“İşçi Masası”nın üzvü Elvin Mustafayev azadlığa buraxılıb

Elvin Mustafayevin azadlıqda fotosu

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev avqustun 4-də cəza müddətini başa vuraraq azadlığa buraxılıb.

Bu barədə Mustafayevin yaxınları Meydan TV-yə məlumat veriblər.

Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə (satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma) ittiham olunurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2024-cü il yanvarın 31-də Elvin Mustafayevi 3 il müddətinə azadlıqdan məhrum etmişdi.

Mustafayev ittihamı qəbul etmirdi. O bildirirdi ki, narkotik maddə üzərinə qoyulub və həbsi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci ildə Azərbaycanda işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılıb. Təşkilatın bir neçə üzvü müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda təşkilatın sədri Afiyəddin Məmmədov, üzvləri Ayxan İsrafilov və Möhyəddin Orucov həbsdədirlər. Onlar müxtəlif ittihamlarla mühakimə olunsalar da, özlərini təqsirli bilmirlər və ittihamların siyasi motivli olduğunu bildirirlər.

Mustafayevin yaxınlarının məlumatına görə, Ayxan İsrafilovun da avqustun 11-də cəza müddətini başa vuraraq azadlığa buraxılacağı gözlənilir.

Ana səhifəXəbərlər“İşçi Masası”nın üzvü Elvin Mustafayev azadlığa buraxılıb