Kamal İsayevin həbs cəzası qüvvədə saxlanılıb

Kamal İsayev, foto: Youtube kanalı

Həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin apellyasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı 8 il 6 aylıq həbs hökmünü qüvvədə saxlayıb.

Noyabrın 25-də hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin şikayətinə baxılıb. Bu barədə İnsan Haqları Naminə Həmrəylik Komitəsi məlumat yayıb.

Məhkəmədə Kamal İsayev və vəkili Nemət Kərimli ittihamları rədd ediblər. Müdafiə tərəfi İsayevin dövlət əleyhinə çağırışlar etmədiyini, xarici qüvvələrin göstərişləri ilə hərəkət etmədiyini bildirib.

Kamal İsayev ittihamda adı çəkilən şəxsləri tanımadığını deyib. O, Rusiyadakı Azərbaycan səfirliyinin tədbirlərinə maddi dəstək verdiyini, çıxışlarında Azərbaycanın maraqlarını müdafiə edən mövqedən çıxış etdiyini bildirib.

“Görünür ki, bu, mənə qarşı açıq-aşkar qurulmuş işdir”, – İsayev məhkəmədə deyib.

İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, proses zamanı onun barəsində axtarış elan edilməsinin tarixi ilə bağlı ziddiyyət üzə çıxıb. Belə ki, İsayev 2025-ci il noyabrın 4-də Türkiyədə olub, noyabrın 5-də isə barəsində axtarış qərarı verilib.

Rusiya vətəndaşı olan və həmin ölkədə yaşayan Kamal İsayev 2025-ci ilin noyabrında Türkiyəyə tibbi müayinə üçün səfər edərkən saxlanılıb və Azərbaycana ekstradisiya olunub.

Ona Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2026-cı il sentyabrın 8-də onu təqsirli bilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Kamal İsayev “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanallar yaradıb. O, həmin kanallarda Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini tənqid edən çıxışlar edib.

Ana səhifə ▸ Siyasi işlər ▸ Kamal İsayevin həbs cəzası qüvvədə saxlanılıb