İnanclı məhbus Alim Yusifov yenidən cərimə kamerasına salındığı üçün aclıq elan edib

Alim Yusifov. Foto: Şəxsi arxivindən

Noyabrın 24-də inanclı məhbus Alim Yusifovun 12 saylı Cəzaçəkmə Müəssisəsində kars müddəti daha 7 gün uzadılıb. O, noyabrın 18-də 6 günlük intizam kamerasına salınsa da, dünən öz kamerasına qaytarılmayıb. Bu haqda onun ailəsi Meydan TV-yə məlumat verib. 

Alim Yusifov satış məqsədilə qanunsuz narkotik maddə əldə etmə və ya saxlama, istehsal etmə, daşıma, köçürmə və ya satma və digər maddələrlə ittiham olunub.  O, 2024-cü ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhbusun ailəsi Meydan TV-yə bildirib ki, yenidən karsa qaytarılan Alim Yusifov  etiraz olaraq aclıq elan edib. 

Onun yenidən 7 gün müddətinə cəzalandırılmasının səbəbləri açıqlanmayıb. 

İnanclı məhbusun ailəsi Meydan TV-yə bildirib ki, Alim Yusifovun səhhətində ciddi problemləri var və yenidən karsa salınması onun vəziyyətini daha da ağırlaşdıra bilər: 

“Onun ödündə problem var, böyrəyində daş var və mədə-bağırsaq xəstəliyindən də əziyyət çəkir. Hər dəfə yanına gedəndə iynə-dərman, “peredaça”, hamısı bir yerdə 800 manata başa gəlir. Ona görə elə olur ki, görüş vaxtı çatanda da yanına gedə bilmirik. İndi vəziyyətindən çox nigaran qalmışıq”. 

Alim Yusifovun noyabrın 18-də karsa salınması həyat yoldaşı Türkan Əhmədova ilə görüş zamanı otaq üçün ondan pul tələb edilməsinə görə yaşanan insidentlə əlaqəli olub. 

Belə ki, bu haqda Meydan TV-yə danışan həyat yoldaşı onlardan otaqdan istifadə üçün 70 manat tələb edildiyini bildirib. Pul verməkdən imtina edən Alim Yusifovla müəssisə əməkdaşları arasında mübahisə yaranıb və nəticədə o, karsa salınıb. 

Alim Yusifovun yenidən karsa salınması ilə bağlı həm Ədliyyə Nazirliyinə, həm də Penitensiar Xidmətə müraciət edildiyini bildirən ailə üzvləri şikayətlərinə cavab ala bilmədiklərini deyirlər.

Meydan TV məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxlasa da, suallarına cavab ala bilməyib. 

Hazırda ikinci dəfə həbs cəzası çəkən Alim Yusifov 2018-ci ildə Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və bundan sonra iyulun 10-da baş verən etiraz aksiyası ilə əlaqədar saxlanılıb. 2019-cu ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2023-cü ilin dekabrında əfv olunaraq azadlığa buraxılıb.

Ana səhifə ▸ Xəbərlər ▸ İnanclı məhbus Alim Yusifov yenidən cərimə kamerasına salındığı üçün aclıq elan edib