Hökmlərdən sonra

Onların əməlinin cavabı qınaq yox, yeni cinayət işləri olmalıdır…

Source:

Gözlənilməz deyildi. Nə “xanım qaynana”nın sərbəst buraxılması, nə də heç bir gün keçməmiş 8 gəncin ən maksimal müddətə həbs cəzasına məhkum edilməsi. Fərqlisinə köklənənlər əsassız optimistlərdir. Əsassız ümidlər isə mütləq əsassız bədbinlik gətirir.

Ağlaşma qurmağın, Albinoninin “Adajio”sunu zümzümə etməyin yeri deyil. Yetər ki, hər birimiz şüurlu şəkildə, ümidi bir kənara atıb, ancaq barışmayaraq hansı məmləkətdə yaşadığımızı birmərrə aydınlaşdıraq. “Əgər həqiqətlər çoxdursa və bir-birini inkar edirsə, yeni dili yaratmağa zərurət var” – Sent-Ekzüperi “öz “Qəsr” romanında yazırdı. Biz çoxdan hər kəsin öz vurma cədvəlinə malik olduğu ölkədə yaşayırıq. Pifaqor cədvəlinə qayıtmağın zamanıdır.

Yeni dil – yeni taktika deməkdir. Səninlə danışdıqları dili susdurmaq üçün. Arxi-vacib problem budur. Yoxsa sinfi şüuru çox güclü inkişaf etmiş əzənlərlə onların klounlardan ibarət müxalifətinin tandemi bizləri hələ çox bu cür məhkəmələrə düçar edəcək.

Son baş verənlər hansısa anaxronizm deyil, müstəqil Azərbaycanın tablosunun rəngidir: Qara və qara. Daha heç ağ və qaranın əvəzlənməsi də yoxdur. Bu isə dünən başlamayıb – 20 ildir eyni yolu gedirik. Sadəcə, bu dəfə kütləvi oldu və xronoloji cəhətdən 2 absurd üst-üstə düşdü.

Və bir də bu, ifrat sinizmin adiləşməsidir. Daha murdarlıqlara bəzək vurmurlar.

Daha nə? Arendtin yazdığı “Şərin banallığı”. Yəni, şərin muzdurları rolunda heç də anadəngəlmə psixi xəstələr, patoloji personajlar, yox, adidən adi – öz ailəsini, övladlarını, qohum və dostlarını sevən orta statistik şəxslər çıxış edirlər. Onlar Sistemə qulluğa girəndə artıq ədalət və mərhəmətin amputasiyanı razılaşıb – bu, üzvlüyün şərtidir. Əks halda giriş qadağandır.

“Dövrlər var ki, bütöv bir nəsil iki dövrün arasında qalıb əzilərək öz təbiiliyini, varisliyini, müdafiəsini və təmizliyini itirir!”, – Herman Hesse “Çöl canavarı”nda yazırdı. Biz həmin dövrə düşmüşük.

Hətta Hitler kommunist Dimitrovun üzərində məhkəmə qurub onu Reyxstaqı yandırmaqda ittiham edəndə Reyxstaqı doğrudan da odlamışdı. Müstəqil Azərbaycanda yanmayan Reyxstaqa görə məhkəmə qururlar.

Bu da hamısı deyil – “Nida”çıları “narkotik”, “xuliqanlıq” və “iğtişaşlara çağırış”da ittiham edirdilər. Üçüncüyə çağıran birinci nonsens deyilmi? 1970-ci illərin əvvəlində – İzabel Peronun prezidentliyində Argentinanı faktik idarə edən faşist, “ölüm eskadronları”nın yaradıcısı, “Qara cadugar” ləqəbli Xose Lopes Reqa deyirdi: “Biz narkotiklərin təsiri altında olan partizanları ələ keçirmişik. Partizanlar Argentinanın əsas narkomanlarıdır. Odur ki, narkotiklərə qarşı mübarizə avtomatik olaraq antipartizan kamaniyaya çevrilir”.

Görürsüz, Azərbaycan hakimiyyəti heç də orjinal deyil. Etirazçı kəsimdən stabil olaraq “aşkarlanan” narkotiklər “Qara cadugar”ın bizim ölkəmizdə gerçəkləşən taktikasıdır.

Nəhayət – bu hökmlər ictimai rəyin gücsüzlüyünü ələ salmaqdır. Yəni, “Noldu sənin Şura hökumətin?!”

***

Bu hökmlərdən öləri azərilər hansı nəticələri çıxarmalıdır?

Alber Kamyunun qeyd kitabçasından: “Buhenvalda yenicə gətirilmiş fransız onu qeydiyyata alan məhbus çinovnikdən dinlənilməsini xahiş edir: “Görürsüzmü, məsələ ondadır ki, mənim başıma gələnlər xüsusi haldır – mən heç nədə günahkar deyiləm”.

Qarışıqlıq və vicdansızlıq illərində nə əhəmiyyəti var kim günahkardır, kim günahsız. Dəyərsizlik dövrlərində müqəddəslə günahkarın, bitərəflə fəalın arasındakı fərq itir. Hamını potensial olaraq eyni qismət gözləyir.

Kamyudan sitatı niyə xatırlatdım? Elə oradakı çox adi həqiqəti bir daha yaddaşlara hopdurmaq üçün. Baxmayaraq ki, fərdlərə bu acı reallıqla barışmaq çətindir. Eynilə Stalinin repressiyası illərində həbs olunmayanlar inanırdı ki, həbs olunanlar və güllələnənlərin hamısı həqiqətən cinayətkardır. Əks halda onları tutmazdılar.

Eynilə “Biz hamımız Sokratın ölümündə günahkarıq” deyəndə hər kəs məhz özünü istisna sayır. Hamı günahkardır, ancaq onun özü – yox.

Ancaq repressiya aparatı işə düşəndə, onun çarxları günü gündən daha çox insan materialını üyütməyə çalışanda bu fərq itir. Harada ki dəyərlər yox olur, orada keyfiyyət fərqindən danışmaq olmaz.

Nasist Almaniyasında ilk “günahkarlar” həmkarlar təşkilatları və kommunistlər olanda, yerdə qalanlar sakitliklərini pozmadılar – axı günahsızdılar, kommunistlər isə görünür nəsə ediblər ki, indi də hesabını ödəyirlər. Sonra növbə sosial-demokratlara, yəhudilərə, qaraçılara, katoliklərə… çatdı. Və Hitlerin yuxuya verməyə bacardığı alman ictimai şüurunun oyanışına qədər artıq milyonlar ölüm və həbs düşərgələrində can vermişdi.

İndi bizdə həmin fenomen təkrarlanır. Siyasi və ictimai passiv olan, ölkənin və xalqın (deməli, özünün də) taleyinə biganə qalan azəri çoxluğu inanır ki, bu “Vaxtsızlıq illəri”ndən öz fiziki və psixi tamlığını saxlayaraq qurtula biləcək. Əcəb optimizmdir. Heyf ki əsassızdır.

İncidilmək, təqib olunmaq, taleyi sındırılmaq üçün fərddən heç bir protest ruh, aktiv narazılıq tələb olunmaya da bilər. Sadəcə Azərbaycan adlı məkanda yaşaması bəs edir ki, qara qismətdən qurtula bilməsin. Hamı eyni ehtimalla repressiya çarxının dişləri arasına düşə bilər. Heç kəs sığortalanmayıb. Bu çarx heç kəsə güzəştə getmir. Varlıya da, kasıba da; aktivə də, passivə də; çinovnikə də, bomja da…

Ancaq mürgülü şüur bunu qəbul etmir. Hazırda deqradasiya, böhran, dəyərsizlik hər yerdədir və bircə insan şüurunda onun dərki yoxdur. Bu dərkolunma gəlməyincə toplum cəhənnəmdə bişib buna da şükr etməkdə davam edəcək.

İstənilən yüksəliş ağıllardan başlayır. Buhenvaldda öz günahsızlığını sübut edə biləcəyinə ümid bəsləyən o əfəl fransızın ağlı gerçəkliyi qəbul etmirdi. Azəri ictimai şüuru da gerçəkliyi anlaya bilmir. Sanki pis yuxudadır və oyananda hər şey normal olacaq.

Olmayacaq. Bunu dərk etmək üçün Buhenvaldın qapısından keçməyə ehtiyac yoxdur. Çünki, o qapıdan giriş var, çıxış isə nəzərdə tutulmayıb…

***

Kimlərsə hələ də hakimləri insafa çağırmaqda, ictimai qınağa çəkməkdə, utandırmaqda davam edir. Bu sadəlövhlüklə qurtarmağın zamanı çoxdan gəlib çatmayıbmı?

Alber Kamyunun “Yad” əsərində ölüm hökmü çıxaran hakim, “Taun”da isə həmin hakimin oğlunun obrazları var. “Taun”dakı sirli Tarrunun dili ilə Kamyu oğulun atanın əməlinə münasibətini açıqlayıb. Oğul etiraz edərək evdən çıxıb gedir.

Orada söhbət ölüm hökmündən gedirdi (Kamyu bu cəzanın barışmaz əleyhdarı idi. Məsələn, “Gilyotina haqda düşüncələr” essesi). Üstəlik, ortada cinayət də vardı. Bakıda “Nidaçılar”a 6 ildən 8 ilədək həbs cəzaları çıxarıldı. Ortada isə heç bir cinayət yoxdu. Və fərq bunlarla da bitir.

Bitirmi? Bəlkə də yox. Çünki, biz hakim və ittihamçıların öz əməllərinə, onların övladlarının isə valideynlərinin əməllərinə reaksiyasını bilmirik. Bilmək isə çox maraqlı olardı.

1995-ci ildə ölüm hökmünə məhkum olunub dar ağacında asılmış Nigeriya həkim-yazıçı-hüquq müdafiəçisi Ken Saro-Viva öz cəlladları haqda yazırdı: “Onlar tarix hissini itirib”. Bizdə obıvatel üçün tarix onun öz ailəsinin ömründən uzağa getmir. Və görünür, bizdəki hökm sahibləri hətta bu “tarix”i də unudublar.

Hökmü hazırlayan, sifariş vrən və icra edənləri ictimai qınaqla qorxutmaq – əfəllikdir. Onlar üçün bu qınaq – boş bir səsdir. Onların əməlinin cavabı da bu qınaq yox, yeni cinayət işləri olmalıdır. Yəqin nə vaxtsa bu cür də olacaq. Ancaq onu da bilirəm ki, mifik ədalət – ziflərin sığınacaq və təsəlli yeridir.

Ancaq ən böyük dəhşət bu da deyil. Ən böyük dəhşət odur ki, bu tip əməllərlə karyera quranların, evinə çörək aparanların nə özləri, nə də övladları qarşısında əzab çəkdiyini görürük. Ponti Pilat sayağı, hökmdən sonra əllərini yumaqla işlərini bitirirlər. Onların övladlarından da yeni Tarru yetişməyəcək. Çünki, bütün dəhşətlərinə baxmayaraq, 20-ci əsr həm də elm, maarifçilik, dirəniş, mədəniyyət, ədalət və həmrəyliyin ölmədiyi əsr idi. Bunu 21-ci əsrin əvvəli üçün demək olmur.

Bu, ölkədəki mənəvi dəyərlərin maksimum təhrifinin, bəlkə də tam itməsinin təntənəsidir.

Görünür, şərin muzdurları indulgensiyaya bərk inandırılıblar.

***

Sol filosof Mişel Fuko məhkəmələrin təkamülündən danışanda vurğulayırdı: Əvvəllər münsiflər məhkəməsi vardı. Onun fəaliyyəti şikayətçinin və ittiham olunanın müraciətindən asılı idi. Yəni, o, tərəflər üçün istək, hakimlər üçün borc idi. O, daimi orqan deyildi və hakimlər məvacib almırdı.

Orta əsrlərdə indiki məhkəmələr formalaşmağa başladı. Həm də sırf istismar və gəlir aparatı kimi.

Əvvəllər bu məhkəmələr vergi instrumenti idi. Onun vasitəsilə feodal öz vassalının mülkiyyətini əlinə keçirirdi. Məhkəmələr gəlir mənbəyinə döndü. Daha əldə silah müharibə etməyə gərək yoxdu – məhkəmə torpağı vassaldan alıb feodala verir, hərbi qüvvə isə məhkəmədən sonra ola biləcək müqaviməti yatırırdı. Üstəlik məhkəmələr daimi orqan oldu, hüquqçular maaş almağa başladı.

Kapitalizmdə burjua bu feodal motivlərini yox etmədi, daha da təkmilləşdirdi. Məhkəmələr, polis və türmələr – bu 3 struktur əzənlərin əlində xalqı bölmək və Qiyamı boğmaq vasitəsinə çevrildi.

Bu tarixi rol hələ də oynanmaqdadır. Bataqlıqda özünü çox sakit hiss edən Azərbaycanda məhkəmələr həm vergi, həm repressiya, həm bölücülük, həm qorxutma, həm də istənilən etiraz dalğasının profilaktikası funksiyalarını özünəməxsus eybəcərliklər də qatmaqla davam etdirməkdədir.

Sinifli cəmiyyətlərdə məhkəmələr hakim sinfə xidmət edir. Bu isə o deməkdir ki, Sistem daxilində ədalətli məhkəmənin nonsens olduğunu birdəfəlik qəbul edin.

***

Bizim vəziyyətimiz mühasirə vəziyyətidir. Bu isə ekzistensiyanın üzə çıxmasını qaçılmaz edir. “Şərə qarşı ya vuruşurlar, ya da şər ilə əməkdaşlıq edirlər” – yenə də sevimli Kamyu yazırdı. Bu mübarizənin diapazonunu müəyyənləşdirməkdə isə hər kəs azaddır…

Ana səhifəMənim FikrimcəHökmlərdən sonra