Oktyabrın 13-də hicab qadağasına qarşı etirazlarda iştirak etdiyi üçün saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mətanət Turan barəsində əvvəlcə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan qərar dəyişdirilərək onun barəsində iki aylıq həbs qətimkan tədbiri tətbiq edilib.
Bu barədə AXCP məlumat yayıb. Lakin Abşeron Rayon Prokurorluğunun apellyasiya protestindən sonra oktyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi qərarı dəyişdirib. AXCP-nin məlumatına görə, Mətanət Turan oktyabrın 13-də məktəblərdə hicablı şagird və müəllimlərin dərsə buraxılmamasına qarşı etirazlarla əlaqədar saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb. Məhkəmənin ev dustaqlığı barədə qərarına baxmayaraq, o, polis idarəsində saxlanılmağa davam edib.
Fəala Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə ittihamı irəli sürülüb. Maddədə üç ilədək azadlıqdan məhrumetmə ilə yanaşı, cərimə, azadlığın məhdudlaşdırılması və islah işləri kimi alternativ cəzalar da nəzərdə tutulur.
Mətanət Turanın həbsi ilə bağlı rəsmi qurumlar açıqlama verməyib.
Oktyabrın 12-dən etibarən Azərbaycanın müxtəlif məktəblərində hicablı şagird və müəllimlərin dərsə buraxılmaması etirazlara səbəb olub. Bir sıra məktəblərin qarşısında müəllim və şagirdlər dərsləri açıq havada keçirməklə buna etiraz ediblər.
Oktyabrın 13-də Daxili İşlər Nazirliyi etirazlarla əlaqədar 37 nəfərin saxlanıldığını açıqlayıb. Fəallar isə saxlanılanların sayının 200-dən çox olduğunu bildiriblər.