Hüseyn Abdullayev Müalicə Müəsissəsinə köçürüldü

“Mənimlə görüşə də zorla gəldi”

Source:


Vəkil: “Qan qusur”

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev aprelin 23-də axşam saatlarında saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəsissəsinə köçürülüb. Bu barədə Meydan TV-yə məlumat verən vəkili Cavad Cavadov bildirib ki, müvəkkilinin vəziyyəti kəskin pisləşmişdi, o, qan qusurdu.

Vəkilin sözlərinə görə, o, aprelin 23-də günorta saatlarında cəzaçəkmə müəssisəsində Hüseyn Abdullayevlə görüşərkən onun vəziyyətinin çox ağır olduğunu görüb: “Mənimlə görüşə də zorla gəldi. Həm qan qusur, həm də qan ifraz edir…”

Müdafiəçi sabiq deputatı bu vəziyyətdə gördükdən sonra onun təcili xəstəxanaya köçürülməsi üçün növbəti dəfə müvafiq orqanlara müraciət edib. Bir neçə saat sonra isə Hüseyn Abdullayev Müalicə Müəssisəsinə aparılıb.

Cavad Cavadovun sözlərinə görə, Hüseyn Abdullayevin durumu aprelin 12-dən 17-nə qədər keçirdiyi quru aclıq nəticəsində bu vəziyyətə düşüb: “Onsuz da səhhətində problemlər vardı. Bu müddətdə quru aclıq etməsi, su belə içməməsi onun səhhətini kəskin pisləşdirdi. Qanaxmalar başladı…”

Avropa İnsan Hüquqları Məhkəməsi də bugünlərdə Hüseyn Abdullayevin durumu, ona tibbi yardım göstərilməsilə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib. Hökumət qısa müddətdə o sualların cavabını Avropa Məhkəməsinə göndərməlidir.

Hüseyn Abdullayev aprelin 12-də quru aclığa başlaması haqda məktubunda bildirmişdi ki, bu addımı atmasının səbəbi BMT-nin Əsassız Həbslərlə bağlı İşçi Qrupunun onun işi üzrə qərarının icra olunmamasıdır.

İşçi Qrupu Hüseyn Abdullayevin müraciətini araşdıraraq belə nəticəyə gəlib ki, həm Türkiyə, həm də Azərbaycan hüquq-mühafizə orqanları onun hüquqlarını pozub, o, azadlığa buraxmalıdır.

İşçi Qrup hər iki dövlətin hökumətlərini keçmiş deputatla bağlı halların tam və müstəqil araşdırılmasını təşkil etməyə, onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı tədbirlər görməyə çağırıb.

2014-cü ildə Almaniyada siyasi mühacir kimi sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir.

“Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”, – Hüseyn Abdullayev bildirib.

Ana səhifəSiyasətHüseyn Abdullayev Müalicə Müəsissəsinə köçürüldü