Həbsdə olan jurnalist Polad Aslanov hicab qadağasına etiraz olaraq keçirdiyi aclıq aksiyasına görə 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza kamerasına salınıb. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova Meydan TV-yə məlumat verib.
Gülmirə Aslanovanın sözlərinə görə, oktyabrın 12-dən bəri həyat yoldaşından xəbər ala bilmir. O, hətta həbsxanaya gedərək müəssisə rəhbərliyi ilə telefon danışığına icazə verilməsini istəyib.
“Ötən həftənin birinci günündən bəri heç bir məlumatım yoxdur. Dünən həbsxanaya gedib, həyat yoldaşımla telefon danışığının bərpa olunmasını istədim. Çünki aclıq edən məhbus “karser”ə deyil, tibbi-sanitar hissəyə köçürülməli və həkim nəzarətində olmalıdır. Mənə bildirdilər ki, aclıq etdiyinə görə “karser”ə salınıb və telefon danışığına da buna görə qadağa qoyulub”, – Gülmirə Aslanova bildirib.
O, bu gün Ombudsman Aparatı və Penitensiar Xidmətlə yenidən əlaqə saxladığını deyib. Gülmirə Aslanova Ombudsman Aparatından Milli Preventiv Qrupunun həkim heyətinin Polad Aslanova baş çəkməsini, onun sağlamlıq vəziyyətini yoxlamasını istəyib.
“Şikayətimi qeydə alıblar, görək tədbir görəcəklərmi”, – o bildirib.
Gülmirə Aslanova oktyabrın 12-dən aclıq edən həyat yoldaşının vəziyyəti və aclıq aksiyasını davam etdirib-etdirməməsi barədə məlumat ala bilmədiyini bildirir.
Nazirlər Kabineti sentyabrın 21-də məktəbli geyimi ilə bağlı qaydalara dəyişiklik edib. Dəyişikliyə əsasən, şagirdlərin müəyyən olunmuş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəsinə yol verilmir.
Oktyabrın 6-da isə dövlət məktəblərində çalışan müəllimlərin geyimi ilə bağlı ayrıca tələblər təsdiqlənib.
Yeni qaydalar hicablı şagird və müəllimlər, eləcə də valideynlər arasında narazılıqlara səbəb olub. Bəzi məktəblərdə hicablı şagirdlərin dərslərə buraxılmadığına dair şikayətlər səsləndirilir.
“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.
13 il azadlıqdan məhrum edilən jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsilə “dövlətə xəyanətdə” təqsirli bilinib.
O, ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Polad Aslanov tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.