Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşüb

Foto: Sülh korpusu

Noyabrın 26-da Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüşü keçirilir.

Dəyirmi masa noyabrın 27-dək davam edəcək. Görüşdə hər iki ölkədən ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir.

Azərbaycan nümayəndə heyəti Ermənistana iki ölkənin quru sərhədinin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçərək daxil olub.

Müzakirələrdə 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması, iki cəmiyyət arasında qarşılıqlı etimadın artırılması məsələləri nəzərdən keçiriləcək.

Tərəflər, həmçinin Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, ticarət və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə iş və təhsil sahəsini, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulmasını müzakirə edəcəklər.

“Sülh körpüsü” təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında etimadın artırılması və davamlı dialoqun təşviqi məqsədilə yaradılıb. Platforma çərçivəsində indiyədək bir neçə görüş keçirilib.

İlk görüş 2025-ci il oktyabrın 21-22-də Yerevanda baş tutub, dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbəti görüş həmin ilin noyabrın 21-22-də Bakıda keçirilib. Görüşdə hər iki ölkədən ekspertlər və QHT nümayəndələri iştirak ediblər.

Bu il aprelin 10-12-də Qəbələdə keçirilən görüşdə də vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqi müzakirə olunub.

Platformanın sentyabrın 24-də Yerevanda keçirilməsi nəzərdə tutulan növbəti görüşü isə Azərbaycan tərəfinin qərarı ilə təxirə salınmışdı.

Media həmin qərarı Qarabağdakı mədəni irs ətrafında yaranan mübahisə ilə əlaqələndirirdi. Gərginliyin Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlarla Qarabağa səfəri zamanı iki monastırı “Qafqaz Albaniyası kilsələri” adlandırmasından sonra yarandığı bildirilirdi.

Ermənistan tərəfi abidələrin erməni irsinə aid olduğunu bildirir, onların bu cür təqdim edilməsini sülh prosesinə zərərli hesab edirdi.

Yerevan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan açıqlamasında Azərbaycan tərəfinin görüşü “gərginlik səngiyənədək” təxirə salmaq qərarı verdiyini söyləyib. O, planlaşdırılan görüşlərin təxirə salınmasından deyil, keçirilməsindən yana olduqlarını bildirib.

Rəsmi Bakı həmin vaxt məsələyə münasibət bildirməyib.

Azərbaycan-Ermənistan münasibətlərində 2020-ci il müharibəsindən sonra yeni mərhələ başlayıb. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra Bakı və Yerevan arasında sülh sazişinin hazırlanması prosesi intensivləşib. 2024-cü il ərzində tərəflər arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalar əldə olunub və sərhədin ayrı-ayrı hissələrinin delimitasiyası həyata keçirilib.

2025-ci il avqustun 8-də isə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş keçirilib.

Görüşün nəticəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni paraflanıb və 8 avqust Birgə Bəyannaməsi imzalanıb. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı iddialara son qoyduğu bəyan edilib. Həmçinin Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ilə bağlı razılıq əldə olunub.

Ana səhifə ▸ Siyasət ▸ Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşüb