İmran Əliyev və onunla birgə ittiham olunan ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva məhkəmədə özlərini təqsirli bilmədiklərini bəyan ediblər
“meclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cövdət Mehralıyev ittiham aktını elan edib.
İttiham aktına görə, “meclis.info” saytı və eyni adlı sosial şəbəkə hesabları qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmayıb. İmran Əliyev, Elgiz Qəhrəman və Tamella Musayeva adıçəkilən saytdan istifadə edərək xarici donor təşkilatlarından qrant alaraq gömrükdə bəyan etməyib, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə ittiham olunurlar.
İttihama görə, onlar bu əməli törədərkən saxta sənədlər də hazırlayıblar. Eyni zamanda onlar bu əməlləri “AbzasMedia işi”nə görə həbs olunan şəxslərlə birgə törətməkdə də təqsirləndirilirlər.
Prosesdə zərərçəkən qismində Gəncə Regional Vergi İdarəsi tanınıb.
İmran Əliyev, Elgiz Qəhrəmanlı və Tamella Musayeva özlərini təqsirli bilməyib.
Növbəti proses iyunun 17-nə təyin edilib.
İmran Əliyev 2024-cü il aprelin 19-da saxlanılıb.
Elgiz Qəhrəman və Tamella Musayeva isə daha sonra iş üzrə təqsirləndirilən şəxs qismində tanınıb və onların barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergidən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İmran Əliyev ittihamları rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən “meclis.info” saytına rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.