Redaksiyadan: NİDA Vətəndaş Hərəkatının iki ilə yaxın müddətdə həbsdə qalıb, bu yaxınlarda azadlığa buraxılmış üzvü Üzeyir Məmmədli həbsdə ikən məhbus yoldaşı, NİDA-çı Şahin Novruzlunun atası İbrahim Novruzlunun qəfil vəfatını eşidəndə bu məktubu yazmışdı. Müəyyən səbəblərdən məktubu ancaq indi dərc edə bilirik.
İbrahim əmiylə bütün görüşlərimi deyə bilmərəm, amma ilk və son görüşümüz yaddaşımda həmişəlik qalacaq . Hər iki görüşün tarixləri saatbasaat yadımdadır. İlk dəfə – 7 mart 2013-cü ildə – Şahin Novruzlu həbs olunan gün onların həyətində tanış olduq. Axşam saat 11-12 arasında, qaranlıq həyətdə İbrahim əminin yanında qohumları, mənim yanımda Rəşadət (NİDA Vətəndaş Hərəkatının hazırda həbsdə olan üzvü Rəşadət Axundov – red.) və Rəşad (NİDA Vətəndaş Hərəkatının hazırda həbsdə olan üzvü Rəşad Həsənov) var idi.
1-2 saat əvvəl MTN əməkdaşları İbrahim əminin tək oğlu Şahini, 94 mindən artıq pulunu və başqa dəyərli əşyalarını aparmışdılar. Həmin axşam bizimlə könülsüz danışırdı İbrahim əmi. Hələ işin ciddiliyinin fərqində deyildi. Deyəsən, bizi də eləcə, ciddiyə almırdı. Qaranlıq olduğundan sifətini tam görə bilməsək də, o bizə daha çox aparılan pulunun dərdini çəkirmiş kimi göründü.. Hər halda, ondan ayrılanda üçümüz də eyni fikirdəydik. İbrahim əmini daha yaxından tanıyandan sonra mənə aydın oldu ki, həmin axşam İbrahim əmi barədə fikirləşdiklərimizin haqlı və haqsız tərəfləri vamış.
Yanılmışdıq. Ona görə ki, İbrahim əminin Şahini, eləcə də bizləri necə sevdiyini bizim məhkəmə prosesini və ümumiyyətlə həbs prosesini izləyən və dəstək olan hər kəs gördü. Zaman bizim kimi onun da əleyhinə işləyirdi. Məhkəmə salonunda bəzən üsyankara çevrilirdi İbrahim əmi. Bəzən qəhərdən boğulduğu üçün məhkəmə zalını tərk etməli olurdu. Ədalətin gülüş hədəfinə çevrildiyi o məkanda, o həyat enerjisini ətrafa xərclədiyi qədər də özünə saxlasaydı!. Bəlkə bu gün yaşayardı İbrahim əmi…
İbrahim əmi barədə düşündüklərimizin düz tərəfi o idi ki, həmin axşam 17 yaşlı oğlunun həbsi ilə müasir Azərbaycan tarixində ən böyük repressiya dalğasının başladığını, oğlunun yeniyetməlik həvəsi ilə yazdığı facebook mesajlarının və evdən götürülən, başqa insanlara aid olan həmin 94 min manatın üzərindən hansı oyunlar qurulacağını, həmin mesajlarla və pulla silahlanan Azərbaycan hakimiyyətinin bugünə qədər ABŞ kimi bir dünya gücünü ölkədə inqilab etməklə ittiham edəcəyini o bilmirdi.
Bilsə idi, bəlkə də elə həmin axşam ürək damarları partlayardı. Bunları bilmədiyinə görə, Şahinin həbsinin bir yanlış anlaşılma olduğunu , tanışlıq və ya pul vasitəsilə yaxın müddətdə buraxılacağını düşünürdü. Ancaq Azərbaycan hüquq-mühafizə orqanlarını tanıdığı üçün götürülən pulları geri qaytarmağın çətin olacağını, bəlkə də heç mümkün olmayacağını fikirləşirdi. Sonradan olanlar göstərdi ki, İbrahim əmi həmin axşam düz fikirləşirimiş. Özü görə bilməsə də, Şahin 1 il 7 aydan sonra azadlığa buraxıldı. Amma 94 min manat hələ də geri qaytarılmayıb və yaxın müddətdə qaytarılana bənzəmir. Bəlkə də İbrahim əmi öz ölümü ilə Şahinin azadlığa buraxılmasını tezləşdirdi. İbrahim əmi ilə həbsimdən öncəki görüşlərimdə mənə elə də isti münasibət göstərmədiyinin fərqindəydim. Bu, bəlkə də, bizi yaxından tanımadığından qaynaqlanırdı. Hətta bir dəfə mənə demişdi ki, sən və Rəşad həbs edilsəydiniz, sizin üçün daha rahat olardı, Şahin isə hələ uşaqdır.. O zaman mən ondan ilk axşamkı təəssüratlarım barədə də soruşa bilməzdim… Yeddi ay davam edən məhkəmələrimiz zamanı İbrahim əmini hər dəfə görürdüm, amma təbii ki, uzun uzadı söhbət etmək imkanımız olmurdu. Həbsdən azad olunandan sonra daha çox imkanımız olacaqdı, təəssüflər olsun ki, İbrahim əmi həmin günü görə bilmədi. Ona görə də mən həmişə yuxarıda yazdığım öz versiyama inanacam.
İbrahim əmi ilə bağlı başqa xatirələrim olsa da, bir də unutmayacağım son görüşümüz var… Son görüşümüz Kürdəxanıda ( 1 saylı Bakı İstintaq Təcridxanası) Şahinin 19-cu doğum gününün sabahısı günü oldu. Mən vəkilimlə görüşdən çıxırdım, İbrahim əmi isə ailəsi ilə birlikdə Şahinlə həftəlik görüşə gəlirdi. Kürdəxanıda son dövrlər özü və ya yaxınları olmuş insanlar bu dar məkanın qaydalarını yəqin ki, bilirlər. Təcridxanada bizim digər siyasi məhbuslarla, onların yaxınları və ya digər vəkillərlə, lap elə müstəntiqlərlə belə hər hansı bir təmasımıza icazə verilmirdi. Vəkilə və ya görüşə çıxanda lazım gəldiyində ətrafımıza “divar” hörürdülər. Həm də bu tək bizim üçün deyil, yaxınlarımız üçün də keçərli idi. Həmin gün isə təsadüfən bizə görüşmək imkanı yarandı. Əməkdaşlarda ani bir diqqətsizlik olmuşdu. İbrahim əmi aralıdan məni görən kimi tələsik yaxınlaşdı və “əməkdaşlar yaxınlaşmamış görüşək” deyərək məni qucaqladı. Tez duyuq düşən əməkdaşlar bizə söhbət etməyə imkanı vermədilər. Bundan heç bir ay keçmədi ki, İbrahim əmi aramızdan ayrıldı və o təsadüfi rastlaşma bizim son görüşümüz oldu.
Mən bunu o zaman bilmirdim. Bilsəydim, nə isə dəyişəcəkdimi, onu da bilmirəm. Bircə onu bilirəm ki, İbrahim əmi bizim qəlbimizdə özünə bir sevgi payı qazanıb getdi. Bəlkə də dünyadan dördəlli yapışsaydı, ölümün belə yaxında olduğunu öncədən duya bilsəydi, haqsızlığı, ədalətsizliyi içinə salmasaydı bu gun də yaşayardı…
06.12.2014
Kürdəxanı. Bakı İstintaq Təcridxanası.