”İş yerlərinin ixtisarı, yoxsullq səviyyəsinin yüksəlməsi qaçılmazdır”

Nemət Əliyev: ”Yerli mallar həm daxili, həm də xarici bazarlardan sıxışdırılacaq”

Source:


Nemət Əliyev: ”Yerli mallar həm daxili, həm də xarici bazarlardan sıxışdırılacaq”

İqtisadçı Nemət Əliyev Tarif Şurasının 28 noyabr qərarını “əhalini var-yoxdan çıxaracaq bahalaşma” kimi dəyərləndirib.

İqtisadçı fikrini əsaslandırmaq üçün bildirib ki, manatın sürətli ucuzlaşmasının təsiri ilə yaşanan bahalaşma, enerji daşıyıcılarının qiymətlərinin artırılmasına dair Tarif Şurasının dünən qəbul etdiyi qərarın təsiri ilə daha da böyüyəcək.

O, bu barədə öz “Facebook” səhifəsində yazıb: “Qeyri-əhali istehlakçı qrupuna təbii qazın hər min kubmetrinin satış qiyməti 100 manatdan 200 manata qaldırılıb. Bu kateqoriyadan olan istehlakçı qrupuna elektrik enerjisinin satış qiyməti 28,6 faiz artırılıb (kilovat/saatı 7 qəpik idi, indi 9 qəpik olub). Kimya və alüminium sənaye müəssisələri, dağ-mədən filizi əsasında poladəritmə istehsalı ilə məşğul olan müəssisələr istifadə etdikləri elektrik enerjisinə görə bundan sonra gecə-gündüz rejimindən asılı olaraq 38-40 faiz çox ödəmə etməli olacaq. Əsas hissəsi Azərbaycan Hava Yolları tərəfindən istifadə olunan reaktiv yanacağın tarifi 22 faiz, soba mazutunun tarifi isə 2,4 dəfə qaldırılıb”.

İqtisadçı deyir ki, bu qərarın təsiri ilə elektrik enerjisindən, təbii qazdan, reaktiv yanacaqdan, soba mazutundan istifadə edən bütün istehsal, xidmət, iaşə sahələrində maya dəyəri yüksələcək və bu hesaba qiymətlər bahalaşacaq. “Qida məhsullarının, içkilərin, tütün məmulatlarının, tikiş, geyim, toxuculuq, kimya və metallurgiya sənaye məhsullarının qiymətlərində gözəgəlimli bahalaşma baş verəcək. Bu qərar hava nəqliyyatı ilə daşımalarda xidmət haqlarının, habelə benzinin, dizelin, sürtkü yağlarının və istilik enerjisinin bahalaşması üçün zəmin yaradıb. Enerji daşıyıcılarının bahalaşdırılması son zamanlar aşağı düşmüş alıcılıq qabiliyyətinə ciddi zərbə vuracaq. Bu hesaba istehsal və xidmət sahələrində iqtisadi fəallıq aşağı düşəcək”.

Nemət Əliyev deyib ki, maya dəyərinin yüksəlməsi daxili və xarici bazarlarda yerli malların rəqabət qabiliyyətini zəiflədəcək: “Yerli mallar həm daxili, həm də xarici bazarlardan sıxışdırılacaq. Yəni, qeyri-neft sektorunda itkilərimiz böyüyəcək. Odur ki, iş yerlərinin ixtisarı, yoxsullq səviyyəsinin yüksəlməsi qaçılmazdır”.

Ana səhifəAnalitika”İş yerlərinin ixtisarı, yoxsullq səviyyəsinin yüksəlməsi qaçılmazdır”