Bu gün, martın 12-də İranın dövlət televiziyasında Müctəba Xameneinin ali lider seçiləndən bəri ictimaiyyətə ilk müraciəti yayımlanıb.
Müctəba Xameneinin müraciətini aparıcı oxuyub.
“İran öz şəhidlərinin intiqamını alacaq, Hörmüz boğazını bağlı saxlayacaq və ABŞ-nin bazalarına hücum edəcək”, – dövlət televiziyasında oxunan bəyanatında yeni ali lider Müctəba Xamenei bildirib.
Bu, atasının öldürülməsindən sonra ali lider postunda onun verdiyi ilk açıqlamadır.
Xamenei həmçinin bildirib ki, ABŞ regiondakı bütün bazalarını bağlamalıdır. Onun sözlərinə görə, İran sahili boyunca uzanan və dünya neft tədarükünün beşdə birini təmin edən boğaz bağlı qalmalı, düşmən üzərində təzyiq vasitəsi kimi istifadə edilməlidir.
Yeri gəlmişkən, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağaei İtaliyanın “Corriere della Sera” qəzetinə açıqlamasında yeni ali lider Müctəba Xameneinin ABŞ və İsrail tərəfindən edilən hücumlar zamanı yaralandığını təsdiqləyib, amma onun özünü yaxşı hiss etdiyini də əlavə edib.
“Reuters” agentliyi və “The New York Times” qəzeti isə adını açıqlamadığı mənbələrə istinadən yazmışdı ki, M.Xamenei atası, keçmiş ali lider Seyid Əli Xameneinin öldüyü hücum zamanı yaralanıb.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Əsas səbəb isə İranın nüvə proqramı, regional təsiri və ABŞ-İsrail maraqlarına təhlükə yaratması olub. Nəticədə regionda gərginlik artıb və mülki əhali ilə infrastruktur ciddi zərər görüb. Tehranın da cavab zərbələri fonunda yaranan regional gərginlik neft və qazın qiymətlərində kəskin artıma səbəb olub.
Bahalaşmanın əsas səbəbi hazırda Hörmüz boğazında yaranmış vəziyyətdir. Dünyanın neft-qaz tədarükünün təxminən 20 faizi bu boğazdan keçir. İranın boğazı bağlaya biləcəyi ilə bağlı bəyanatlardan sonra tankerlərin hərəkətliliyi məhdudlaşıb, bir çox gəmilər limanlarda lövbər salıb. Analitiklər xəbərdarlıq edirlər ki, münaqişə uzanarsa və boğaz tam bağlanarsa, neftin qiyməti 100 dollara və daha yuxarı səviyyəyə qalxa bilər.
Hücumlar zamanı İranın ali dini lideri Əli Xamenei martın 2-də öldürülüb. Ardınca İranın Ekspertlər Məclisi Əli Xameneinin oğlu Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib. İsrailin müdafiə naziri İsrael Katz isə bildirib ki, “İran tərəfindən İsraili məhv etmək, Amerika Birləşmiş Ştatlarını, azad dünyanı və region ölkələrini təhdid etmək planını davam etdirmək üçün təyin olunacaq istənilən lider birbaşa hədəfə çevriləcək”.