Hüseyn Abdullayev Almaniya səfirinə üz tutdu: Fiziki məhvimə imkan verməyin…

Almaniyada ona verilmiş səyahət pasportu ilə 2018-ci ildə İstanbula gəlməsi, burada saxlanılıb Azərbaycana təhvil verilməsini və həbs olunmasını yada salan sabiq deputat BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun ötən ilin avqustunda keçirilən sessiyasında onunla bağlı qəbul etdiyi qərara diqqət çəkib.

Hüseyn Abdullayev. Foto: Meydan TV


Sabiq deputat əmlaklarıyla bağlı halallıq verməyəcəyini deyir

Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan keçmiş deputat Hüseyn Abdullayev həyatına təhlükə olduğunu bildirir. Ona qarşı sui-qəsd ehtimalı olduğunu deyən Hüseyn Abdullayevin sözlərinə görə, onu öldürüb, intihar kimi təqdim edə bilərlər. Sabiq deputat Azərbaycandakı xarici ölkə səfirliklərinə müraciətində bu barədə yazıb. O, Almaniyada siyasi sığınacaq aldığına görə xüsusən bu ölkənin Azərbaycandakı səfirliyindən gözləntisi olduğunu vurğulayıb.

Azərbaycanda avtoritar sistemə qarşı çıxıb, zorakılıq siyasətini tənqid etdiyinə görə siyasi repressiyalarla üzləşdiyini bildirən Hüseyn Abdullayev müraciətində xatırladıb ki, məhz bu üzdən 2013-cü ildə Almaniyada siyasi sığınacaq alıb, 2018-ci ilə qədər Franfurkt şəhərində yaşayıb.

Almaniyada ona verilmiş səyahət pasportu ilə 2018-ci ildə İstanbula gəlməsi, burada saxlanılıb Azərbaycana təhvil verilməsini və həbs olunmasını yada salan sabiq deputat BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun ötən ilin avqustunda keçirilən sessiyasında onunla bağlı qəbul etdiyi qərara diqqət çəkib. Almaniya səfirliyindən də bu qərarın icrası üçün lazımi addımların atılmasını istəyib: “Həmin qərarda mənim Türkiyədən oğurlanaraq Azərbaycana gətirilməyim və burada həbs olunmağım tamamilə qanunsuz hesab edilib. Mənim dərhal azad edilməyim istənilib. Lakin Azərbaycan hökməti bu qərarı icra etməkdən qəti şəkildə imtina edir. Mənim əmlaklarımı əlimdən alan hakimiyyət mənim ölümümə qərar verib. Mənim torpaq sahələrimdən birində Heydər Əliyev Fondu tərəfindən park salınıb, digərində isə Yeni Azrbaycan partiyasının binası tikilib”.

Hüseyn Abdullayev bildirir ki, BMT-nin qərarının icra olunmamasına etiraz olaraq, quru aclıq keçirib. Aclıq müddətində həkim nəzarətində olmayıb. Durumu kəskin şəkildə pisləşib: “Qanaxmalar başladı. Yalnız qanlı salfetlər mətbuatda göstəriləndən sonra məni 27 apreldə axşam saatlarında təcili Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə apardılar. Burada da heç bir müalicə aparılmır. Məni bağlı otaqda saxlayırlar, gəzintiyə buraxmırlar, təxribata çəkirlər. Birmənalı ölümümə qərar verilib. Ola bilsin ki, öldürüb, sonra özümə qəsd elədiyimi deyəcəklər”.

Sabiq deputat qeyd edib ki, Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə verib. Hazırda yeganə sənədi Almaniya hökumətinin verdiyi siyasi sığınacaq pasportudur: “Almaniya səfirliyinə dəfələrlə vəkillərim və anam müraciət etsə də, mənimlə maraqlanmayıblar. Bu, çox məyusedicidir. Almaniya hökuməti və digər hökumətlər Azərbaycandan BMT-nin mənimlə bağlı məlum qərarının icrasını tələb etməlidir. Xahiş edirəm, nə qədər gec deyil, mənim fiziki məhvimi istəmirsinizsə, mənə kömək edin”.

Hüseyn Abdullayev əmlaklarıyla bağlı dövlət başçısına da müraciət ünvanlayıb: “Mən həyatımda haramla pul qazanmamışam, məmur və korrupsioner olmamışam, əldə etdiyim bütün əmlakların halallığını verib almışam. Mənə və ailəmə məxsus əmlakların qəsb olunmasına görə heç vaxt halallıq verməyəcəm. Mənə olan təzyiqlərə görə atam düünyasını dəyişdi, indi 70 yaşında anam türmələr qapısında qalıb. Ola bilsin ki, o, məni azadlıqda görmədən bu dünyadan köçsün və bunun da günahı sizin üzərinizdə qalacaq…”

2014-cü ildə Almaniyada siyasi mühacir kimi sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir.

“Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”, – Hüseyn Abdullayev bildirib.

Ana səhifəSiyasətHüseyn Abdullayev Almaniya səfirinə üz tutdu: Fiziki məhvimə imkan verməyin…