İlham Əliyev: Şuşanın tarixi siması saxlanılmalıdır, hər hansı bir tikiliyə yol vermək olmaz

Prezident bildirib ki, Şuşada yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər

Source: Specify Source


Azərbaycan Prezidenti: "Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür"

“Sovet vaxtında tikilmiş “Xruşovka”lar deyilən binalar, – hansı ki Şuşanın memarlıq ansamblını kobudcasına pozur”

“İnfrastruktur layihələrinə gəldikdə, Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən orada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib. Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur”.

Bu

açıqlama

nı dövlət başçısı İlham Əliyev Şuşa şəhərinin xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edərkən səsləndirib.

Prezident bildirib ki, Şuşada yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər: “Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər. Ona görə infrastruktur layihələrinin icrası, əlbəttə ki, birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Siz bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləmisiniz, təcrübəniz var və əminəm ki, bu işlərə rəhbərlik edəcəksiniz”.


“Şuşanı azad etdiniz, kimdən azad etdiniz?”

İlham Əliyev sual edib ki, ermənilər nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər: “Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan? Əgər sən Ermənistan olaraq bəyan edirdin ki, Şuşanı azad etdiniz, kimdən azad etdiniz? Dinc əhalidən azad etdiniz? Azərbaycanlılardan azad etdiniz? Yaxşı, əgər hesab edirdiniz ki, siz bunu azad etmisiniz, niyə binaları dağıdırsınız? Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə-yeksan edirsiniz? Orada təkcə bizim məscidlərimiz yox, bütün binalar dağıdılıb. Sovet vaxtında tikilmiş “Xruşovka”lar deyilən binalar, – hansı ki Şuşanın memarlıq ansamblını kobudcasına pozur, – qalmışdı, orada da məskunlaşmışdılar. Mən Şuşada olarkən bu dağıntıları öz gözümlə görmüşəm. Elə bil ki, oradan vəhşi qəbilə keçib, vandallar Şuşanı bu günə salıblar. Sonra da deyirlər ki, Şuşa erməni şəhəridir. Bu, növbəti erməni yalanıdır, saxtakarlığıdır! Onların bütün tarixi saxtakarlıq və mifologiya üzərində qurulub. Onlar və onların müxtəlif ölkələrdəki havadarları onlar üçün saxta tarix yaradıblar və bu saxtakarlıq bu gün də davam edir. Baxın, görün erməni nümayəndələri və onların xaricdəki havadarları Şuşanın azad olunması ilə bağlı nələr deyirlər? Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır! Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq”.


“Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi”

Dövlət başçısı şəhərin işğalında AXC-Müsavat hakimiyyətini suçlayıb: “Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olub. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib – 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır”.


“26 Bakı komissarı – o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi”

İlham Əliyev bildirib ki, Azərbaycan tarixinin həqiqətə uyğun olması ilə bağlı alimlər, mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar: “Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı – o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”.


“Bərpadan sonra Şuşada həyat qaynamalıdır”

Prezident Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etdiyini deyib: “Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar. Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır. Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Çünki Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mən artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etmişdim. Onların arasında siz də var idiniz və vəziyyətlə tanış oldunuz. Bu qrup bir neçə gün Şuşada qalıb, bütün təftiş, təhlil işlərini aparıb və mənə məruzə edib. Şuşanın bərpası bunun əsasında aparılacaqdır. Eyni zamanda, biz, əlbəttə ki, Şuşanın bərpadan sonrakı həyatını da geniş müzakirə edəcəyik. Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər – festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır”.

Ana səhifəSiyasətİlham Əliyev: Şuşanın tarixi siması saxlanılmalıdır, hər hansı bir tikiliyə yol vermək olmaz