyanın başqanı İsa Qəmbərin müşaviri, hazırda həbsdə olan vicdan məhbusu Yadigar Sadıqov layiq görüldü.

Təqdimatdan öncə mərhum vəkil İsaxan Aşurov haqda onun fotolarından yığılmış foto-film nümayiş etdirildi. Filmdən sonra Hikmət Hacızadə İ.Aşurov barəsində yazdığı kitabı ilə bağlı fikirlərini bölüşdü:

“Kitab sadəcə İsaxan haqqında deyil, bizim cəmiyyətdə görmək istədiyimiz insan nümunəsi haqqındadır. Biz gənclərimizə göstərmək istəyirik ki, İsaxan kimi olmaq olar”.

İ.Aşurov barəsində İsa Qəmbər də danışdı.

“İsaxan bəy hamının sevdiyi bir şəxsiyyət idi. Hamı bilirdi o necə gözəl insan idi. Ancaq müsavatçılar İsaxanın mitinqlərdə polislərin qarşısında qollarını geniş açaraq sipər olduğunu da yaxşı xatırlayar. Bunu görən polislər həmin iştirakçılara toxunmurdular. Çünki İsaxanın da vaxtilə polis işçisi olmağından çoxunun xəbəri vardı”.

Leyla Yunusa təşəkkürünü bildirən İ.Qəmbər  çətin vaxtlarda Sülh və Demokratiya İnstitutunun  öndə getdiyini vurğuladı. Bundan sonra isə 8 mart beynəlxalq qadınlar günü ilə əlaqədar ona gül dəstəsi hədiyyə etdi.

L.Yunus İsaxan Aşurov dünyasını dəyişdikdən sonra onun adına mükafat təsis etmək qərarına gəldiklərini bildirdi. Bunda mövcud siyasi durum, repressiyaların da rolu az olmayıb.

Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah çıxış edərək hakimiyyətin Y.Sadıqovu tutmaq fikrinin çoxdan olduğunu dedi:

“Yadigar bəy bilirsiniz ki, İsa bəyin mülli məsələlər üzrə müşaviri idi. O bir çox milli zəmində münaqişə çıxarmaq istəyənlərin qarşısını kəsirdi. Biz bunu gözləyirdik. Seçkiqabağı Yadigara Bakıda ev tutmaq planımız vardı. Ancaq hakimiyyət bizi qabaqladı”.

Y.Sadıqovun vəkili Xalid Bağırov çıxış edərək Yadigarla bağlı olan xatirələrindən danışdı:

“Bizim aramızda yaş fərqi olsa da mən Yadigarla dost olmuşam. Özüm də Lənkərandanam. İstintaq zamanı da mənim ovcumun içi kimi tanıdığım yerlərin adı çəkilirdi. Baxmayaraq ki, onların əlində heç bir dəlil, sübut yox idi, günahsız adama 6 il iş verdilər”.

Qeyd edək ki, “İsaxan Aşurov” mükafatı 2013-cü ildə siyasi məhbus, Hilal Məmmədov verilib. H.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib. Müsavat başqanın müşaviri Yadigar Sadıqov 2013-cü il iyunun 27-də həbs olunub. Bu il yanvarın 13-də 6 il xuliqanlıq maddəsi ilə ittiham olunaraq azadlıqdan məhrum edilib.

Ana səhifəVideoİsaxan Aşurov haqqında kitab yazılıb