Cəzasız cinayətlər

Azərbaycan-Ermənistan. Foto: Ilin Sergey/shutterstock

Zərdüşt Əlizadə

Zaman və şərait hər bir insanı öz qurbanına çevirə bilər

Bütün cəmiyyətlərdə cinayət törədilir. Cinayət tək-tük, təsadüfi baş verəndə, dövlət bu cinayəti törədəni aşkarlayıb qanunun hökmü ilə onu cəzalandırır. Cinayət kütləvi miqyas alanda, canilər isə əl-qol açıb cövlan edəndə, cəzasız qalanda, deməli, cəmiyyət xəstələnib, dövlət isə ya zəifləyib, ya da özü cinayətkara çevrilib və labüd süqut ərəfəsindədir.

Hər hansı dövlətdə etnik-ərazi münaqişələri alovlanırsa, bu, onun əlamətidir ki, həmin dövlət zəifləyib və xəstədir. Əgər bu münaqişələri körükləyən canilər qanunun hökmü ilə sərt cəzalandırılmırsa, deməli, dövlət süqut ərəfəsindədir.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Biz bu danılmaz və sadə həqiqətləri öz təcrübəmizdə, nüvə silahı, kosmik gəmiləri və qorxunc DTK-sı olan SSRİ-də gördük və müşahidə etdik. Xəstə Sovet İttifaqının ya satqın, ya ağıldan kəm rəhbərliyinin təhriki ilə ölkədə çoxsaylı etnik-ərazi münaqişələri ocaqları qalandı və dünyanın ikinci güclü dövləti çöküb dağıldı.

Dünyada elə etnik-ərazi münaqişəsi olmur ki, onun hər iki tərəfi cinayət törətməsin. Təbii ki, bu cinayəti törədənləri millətçilər milli qəhrəman və xalq fədaisi sayırlar. Münaqişə alovlananda beyinlər qızır, gözləri qan tutur və bəşəri əxlaq və qanunlar unudulur.

Etnik-ərazi münaqişələrində hər iki tərəf, istisnasız olaraq, hər iki tərəf cinayət törədir. Yuqoslaviya dağılanda Qərb serblərə qarşı idi, albanları və xorvatları müdafiə edirdi, məğlub serbləri cəzalandırmaq və öz əxlaqsız siyasətinə abır donu geyindirmək məqsədilə Haaqada bir dənə Yuqoslaviya münaqişələrinə baxan Beynəlxalq Məhkəmə təsis etdi.

İlk bir neçə ildə Haaqaya xeyli sayda serb siyasətçisini və hərbçisini, hətta Yuqoslaviyanın və Serbiyanın Prezidenti olmuş Slobodan Miloşeviçi sürüyüb gətirdilər, ağır ittihamlar irəli cürüb onlara böyük cəzalar kəsdilər. Lakin məhkəmə istintaqı dövründə elə faktlar üzə çıxdı ki, bir neçə ildən sonra bu Haaqa Məhkəməsi üzünün suyunu qorumaq naminə başladı dünənə qədər Qərb mediasında günahsız qurban kimi təqdim edilən albanların və xorvatların siyasi xadimlərini və hərbçilərini mühakimə etməyə və cəzalandırmağa. Bəlli oldu ki, serb tərəfinin cinayətlərindən heç də az olmayan cinayətləri alban və xorvat milli qəhrəmanları və fədailəri törədiblər.

Sözümün canı nədir? Bu yaxınlarda bir siyasətşünas yığıncağında bir azəri bəradərim inamla elan etdi ki, xalqımız humanist və alicənabdır, ömründə heç vaxt vəhşilik və cinayət törətməz. Dinmədim, fikirləşdim ki, münaqişə sona yetib, həqiqəti açıb deməsək, gələcəkdə yeni cinayətlər üçün macal yaradarıq. Həqiqət nə qədər acı da olsa, şirin yalandan min qat faydalıdır. Cənubi Qafqazda cərəyan etmiş bütün münaqişə hadisələrində, istər gürcü-abxaz, istər azərbaycanlı-erməni, hamısında tərəflərin nümayəndələri cinayət törədiblər.

Əksər cinayətlər cəzasız qalıb, xain sovet rəhbərliyinə əl verəndə hansısa canilər cəzalandırılıb, əksəriyyət isə heç məsuliyyətə cəlb edilməyib. Cinayətlərin əksəriyyəti hakimiyyət tərəfindən törədiləndə və ya təşkil ediləndə, məhz belə vəziyyət yaranır.

Münaqişə illəri ərzində çox cinayət törədildi, bəziləri cəmiyyətə çatdırıldı, əksəriyyəti gizlədildi. Bəzi talanlar ucqar, gözdən uzaq yerlərdə gizlicə törədildi, bəzilərini siyasi məqsədlər naminə iri şəhərlərdə, dünyanın diqqətini cəlb edərək təşkil etdilər. 1989-cu ilin aprel ayının 9-da Tbilisidə qətlə yetirilmiş 18 insan, 1991-ci ilin yanvarında Vilnyus və Riqada öldürülmüş 13 vətəndaşın qətli dünyanı cuşə gətirib silkələdi, 1990-cı ilin yanvar ayının 20-də Bakıda, Lənkəran və Neftçalada öldürülmüş 138 binəvanın qətli dünyanın demək olar ki, vecinə gəlmədi. Necə ki, 2023-cü ilin oktyabr ayının 7-də HƏMAS-ın öldürdüyü 1300 israilli Qərb dünyasının ağalarını hədsiz təsirləndirdi, bir il ərzində İsrail ordusunun qırdığı 43 min ərəbin taleyi bu rəhbərlərin tükünü belə tərpətmədi.

Bəli, Fələstində gedən qanlı qarşıdurma mahiyyətcə etnik-ərazi münaqişəsidir və siyasi-əxlaqi meyarlarla ölçülərsə, Azərbaycan-Ermənistan münaqişəsindən fərqlənmir.

On minlərlə fələstinli terror ittihamı ilə İsrail zindanlarında yatır, milyonları qovmuş, yüz minləri öldürmüş İsrail rəhbərlərinə – bu dəfə Baş nazir Netanyahuya və keçmiş müdafiə naziri Qalanta – qarşı ilk dəfədir ki, Haaqa Cinayət Məhkəməsi həbs qərarı verib. Belə həbs qərarı RF-nin Prezidenti Vladimir Putin üçün də var.

ABŞ və Rusiya (Azərbaycan da) Haaqa Məhkəməsinin səlahiyyətlərini tanımır, ona qoşulmayıb. Ermənistan qoşulub və ümid edir ki, bu və digər məhkəmələrə Azərbaycanı verib bizdən xeyli vəsait qoparacaq.

Məzəli mənzərədir, deyilmi? Azərbaycana qarşı təcavüz edib on minlərlə insanı öldürmüş, milyon insanı didərgin salmış, xalqımıza və dövlətə onlarla milyard dollar həcmində ziyan vurmuş Ermənistan məhkəmələrdə Azərbaycanı udacağına ümid bəsləyir.

Əsası da var. Bir neçə səbəbdən:

1.Qərb qərəzlidir və erməni tərəfini müdafiə edir.

2.Azərbaycanın hakimiyyəti və əhalinin davranışı Azərbaycana dünyada hüquq müstəvisindən kənarda yaşayan xalq və dövlət adı qazandırıb.

3.Azərbaycan hakimiyyəti beynəlxalq hüquq və insan haqları sahəsində mütləq bacarıqsızlığını dünyaya nümayiş etdirib.

Lakin burada bir əmma var: məhkəmə çəkişmələri böyük məsrəf tələb edir və onun nəticələrinə heç kəs zəmanət verə bilməz.

Məhz bu səbəbdən indiki mərhələdə həm Ermənistan, həm Azərbaycan hakimiyyəti qarşılıqlı surətdə iddialardan imtina məsələsini müzakirə edir. Bəli, Qarabağ viranə qoyulub, xalqa və dövlətə nəhəng ziyan dəyib, erməni tərəfi də Qarabağ ermənilərinin əmlak hüququnun qorunmasını vurğulayır, hər iki tərəf gözəl anlayır ki, ortada sübuta yetiriləsi xeyli mətləb var, lakin məhkəmə çəkişmələrinin mübhəm aqibəti heç bir tərəfi ruhlandırmır.

Ermənistan Bakı məhbəslərində saxlanılan ermənilərin azad edilməsini istəyir, Azərbaycan onları mühakimə edib cəzalandırılmasının tərəfdarıdır. Lakin bu məhkəmə proseslərində bir çox məxfi məsələlər faş ola bilər və bunu istəməyən qüdrətli siyasi oyunçular məhkəmə qurulmasını istəmirlər.

Vaxtında Rusiya FSB-si və Baş Qərargahı ağıllı olsaydı və Qarabağın bisavad erməni rəhbərlərinə mənasız qadağalar qoymasaydı, Azərbaycan 1991-ci ildə “Amnistiya haqqında” qanunu müzakirə etməyə hazır olduğunu bildirmişdi. ABŞ bu təklifi bəyənmiş, Rusiya onu uğursuzluğa düçar etmişdi. “Amnistiya haqqında” qanun, qəbul edilsəydi, yüz faiz barış alınacaqdı və Qarabağ ermənilərinin əksəriyyəti qorxularından cəlai-vətən olmayacaqdı.

Mən istərdim ki, möhtərəm oxucum bilsin və unutmasın: etnik-ərazi münaqişələri yaşamış ölkələrin hamısında rastlaşdığın həmsöhbətinin nə vaxtsa cinayət törətmədiyinə əmin ola bilməzsən. Zaman və şərait hər bir insanı öz qurbanına çevirə bilər.

Ana səhifəMənim FikrimcəCəzasız cinayətlər