İctimai fəal Sara Rəhimova 28-ci polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir

Sara Rəhimova – Foto: Portağal Media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü, ictimai fəal Sara Rəhimova 28-ci polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir. O, bu barədə oktyabrın 25-də “Facebook” hesabında yazıb.

İctimai fəalın sözlərinə görə, fevralın 21-də pasportunun etibarlılıq müddəti bitdiyi üçün ASAN Xidmətə müraciət edib. Orada ona barəsində cinayət işinin olduğu və ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Daha sonra o, əvvəlcə 28-ci polis bölməsinə, ardınca Səbail Rayon Polis İdarəsinə aparılıb.

Sara Rəhimovanın sözlərinə görə, 28-ci polis bölməsində barmaq izləri götürülərkən polis əməkdaşı ona toxunmağa cəhd edib. Onun etirazına baxmayaraq, bu hal bir neçə dəfə təkrarlanıb.

“Daha sonra məni otaqdan çıxardılar. Mənə toxunmağa cəhd edən şəxs bu dəfə “Sən gözəlsən, cavansan” kimi iyrənc ifadələr işlətməyə başladı”, – deyə Rəhimova yazıb.

O, hadisə zamanı əməliyyatdan cəmi bir gün keçdiyini, ağrılarının olduğunu və tikişlərinin sağalmadığını bildirib. Rəhimovanın sözlərinə görə, daha sonra onu “işgəncə otağı” adlandırdığı yerin yaxınlığına aparıblar və burada psixoloji təzyiqlə üzləşib.

Sara Rəhimova bildirib ki, sonradan barəsindəki cinayət işi ilə bağlı məlumat almaq üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib. Ona işin Bakı Şəhər Baş Polis İdarəsində olduğu deyilib. İctimai fəalın sözlərinə görə, Səbail Rayon Polis İdarəsində müstəntiq Ceyhun Mustafayevlə görüşü zamanı ona “Sən dövlətə qarşı çıxırsan” deyilib.

Sara Rəhimovanın iddiasına görə, müstəntiq Bakı Şəhər Baş Polis İdarəsində çalışan Yaşar adlı müstəntiqlə telefonla danışarkən barəsindəki işin Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə əlaqəli olduğunu bildirib. Həmin maddələr qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq və külli miqdarda ziyan vurmaqla törədilən dələduzluqla bağlıdır. Sara Rəhimova dələduzluq etmədiyini bildirərək, barəsində cinayət işi olduğu deyilirsə, niyə indiyədək ondan ifadə alınmadığını və istintaqın gedişi barədə aydın məlumat verilmədiyini sual edib.

Onun sözlərinə görə, müstəntiq barəsində axtarış elan edildiyini deyib. Rəhimova isə “Mən buradayam, özünüz çağırmısınız, gəlmişəm” cavabını verdiyini yazıb.

İctimai fəalın iddiasına görə, müstəntiq ona “Bu sifariş yuxarıdan gəlib. Bizə nə deyirlərsə, edirik. Sistemdə heç bir məlumat yoxdur, amma üzərinizdə cinayət işi var” – deyib. Rəhimova həmçinin istənilən vaxt həbs oluna biləcəyi barədə xəbərdarlıq aldığını bildirib.

İctimai fəal Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi ilə də iki dəfə görüşdüyünü qeyd edib. Onun sözlərinə görə, görüşlər zamanı barəsindəki işin bağlanması üçün heç nə edə bilməyəcəklərini və qərar gözlədiklərini bildiriblər.

Sara Rəhimova son günlərdə polis əməkdaşının gecə saatlarında ona zəng edərək dəfələrlə görüşmək istədiyini yazıb. O, əvvəlki təcrübələrinə görə polisə çağırılmağın onda ciddi narahatlıq yaratdığını, bəzi son çağırışlara getmədiyini bildirib.

“Bilirəm ki, görüşlərə getməməyim istintaqdan yayınma kimi təqdim edilə bilər. Ancaq mən istintaqdan yayınmıram. Əksinə, hüquqi vəziyyətimin aydınlaşdırılması üçün indiyədək üzərimə düşən addımları atmışam, rəsmi müraciətlər etmişəm və çağırışlar əsasında polis idarələrinə getmişəm”, – deyə o qeyd edib.

İctimai fəal baş verənləri aylarla ictimailəşdirmədiyini, diqqətin siyasi məhbusların vəziyyətindən yayınmasını istəmədiyini bildirib. Onun sözlərinə görə, dostlarının məsləhətindən sonra yaşadıqlarını açıqlamaq qərarına gəlib.

Rəhimova ölkədən çıxışına qoyulan qadağanın müstəqil elmi fəaliyyəti üçün də maneə yaratdığını vurğulayıb. O, barəsindəki işin hüquqi əsaslarının açıqlanmasını, istintaqın şəffaf və obyektiv aparılmasını tələb edib.

“Mənim haqqımda ittihamlar varsa, bunun cavabı təhdid, qeyri-müəyyənlik və alçaldıcı münasibət deyil. Bunun cavabı qanun, şəffaf istintaq və ədalətli hüquqi prosedur olmalıdır”, – deyə Sara Rəhimova yazıb.

Məsələyə Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov və üzvü Möhyəddin Orucov hazırda həbsdədir. 

Konfederasiyanın digər iki üzvü – Ayxan İsrafilov və Elvin Mustafayev isə üçillik həbs cəzalarını başa vuraraq 2026-cı ilin avqustunda azadlığa buraxılıblar. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamları qəbul etməyib, həbslərinin siyasi motivli olduğunu bildiriblər.

Ana səhifə ▸ Xəbərlər ▸ İctimai fəal Sara Rəhimova 28-ci polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir