İlham Əliyev yeni icra hakimiyyəti başçıları təyin edib

İlham Əliyev sərəncam imzalayıb – Mənbə: Azərtac

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

Yeni təyin olunanlardan Hacıbaba Babayev uzun illər Binəqədi Rayon İcra Hakimiyyətində çalışıb.

O, 2004-cü ildən Binəqədi RİH sistemində müxtəlif vəzifələr tutub. 2022-ci ildə əvvəlcə şöbə müdiri, daha sonra icra başçısının müavini təyin edilib. Son dövrdə isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Babayev hüquq və iqtisadiyyat üzrə təhsil alıb. O, 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Naftalanın yeni icra başçısı Məmmədiyə Məmmədov isə buna qədər Prezident Administrasiyasında işləyib.

O, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri olub. Məmmədov bu vəzifədə regionlarda keçirilən müxtəlif hesabat yığıncaqları və monitorinqlərdə iştirak edib.

Qaradağın yeni icra başçısı Natiq Oruc oğlu Əliyev barədə isə açıq mənbələrdə geniş bioqrafik məlumat olmasa da o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Məzunları Assosiasiyasının Azərbaycan üzrə sədr müavini olub.

2011-ci ildə isə Azərbaycanın xarici siyasəti ilə bağlı dissertasiya müdafiə edib. Həmin assosiasiyanın sədri isə prezidentin qızı Leyla Əliyevadır.

Ana səhifə ▸ Xəbərlər ▸ İlham Əliyev yeni icra hakimiyyəti başçıları təyin edib