Eyni bədbəxtlik, eyni xoşbəxtlik

Gürcüstanda etiraz aksiyaları. Foto: Meydan TV

Zərdüşt Əlizadə

Əsas mətləb hakimiyyətdir

Lev Tolstoy “Anna Karenina” romanını dillər əzbəri olmuş bu cümlə ilə başlayır: “Bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdirlər, bədbəxt ailələrin hər biri başqa cür bədbəxtdir”.

Görəsən bu eyni cür xoşbəxtliyi və fərqli bədbəxtlikləri müxtəlif xalqlara da aid etmək olarmı?
Geniş tarixi müstəvidə müxtəlif xalqların tarix və talelərində oxşar və fərqli cəhətləri tapmaq və müqayisə etmək mümkündür. İqtisadiyyat üzrə son Nobel mükafatını uğurlu və uğursuz xalqların vəziyyətlərindəki xüsusiyyətlərin onların taleyinə təsirini öyrənmiş üç amerikalı alimə vermişlər, onlardan biri erməni əsilli türkiyəli professor Daron Əcəmoğludur. Onlar öz araşdırmalarında siyasi-ictimai institutların keyfiyyətinin müxtəlif xalqların iqtisadi və ictimai inkişaf səviyyəsinə göstərdiyi təsiri təsvir etmişlər. Məlum olmuşdur ki, varlı və xoşbəxt xalqlar eyni cür xoşbəxtdirlər, kasıb və bədbəxt xalqlar da eyni cür bədbəxtdirlər.
“Demokratik Gürcüstan möcüzəsi” 2011-ci ildə solmağa başladı, 2024-cü il seçkisində tam solub büzüşdü. Möcüzənin “solğun çiçəy”ə çevrilməsinin rəmzi kimi möcüzə müəllifi sayılan Mixail Saakaşvili Tbilisi məhbəsində, daha doğrusu, həbsxana xəstəxanasında yatır, onun həbsi artıq daha az adamı hiddətləndirir, cəmiyyət onun bədbəxt taleyinə daha çox biganə qalır.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

İndi gürcü müxalifəti hakimiyyətlə didişib seçki nəticələrini ləğv etməyə çalışır, hərçənd ki, hamı bilir: əbəs əziyyətdir. Sərrast atalar sözündə deyildiyi kimi:
“İt tutduğunu buraxmaz”.
Hakimiyyət istədiyi nəticəyə çatmaq üçün xeyli fənd işlədib, onların təkrarına heç fikri və həvəsi yoxdur. Bidzina İvanişvili polis və təhlükəsizlik xidmətlərinin işçilərinin maaşını elə yüksək həddə qaldırıb ki, bu maaş xatirinə onlar gürcü etirazçılarını xurd-xəşil salanda dərin məmnuniyyət hissi keçirirlər. Hələlik polis ümumi vəziyyəti nəzarətdə saxlayır, hərçənd ki, dövlət cihazında sezilən aşınma başlayıb.

Kim üstün gələcək? Məncə, rəqib tərəfin qanını tökməyə kim daha asanlıqla razı olsa, o da bu siyasi oyunu aparacaq. Ola bilsin ki, rəngli inqilabların standart ssenarisinə uyğun olaraq naməlum snayperlər tüfənglərini işə salsınlar. Lakin belə variantın ehtimalı daha güclüdür: 4 müxalifət partiyası atılıb-düşəcək, xeyli naz edəcək, sonda hakimiyyətlə hansısa ortaq məxrəcə gələcək. Bidzina İvanişvili deputatların aylıq maaşını 3 dəfə, 4 min laridən 12 min lariyə qaldırıb. Digər atalar sözündə deyildiyi kimi: “Adın nədir? Daşdəmir. Yumşalısan, yumşalı”.

Əsas budur – 13 ildir ki, Gürcüstanın hakimi-mütləq ağası olan Bidzina İvanişvili dövlət və kütlə üzərində nəzarətini əldən vermədi.

Qaldı demokratiya-avtokratiya, Avropa-Rusiya seçimi mətləblərinə, bunlar əsas mətləbin bəzək və naxışıdır. Əsas mətləb hakimiyyətdir. Kimsə bu əsas mətləbin İvanişviliyə qismət olmasını ölkənin bədbəxtliyi saya bilər, kimsə fərqli düşünə bilər, sizin həqir bəndəniz isə hesab edir ki, hər bir xalq, çeynənmiş fikrə görə məni bağışlayın, malik olduğu hakimiyyətə layiqdir.

Necə ki, şanlı və qəhrəman Azərbaycan xalqını bizim tam layiq olduğumuz hakimiyyət idarə edir.

Azərbaycanı müstəqilliyə gətirmiş hərəkatın içindən çıxmışam və onu yaxşı tanıyıram. Həm tanıyıram, həm də amansız tənqid edib demişəm ki, bu tövr tərzi-hərəkətlə hərəkatın rəhbərləri kütləni gətirib salacaq istibdad tövləsinə, orada da hərə salacaq başını axurun içərisinə və əksəriyyətin istəyi artıq azadlıq və yaradıcılıq deyil, pay uğrunda itələşmə olacaq.

Demişəm və ümumun nifrətini qazanmışam. Mütləq əksəriyyət mənə tənə edib və onu dərənin dibinə aparan dələduzların dalıyca yüyürüb. Niyə?

Çox sadə səbəbdən. Nə rəhbərlər, nə də kütlə ayrı yol və ayrı üsul tanımırdılar. Viktor Çernomırdin demişkən, “Hansı partiyanı yaradırsan yarat, sonda Sov.İKP alınacaq”. Tövlə və axur kütlənin bildiyi və vərdiş etdiyi məfhumlardır. Kütlə rəhbər, dəmir əl, atalıq qayğısı, dəyərli göstəriş, sürəkli alqış, sərt sillə, möhkəm şapalaq və güclü qapaz sevir. Mülayim münasibəti, yumşaq rəftarı, düşünmək və hakimiyyəti bölüşdürmək təklifini səfeh Bambılının və ağciyər Aybənizin acizlik əlaməti sayır.

Eyni vəziyyət qonşu və sevimli Gürcüstandadır. Bu ölkədəki siyasi hadisələri də yaxından izləmişəm. Heyrətə gəlmişəm ki, biri müsəlman, digəri xaçpərəst olan bu iki xalq bir-birinə nə qədər bənzəyir!

Musiqi, incəsənət və mətbəx sahəsində nə qədər istedadlı və bənzərsiz olsalar da, siyasi bilik və davranış sahəsində bir o qədər dayaz və bisavaddırlar. Bəsit və gülünc millətçi düşüncə baxımından Zviad Qamsaxurdia Əbülfəz Əliyevlə bir almanın ikiyə bölünmüş hissələri idi. 1989-cu ildə “Gürcüstan SSRİ-dən çıxmaq üçün gərək əvvəl NATO-ya girsin” deyən Çanturiya elə həmin ilin payızında kütləyə “Mən Qorbaçovu Meydana gətirəcəyəm” vədini verən Etibar Məmmədovla elə bil əkiz qardaş idi. Kütləni Sovet Ordusunun vəhşi təpiyinin altına birinci gürcü millətçiləri 1989-cu ilin aprel ayının 9-da sürüyüb saldılar, onların bu səfeh cinayətini sizin həqir bəndənizin 3 dəfə etdiyi xəbərdarlığa rəğmən AXC liderləri 1990-cı ilin yanvar ayının 20-də təkrar etdilər.

Gürcüstanın müasir siyasət tarixində bircə işıqlı səhifə var: Saakaşvilinin demokratik islahatları. Azərbaycanın müasir siyasət tarixində bircə işıqlı səhifə var: Qarabağın işğaldan azad edilməsi.

Hələlik Gürcüstanda vətəndaş hüquqları bizdəkinə nisbətən daha genişdir. Lakin hara tələsirik? Ay var, il var, İvanişvili gələn seçkilərə qədər bu azadlıqları da buxovlayıb gürcü kütləsinin ağzını bağlayar.

Kütlədən nə isə asılıdırmı? Kütlədən heç yerdə, heç vaxt və heç nə asılı olmayıb. Kütlə dələduzluqla və bicliklə gözəl idarə edilir. Bu tilsimli dairədən qurtulmağın yeganə yolu kütlənin xalqa çevrilməsidir. Bu isə uzun yoldur: vərdişlər, ənənələr, institutlar yaranmalıdır. İllər, bəzən isə əsrlər tələb olunur.

Qəm yeməyin, ruhdan düşməyin. Ən qabaqcıl xoşbəxt xalqlar belə bəzən bədbəxtlyə düçar olurlar.

Tək daima xoşbəxt olan xalqlar elə xoşbəxt yaşayırlar, özü də bir birlərinə hədsiz çox bənzəyirlər.

Ana səhifəMənim FikrimcəEyni bədbəxtlik, eyni xoşbəxtlik