İnsanı deyil, maraqlarını idarə edin…

Bəşər tarixinə baxanda görürük ki, həmişə müxtəlif ad və ideologiyalar altında insanın özünü idarə etməyə, hətta yeni insan tipi formalaşdırmağa çalışan sistemlər, ölkələr, hətta imperiyalar mütləq çöküb, məğlubiyyətlə üzləşib və ya dünyanın ən geridəqalmış ölkəsinə çevrilib

Source:

Bəşər tarixinə baxanda görürük ki, həmişə müxtəlif ad və ideologiyalar altında insanın özünü idarə etməyə, hətta yeni insan tipi formalaşdırmağa çalışan sistemlər, ölkələr, hətta imperiyalar mütləq çöküb, məğlubiyyətlə üzləşib və ya dünyanın ən geridəqalmış ölkəsinə çevrilib. İnsanı idarə etmə cəhdi müharibələrə, fəlakətlərə səbəb olub.

Sovet keçmişimizdə də kommunist ideologiyası ancaq insanı idarə etməyə, onu qorxutmağa, çəkindirməyə, nəhayət yeni insan modeli – sovet insanı yaratmağa çalışırdı.

Dini ağırlıqlı ölkələr də əsl mömin – yeni növ insan yetişdirməyə çalışırdılar. Bu gün də ona çalışırlar, ancaq effekti olmur.

Şimali Koreya, Çin, Rusiya, Venesuela, Səudiyyə, İran və buna bənzər bəzi digər dövlətlər müxtəlif adlar altında yeni insan yetişdirməklə – insanı idarə etməklə məşğuldurlar.

Sivil dünya isə insanın marağını idarə edən sistemlərə və idarəetmə formasına çoxdan qovuşub, öz uğur hekayəsini bunun üzərində qurub və bu modelin bəhrəsini görüb.

Çox kiçik, primitiv, amma hər birimizin rastlaşdığı valideyn-uşaq münasibətinə nəzər salaq: Valideyn istəyir ki, uşaq vaxtında yatsın, normal yesin, dərs oxusun, sağlam olsun və s. Uşaq isə istəyir ki, çox oyun oynasın, gec yatsın, cizgi filmi izləsin, az oxusun – bu da onun marağıdır. Bəzi valideynlər marağlarını döyməklə, qorxutmaqla, uşağın başına qapaz vurmaqla təmin etmək istəyir. Görüntü olaraq istəyinə çata bilər, amma keyfiyyət baxımından istəyi alınmayacaq. Bəziləri isə uşağın marağını istifadə edir. Yeməyini ye – 1 saat oyun oyna, dərslərini oxu – 1 saat küçədə oyna, əlavə kitab oxu – 1 saat tv izlə və s. Bu “sosial kontrakt” işləməyə başlayanda hər iki tərəfin marağı təmin edilir. Yəni, valideyn uşağını qorxu və qapazla idarə etməkdənsə, onun maraqlarını idarə edərək, daha yaxşı nəticəyə nail olur.

Bu gün Azərbaycan hökuməti böhrandan çıxmaq üçün çeşidli “Yol Xəritələri” qəbul edir. Hamısının ən başlıca fəlsəfi problemi insanı idarə etmək cəhdidir. Bütün “xəritələrdə” əsas oyunçu dövlətdir, mücərrəd dövlət marağıdır, addımların hamısı insanları məcbur etmək, onları nəzarətdə saxlamaq üçündür. Hər şey insanın özünü idarə etməyə hesablanıb. Dövlətin iki əsas funksiyası olmalıdır – Ədalətli Hakim və Təşviqedici İnstitut, vəssalam.

Dövlət “gedin pampıq əkin” deməməlidir və ya əkilmiş pampığı dövlət büdcə işçilərinə zorla yığdırmamalıdır – bütün bunları etmək üçünsə öz “qapazından”, gücündən istifadə etməməlidir. Dövlət pampıq əkəndə, zavod tikəndə, obyekt açanda və bütün bu proseslərdə həlledici, qərarverici olanda hər şeyin zayı çıxır, izafi xərclər yaranır, rentabellik məhv olur.

Dövlət vətəndaşın marağını idarə etməyi öyrənməlidir, amma bizim dövlət bundan çəkinir, çünki marağı təmin edilən vətəndaşın sonda səsi də sayılmalıdır. Dövlət ancaq güc, qorxu və xofla insanı idarə etmək istəyəndə, sonu fəlakət olur. Bunu heç kim unutmasın. Məndən bu qədər, yazdım, siz isə oxuyub düşünün, əsas da qalstuklu, qərar verən müəllimlər düşünsünlər…

Ana səhifəAnalitikaİnsanı deyil, maraqlarını idarə edin…