41 yaşlı qadın 18-ci polis bölməsində cinsi qısnamaya məruz qaldığını iddia edir

Foto: shutterstock/Yta23

Avqustun 15-də saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə aparılan Validə Bayramova adlı (ad və soyad şərtidir) 41 yaşlı qadın orada cinsi qısnamaya məruz qaldığını iddia edir. Onun sözlərinə görə, həmin gün sözügedən bölməyə gətirilib və gecəni bölmənin dəhlizində keçirib:

“Saxlama yerində yer yox idi, kişiləri yerləşdirmişdilər. Ona görə də dəhlizə stul qoyub mənə orada oturmağı tapşırdılar”.

Qadın deyir ki, gecə saatlarında bölmədə bir baş leytenant və çavuş olub. Adını bilmədiyi baş leytenant onu cinsi qısnamaya məruz qoyub:

“Arıq, qarayanız bir oğlan idi. Başladı mənə qadınlarla münasibətindən danışmağa. Dedi ki, bir neçə gün əvvəl saxlanılan bir qadınla ayaqyolunda münasibətdə olub. Mən sərt şəkildə “bunları niyə mənə danışırsan, ayıb deyil?” dedim. Hеç halını pozmadan “gecə 4-ə qədər mən yatıram, sonra mən oyanıram, serjant yatır. O yatandan sonra, keçərik tualetə?”- dedi. Mən də ona “ayıbdır, elə edin ki, az da olsa polisə etimad edək. Mən təqsirləndirilən şəxs ola bilərəm, ancaq əxlaqsız deyiləm”- söylədim”.

V. Bayramova avqustun 16-da günorta saatlarında Nərimanov Rayon Polis İdarəsinin saxlama məntəqəsinə, səhərisi gün isə Bakı İstintaq Təcridxanasına aparılıb. O, Daxili İşlər Nazirliyinə baş verən qısnama hadisəsi ilə bağlı şikayət ərizəsi yazacağını bildirib.

Qadının sözlərinə görə, saxlanıldığı gecə 18-ci polis bölməsində yalnız bir baş leytenant növbədə olub. Bu isə onun iddiasının araşdırılması zamanı həmin polis əməkdaşının kimliyinin müəyyənləşdirilməsini mümkün edir.

Meydan TV həmin gecə 18-ci polis bölməsində növbədə olan baş leytenantın kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərib. Meydan TV-nin sualları arasında həmin gecə bölmədə növbədə olan əməkdaşların kimliyi, qadının iddiası ilə bağlı hər hansı xidməti araşdırma aparılıb-aparılmadığı və polis əməkdaşının məsuliyyətə cəlb olunub-olunmayacağı da olub.

Lakin DİN-dən Meydan TV-nin suallarına cavab verilməyib.

Ana səhifəSosial41 yaşlı qadın 18-ci polis bölməsində cinsi qısnamaya məruz qaldığını iddia edir