Aynur Elgünəşin böyrəyindəki daş böyüyüb, təcili əməliyyat olunmalıdır

Aynur Elgünəş- Foto: Chatgpt
Vəkilləri deyir ki, jurnalistin sinəsində də şişlər aşkarlanıb, o isə Müalicə Müəssisəsindəki şəraitə görə geri qayıtmaq istəyir

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhəti ilə bağlı yeni məlumatlar açıqlanıb.

Vəkillərinin məlumatına görə, müayinələr zamanı jurnalistin böyrəyində 18 millimetrlik daş aşkarlanıb və ona təcili əməliyyat tövsiyə edilib. Daha əvvəl daşın ölçüsünün 14 millimetr olduğu bildirilirdi.

Vəkillər həmçinin Aynur Elgünəşin sinəsində şişlərin aşkarlandığını deyirlər. Onun uşaqlığında da əvvəldən mövcud olan problemlərin olduğu, lakin bu istiqamətdə hələ müayinə aparılmadığı bildirilir.

Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan jurnalistin oradakı natəmizlik və şəraitsizlikdən narazı olduğu, bu səbəbdən Bakı İstintaq Təcridxanasına geri qayıtmaq istədiyi deyilir.

Vəkilləri Aynur Elgünəşin daha ətraflı müayinəsi və əməliyyatının başqa dövlət və ya özəl xəstəxanalardan birində aparılması üçün müraciətlər edirlər.

Aynur Elgünəş səhhətinin pisləşməsi səbəbindən oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Vəkil Zibeydə Sadıqova daha əvvəl jurnalistin səhhətində ciddi problemlərin olduğunu, onun indiyədək 17 dəfə əməliyyat keçirdiyini və həbs olunmazdan əvvəl də növbəti əməliyyata hazırlaşdığını bildirmişdi.

Jurnalistin yaxınlarının məlumatına görə, oktyabrın 14-də Bakı İstintaq Təcridxanasında onun vəziyyəti daha da pisləşmişdi. Arterial təzyiqinin yüksəldiyi, üzünün rənginin saraldığı, diafraqma nahiyəsində sıxılma və nəfəs almaqda çətinlik yaşadığı deyilirdi.

Aynur Elgünəş 2024-cü il dekabrın 6-dan həbsdədir. “Meydan TV işi” üzrə ümumilikdə 12 nəfər ittiham olunur. Onlara əsasən qaçaqmalçılıq və digər maddələrlə ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.

Ana səhifə ▸ Xəbərlər ▸ Aynur Elgünəşin böyrəyindəki daş böyüyüb, təcili əməliyyat olunmalıdır