Hüquq müdafiəçisi Bəşir Süleymanlıya 7 il 6 ay həbs cəzası verilib

Hüquq müdafiəçisi Bəşir Süleymanlı – Foto: Meydan TV

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmə Süleymanlını vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında təqsirli bilib. O, həmçinin bir il müddətinə müəyyən vəzifələri tutmaq hüququndan da məhrum edilib.

Noyabrın 5-də keçirilən əvvəlki iclasda dövlət ittihamçısı hüquq müdafiəçisinə 9 il həbs cəzası verilməsini, üç il müddətinə müəyyən vəzifələri tutmaq hüququndan məhrum edilməsini istəmişdi.

148 min manatlıq qrant vəsaiti ilə bağlı ittiham

İstintaqın iddiasına görə, Bəşir Süleymanlı ABŞ-nin Alman Marşal Fondundan (German Marshall Fund) və digər beynəlxalq təşkilatlardan sosial layihələrin həyata keçirilməsi üçün ayrılmış 148 min manatdan artıq qrant vəsaitini mənimsəyib.

İttiham tərəfi bildirir ki, o, fondun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli və digər şəxslərlə əlaqəyə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib, alınmış qrantlar barədə müvafiq dövlət qurumlarına məlumat verməyib.

Cinayət işinin materiallarında qrant vəsaitlərinin qeydiyyata alınmadığı, bu səbəbdən də həmin məbləğlərin qanunsuz gəlir kimi qiymətləndirildiyi göstərilir.

Bəşir Süleymanlı isə ittihamları qəbul etmir.

O, məhkəmə prosesində xarici donor təşkilatlarından vəsait alındığını təsdiqləsə də, bunun qanuni yollarla həyata keçirildiyini, bütün ödənişlərin bank hesabları vasitəsilə aparıldığını bildirib.

Hüquq müdafiəçisi məhkəmədə özünü təqsirli bilməyib və cinayət işini siyasi motivli hesab etdiyini söyləyib: “Bu, siyasi, qurama işdir”.

Müdafiə tərəfi də ittihamların əsassız olduğunu bildirərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəmişdi.

Bəşir Süleymanlı 2025-ci il martın 14-də Azərbaycanda qeyri-hökumət təşkilatlarının nümayəndələrinə qarşı başlanmış, ictimaiyyətdə “QHT işi” kimi tanınan cinayət işi çərçivəsində saxlanılıb.

İstintaq dövründə Süleymanlı həbsdə saxlanma şəraitindən və məhkəmə proseslərinin uzadılmasından dəfələrlə şikayət edib.

Bəşir Süleymanlı bundan əvvəl də həbs olunub

Bu, Bəşir Süleymanlının ilk həbsi deyil.

O, əvvəllər Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru olub. Təşkilat Azərbaycanda keçirilən seçkiləri müşahidə edir, seçki prosesində aşkarlanan pozuntularla bağlı hesabatlar hazırlayırdı.

2014-cü ilin mayında Bəşir Süleymanlı qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmin cinayət işi üzrə SMDT rəhbəri Anar Məmmədli də 5 il 6 ay həbs cəzası almışdı.

Süleymanlı o zaman da ittihamları qəbul etməmişdi. O, 2015-ci ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxmışdı.

“QHT işi” üzrə başqa hüquq müdafiəçiləri də həbs olunub

Bəşir Süleymanlının hazırkı həbsi 2014-cü ildə qeyri-hökumət təşkilatları ilə bağlı başlanmış və sonradan yenidən gündəmə gəlmiş cinayət işi ilə əlaqələndirilir.

2025-ci ilin martında bu iş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti nümayəndələri saxlanılıb. Onların arasında Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Alpay (Məmmədzadə), Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və hüquq müdafiəçisi Zamin Zəkiyev də var.

2026-cı ildə Asəf Əhmədov 8 il, Zamin Zəkiyev isə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən QHT nümayəndələri ittihamları qəbul etmir, fəaliyyətlərinin qanuni olduğunu bildirirlər.

Azərbaycan hakimiyyəti isə qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işlərinin qanun pozuntularının araşdırılması məqsədilə aparıldığını bəyan edir.

Ana səhifə ▸ Xəbərlər ▸ Hüquq müdafiəçisi Bəşir Süleymanlıya 7 il 6 ay həbs cəzası verilib