Partiya qurultayla bağlı qərar qəbul edib
Mayın 4-də Müsavat Partiyasının X qurultayı keçiriləcək.
Bu barədə Meydan TV-yə partiya başqanının müşaviri Dadaş Əhmədli məlumat verib.
Məlumatda martın 30-da partiya Məclisinin iclasında qurultaya hazırlıqların başa çatdırıldığı və qərar qəbul edildiyi bildirilir.
O deyib ki, Divan da qurultayın keçirilməsi haqda qərar qəbul edib:
“Nizamnaməyə əsasən 4 ildən bir qurultay keçirilməlidir, ona görə hələ növbəti qurultayın vaxtından bir qədər keçib. Əgər yer məsələsində problem olmayacaqsa, qurultay mayın 4-də baş tutacaq. Artıq qurultaya nümayəndələr də seçilib”.
Dadaş Əhmədlinin sözlərinə görə, Məclisin sonuncu toplantısında Qədim Soltanlı İsa Qəmbərin başqanlığa namizədliyini irəli sürüb:
“Digər çıxış edənlər də ona dəstək verdilər. Amma Qədim Soltanlıdan əvvəl Məclisin sədri Nüşabə Sadıxlı İsa bəyin namizədliyini irəli sürmüşdü”.
Partiyanın başqanı Arif Hacılı Meydan TV-yə mayın 4-də qurultayın keçiriləcəyini təsdiqləyib.
O, özünün başqanlığa namizədliyinin irəli sürülməyəcəyini bildirib:
“Çünki nizamnaməyə görə bir nəfər iki dövrdən artıq başqan ola bilməz”.
A.Hacılı 2014-cü ildə Müsavat Partiyasının başqanı seçilib.
Müsavat Partiyasının sonuncu, IX qurultayı 2019-cu ilin oktyabrında keçirilib.
İsa Qəmbər 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.