Məhbusun ailəsi onun vaxtından əvvəl azadlığa buraxılmasını istəyir: “Qəsdən yubadırlar”

Mircəfər Hüseynzadə. Fotolar: Meydan TV

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbus kimi tanınan Mircəfər Hüseynzadənin ailəsi onun səhhətindəki problemləri əsas gətirərək cəza müddətinin başa çatmasına bir neçə ay qalmış azadlığa buraxılmasını istəyir.

Bu məqsədlə ailə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin göstərişi ilə Mircəfər Hüseynzadə iki ay əvvəl xəstəxanaya yerləşdirilərək tibbi müayinələrdən keçib. Ailənin bildirdiyinə görə, həkimin rəyi indiyədək məhkəməyə təqdim edilməyib.

Mircəfər Hüseynzadənin həyat yoldaşı Xədicə Hüseynzadə Meydan TV-yə deyir ki, məsələ ilə bağlı dəfələrlə Ədliyyə Nazirliyinin qaynar xəttinə müraciət etsə də, heç bir nəticəsi olmayıb:

“Hər dəfə deyirlər ki, sizinlə əlaqə saxlayacağıq, amma heç bir xəbər-ətər yoxdur. Qəsdən yubadırlar. Elə edirlər ki, həbs müddəti tam olaraq yatsın”.

Xədicə Hüseynzadə  həyat yoldaşının bir sıra sağlamlıq problemlərinin olduğunu deyir. Onun sözlərinə görə, ikinci qrup əlilliyi olan Mircəfər Hüseynzadənin ürək qapağında problem var, böyrəklərindən biri yoxdur, öd kisəsi və gözündən əməliyyat olunub. Dediyinə görə, həyat yoldaşının başında şiş yaranıb.

“Bu adam xəstədir, cəzasının bitməsinə dörd ay qalıb. Bu dörd ayı niyə ona güzəşt etmirlər? Qəsdən istəyirlər ki, məhkəmə keçirilməsin, adam cəzasını çəkib evinə gəlsin”, – Xədicə Hüseynzadə bildirir.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Qazax sakini Mircəfər Hüseynzadə 2024-cü ilin martında Prezident İlham Əliyevə video müraciət edərək işlə təmin olunmasını istəyib. O, müraciətində ailəsini dolandırmaqda çətinlik çəkdiyini, maddi vəziyyətinin ağır olduğunu deyib. Mircəfər Hüseynzadə Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyindən də şikayət edib, onu işlə təmin etmədiklərini deyib. Fəhlə, bağban və ya hambal kimi işləməyə razı olduğunu bildirib. 

Müraciətdən bir həftə sonra, martın 17-də o, saxlanılıb və satış məqsədi olmadan külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və ya daşıma ittihamı ilə təqsirləndirilib. O, Gəncə Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum olunub. 

Ailəsi Mircəfər Hüseynzadənin şərlənərək həbs olunduğunu bildirir.

Onun adı Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın hazırladığı siyasi məhbus siyahısında yer alıb. Siyahıda ümumilikdə 322 nəfərin adı var. Onların çoxu inanclı şəxslərdir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir. Rəsmi mövqeyə görə, heç kim siyasi baxışına və ya fərqli düşüncəsinə görə həbs edilmir, məhkum olunan şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilirlər.



Ana səhifə ▸ Siyasət ▸ Məhbusun ailəsi onun vaxtından əvvəl azadlığa buraxılmasını istəyir: “Qəsdən yubadırlar”