İki general həbs olunub

Daha sonra onların təqsirləndirilən şəxs qismində tanınması haqda qərar qəbul edilib.

Foto: Meydan TV


Keçmiş MTN-in idarə rəisləri haqqında məhkəmə qərarı çıxarılıb

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş iki general həbs olunub. Bunlar nazirliyin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik etmiş Nizami Şirinovdur.

Adları çəkilən generallar aprelin 5-də Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra onların təqsirləndirilən şəxs qismində tanınması haqda qərar qəbul edilib. Ardınca prokuror onların istintaq dövründə həbsdə saxlanması üçün məhkəməyə təqdimat verib. Nəsimi rayon Məhkəməsində təqdimata baxılıb və təmin olunub. MTN generallarının barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti də məlumatı təsdiqləyib.

“Yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – prokurorluqdan Meydan TV-yə bildirilib.

Hər iki general Eldar Mahmudov nazir olduğu dövrdə MTN-də idarələrə rəhbərlik edib. 2015-ci ilin oktyabrında MTN-in 20-dən artıq vəzifəlisinin həbsi ilə nəticələnən əməliyyatdan sonra Mövlan Şıxəliyev və Nizami Şirinov da vəzifədən uzaqlaşdırılıb.

Xüsusən Mövlan Şıxəliyevin adı bir sıra qalmaqallarda hallanıb. MTN işi üzrə zərərçəkmişlər təzyiqlərə məruz qalmaları, onlardan külli miqdarda rüşvət alınmasıyla bağlı ifadələrində onun adını çəkiblər.

Ana səhifəSiyasətİki general həbs olunub